43 ali məktəb arasında keçirilmiş sorğuda UNEC qalib olub


Mektebgushesi.az təhsil portalının Azərbaycanın ali təhsil müəssisələri arasında “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” mövzusunda keçirdiyi sorğunun nəticələri açıqlanıb. Abituriyentlərin universitet seçimi dönəmində təşkil olunan sorğuda, əsasən valideyn və abituriyentlər iştirak edib. Ölkənin 43 ali təhsil müəssisəsinin təmsil olunduğu  sorğunun nəticələri 27.431 respondentin səsverməsinə uyğun müəyyənləşib. UNEC 8311 səslə “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyası üzrə keçirilən sorğunun birincisi olub.

 

Diplomun təqdimolunma mərasimində mektebgushesi.az təhsil portalının təsisçisi və baş redaktoru Məzahir  Məmmədli, təhsil üzrə ekspertlər professor Şahlar Əsgərov və Nadir İsrafilov iştirak edib.

 

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə təhsil ekspertləri universitetdə son illər həyata keçirilən yeniliklərdən bəhs ediblər. UNEC-in qısa zamanda ölkənin ən innovativ ali təhsil müəssisəsinə çevrildiyindən söz açan qonaqlar, bu nailiyyətlərin sorğunun nəticəsində də özünü göstərdiyini  vurğulayıblar.

 

Görüşdə M.Məmmədli sorğunun keçirilməsinin əsas məqsədinı açıqlayaraq, səsvermənin monitorinqi, ekspert rəyləri və nəticələr barədə ətraflı məlumat verib. “Hədəfimiz UNEC-i dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır” deyən Ə.Muradov bu istiqamətdə atılan addımların davam edəcəyini və qısa zamanda qarşıya qoyulan məqsədə nail olunacağına əminliyini ifadə edib. Rektor təhsilin inkişafına yönəlik sorğuların təşkilinə görə təhsil portalının rəhbərinə və təhsil ekspertlərinə təşəkkürüni bildirib.

 

Sonra sorğunun diplomu rektora təqdim olunub.