Qusar məktəbliləri intellektual biliklərini sınaa çəkiblər


Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olan “Məktəbli eruditlər” region məktəblilərinin intellekt festivalı  adlı layihə çərçivəsində Qusar rayonunda məktəblilərin “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə seçim turniri keçirilib.

 

Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

 

Tədbirdə çıxış edən Qusar rayonu üzrə təhsil meneceri Kamran Əliyev bu kimi tədbirlərin şagirdlərin ictimai fəallığının artırılmasında, sosiallaşmasında, şəbəkələşməsində, eləcə də tədrisə maraq oyanmasında müstəsna əhəmiyyyəti olduğunu bildirib.

 

Rəsmi hissədən sonra yarışa start verilib.

 

Seçim turunda Qusar şəhər məktəbliləri ilə yanaşı, Qusar rayonunun Balaqusar, Urva, Xurel, Zindanmuruq kənd məktəblərinin şagirdləri də iştirak edib. Ümumilikdə 8 komanda tərkibində 48 şagirdin qatıldığı turnirdə qalib adını şəhər  1 nömrəli  tam orta məktəbin “Varlord” biliciləri tutub. Şəhər 3 nömrəli tam orta məktəbin “Tesla” komandası ikici, Balaqusar kənd tam orta məktəbinin “Kreativ” komandası isə üçüncü mükafata sahib olub. Yarışın əsasnaməsinə uyğun olaraq hər 3 komanda Quba şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

 

Noyabrın 15-dək davam edəcək layihə çərçivəsində Şabran və Quba rayonlarında da şagirdlərin iştirakı ilə intellektual turnirlər keçiriləcək və seçim turlarının mükafatçıları Quba şəhərində təşkil olunacaq final mərhələsində zona çempionunu müəyyən edəcək.

 

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə 1- qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.