Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun seminarında məlumat verilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti seminarı keçirilib. İnstitutdan verilən məlumata görə, seminarda “Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi müzakirə olunub. Dissertasiya işini təqdim edən  institutun böyük elmi işçisi Rəhilə Həsənova  elmi informasiyanın sürətlə artdığı bir dövrdə tədqiqatçının elmi əsərlərinin qiymətləndirilməsi, onların müxtəlif mükafatlarla təltif edilməsinin vacib məsələlərdən olduğunu bildirib.  Onun dediyinə görə, hər 10-15 ildən bir tədqiqatçıların və elmi məqalələrin sayı ikiqat artdığından, 1967-ci ildən etibarən elmin vəziyyətinin qiymətləndirilməsi üçün statistik göstəricilərlə yanaşı, bibliometrik göstəricilərdən də istifadə olunur.  Qeyd edilib ki, bibliometriyada mövcud qanunlar vasitəsilə verilmiş elm sahəsinə dair elmi jurnalların əsas hissəsinin təyin edilməsi (Bredford qanunu), istənilən elm sahəsində məqalələrin yayılma qanunauyğunluğunun öyrənilməsi (Lotka qanunu), axtarış sistemlərinin alqoritmlərinin hazırlanması, saytın axtarışının optimallaşdırılması (Zipf qanunu) və s. mümkündür. Elmi işin müəllifi, həmçinin, müasir dövrdə konkret elm sahəsinin müxtəlif regionlarda inkişafını qiymətləndirmək, elmi cəmiyyətlərin (ali təhsil müəssisələrinin) reytinqini təyin etmək üçün elmmetrik göstəricilərdən istifadə olunduğunu diqqətə çatdırıb.

 

Bildirib ki, işin məqsədi tədqiqatçının elmi fəaliyyətinin və elmi əsərlərin qiymətləndirilməsi üçün mövcud sistemlərin analizi, yeni metod və alqoritmlərin işlənilməsidir. Məruzəçinin sözlərinə görə, işdə elmmetriya, o cümlədən bibliometriya və vebometriyanın  müasir vəziyyəti öyrənilib və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslər analiz edilib, tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslər işlənilib, dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod təklif edilib, elmi jurnalların qiymətləndirilməsi üçün indekslər və elmi məqalələrin qiymətləndirilməsi üçün metod işlənilib.

 

Yusif ƏLİYEV