Bioloji sistemlərdə baş verən struktur və funksional proseslərin fiziki, fiziki-kimyəvi mexanizmlərini araşdıran biofizika elminin tədrisi canlılar haqqında biliklərimizin daha da dərindən öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

 

Biofizikanın tədrisi tələbələrdə bioloji problemlərin həlli zamanı fiziki yanaşmalar və fiziki-kimyəvi metodların tətbiqi üsulları haqqında fikir formalaşdırır. Odur ki, bu sahədə dərsliklərin, dərs vəsaitlərinin və metodik göstərişlərin yazılması vacib şərtdir. Bakı Dövlət Universitetinin “Biofizika və molekulyar biologiya” kafedrasının müdiri, biologiya elmləri doktoru, professor R.Həsənovun redaktəsi ilə həmin kafedranın professor-müəllim heyəti tərəfindən təhsilin bakalavr pilləsinin tələbələri üçün yazılmış “Biofizika” dərsliyi bu baxımdan maraq doğurur.

 

Universitetin “bioloq” və “biologiya müəllimliyi” ixtisasları  üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulmuş dərslik biofizika elminin fundamental məsələlərini əks etdirir. Onun giriş hissəsində müəlliflər biofizikanın predmeti, bioloji elmlər sırasındakı yeri, bu elmin məqsəd və vəzifələri, həmçinin inkişaf mərhələləri haqqında məlumat veriblər.

 

Dərslikdə bioloji proseslərin kinetikası termodinamikası, molekulyar biofizika, embran proseslərinin biofizikası, kvant biofizikası, radiasiya biofizikası, ekoloji biofizika kimi mövzular öz əksini tapıb.

 

Dərsliyin “Bioloji proseslərin kinetikası” fəslində bioloji sistemlərdə baş verən reaksiyaların qanunauyğunluqları, sürətinin zamandan asılılığı mexanizmləri, molekulyarlığı, tərtibliliyi, bir neçə mərhələdən ibarət olan çevrilmə reaksiyalarının təyinedici mərhələsinin mahiyyəti şərh edilib. Bu bölmədə bioloji proseslərin kinetikası ilə kimyəvi reaksiyaların kinetikası arasında olan oxşar və  fərqli cəhətlər izah edilibdir.

 

Dərsliyin “Bioloji proseslərin termodinamikası” fəslində bioloji sistemlərdə enerji çevrilmələrinin qanunauyğunluqları izah edilib. Bu bölmədə termodinamikanın birinci və ikinci qanunları əsasında bioloji proseslərin termodinamikası verilib, termodinamikanın birinci qanunundan çıxan əsas müddəa - Hess qanunu, termodinamikanın ikinci qanununda işlədilən qradiyent, sərbəst enerji, entropiya anlayışlarının mahiyyəti izah edilib.

 

Üçüncü fəsldə vacib bioloji molekulların (zülallar, nuklein turşuları və s.) fiziki strukturlarını və onların orqnizmlərdə yerinə yetirdikləri funksiyalarla struktur əlaqələrini öyrənən “Molekulyar biofizika” bölməsi verilmişdir. Bu bölmədə bioloji makromolekulların qarşılıqlı təsirlərinin təbiəti və onların formaları haqqında məlumatlar yer almışdır.

 

Dərsliyin “Membran proseslərin biofizikası” adlı V fəsldə bioloji membranların strukturu, onların hüceyrə metabolizmində, maddələrin daşınmasında rolu geniş və ətraflı izah edilib. Maddələrin, ionların bioloji membranlarda aktiv və passiv  daşınması,  sinir impulslarının əmələ gəlməsi, bioloji membranların energetik və faza təminedici  və bioloji proseslərdə tənzimləyici rolu göstərilib.

 

Dərsliyin “Kvant biofizikası” bölməsində bioloji molekulların elektron quruluşu, onlarda elekton keçidləri, molekulların həycanlanma hallarında enerjinin digər enerji formalarına çevrilməsi prosesləri və bu proseslərin mexanizmi izah edilib.  Dərslikdə həmçinin işıqlanma zamanı  orqanizmlərdə baş verən fotofiziki, fotokimyəvi və fotobioloji effektlər - flüoressensiya və xemilüminessensiya kimi biofiziki hadisələr barədə məlumat verilib.

 

Dərsliyin “Radiasiya biofizikası” bölümündə isə ionlaşdırıcı şüaların növləri, bu şüalanmanın bioloji təsirinin molekulyar mexanizmi, ekspozisiya  və udulma pozisiya anlayışları,  makromolekullarda inaktivləşmə prosesinin təsir mexanizmi geniş izahı verilib. Bu bölmədə həmçinin radioaktiv şüaların canlılara təsir mexanizmi barədə müxtəlif nəzəriyyələr izah edilmiş, radioprotektorlar  və radiosensibilizatorlar haqqında məlumatlar yer alıb.

 

Dərsliyin son yeddinci fəslində ekoloji biofizikanın predmeti izah edilib. Göstərilib ki, ekoloji biofizika dedikdə ayrıca götürülmüş molekullardan başlayaraq hüceyrə və orqanizm, eləcə də daha mürəkkəb biolji sistemlərdə ətraf mühitlə qarşılıqlı təsir nəticəsində baş verən mürəkkəb dəyişikliklər nəzərdə tutulur. Bu bölmədə həmçinin canlı orqanizmlərin mühit amillərinə uyğunlaşma mexanizmləri, təbiətdəki texnogen çirklənmələr, onların tipləri, optik şüalanmanın, həmçinin səs - küyün bioloji təsiri barədə məlumat verilib .

 

Qeyd edək ki, yeni çapdan çıxmış “Biofizika” dərsliyi müasir tədris planına və proqramına uyğun Azərbaycan dilində yazılmış ilk dərslikdir.

 

İsmət Əhmədov,

Bakı Dövlət Universitetinin  Fizika fakültəsinin, Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, biologiya elmləri  üzrə fəlsəfə doktoru