Oktyabrın 16-da Bakıdakı 61 nömrəli tam orta məktəbin futbol meydançasında Nizami rayonunun yeniyetmələri arasında məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib.

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda 1-ci yeri “Nizami” komandası, 2-ci yeri “Keşlə” komandası, 3-cü yeri “Neftçi” komandası tutublar. Tədbirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçiləri Salman Əbdülov, Səməd Səmədzadə, Rəhman Aslanov, Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural İsmayılov və digər  şəxslər iştirak ediblər. Çıxış edənlər futbolun inkişafında  uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirib, yarış iştirakçılarına gələcəkdə uğurlar arzulayıblar.

 

Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və medallarla təltif olunub.

 

Rəşad ZİYADOV