Qaflan Abbasov: “Qazandığım uğurlarıma görə müəllimlərimə borcluyam”


Bakıdakı 214 nömrəli məktəbin şagirdi Qaflan Abbasov 2-8 oktyabr tarixlərində İspaniya krallığının Coste de Sol şəhərində keçirilən uşaq və gənclərin “Tu onda” (Sənin dalğan) Beynəlxalq festivalında vətənimizi layiqincə təmsil edib. Qalib olmaq təcrübəsinə artıq çoxdan yiyələnən Qaflan bu yarışmada da yolunu səbirsizliklə gözləyənlərə hədsiz sevinc bəxş edib. Elə biz də yenicə yaşanan sevinc hisslərini bölüşmək üçün istedadlı yeniyetməmiz ilə görüşdük. Festival və istedad yarışmasında ona uğur qazandıran bütün məqamlar barədə xoş təəssüratlarını dinlədim. Qaflanı dinlədikcə bir vacib həqiqət ümidimə də, elə yazacağım yazıya da əsas motiv, əsas mövzu oldu. Yəni, şübhə yeri qalmır ki, insan bütün çətinlikləri adlaya bilər, bütün arzularını gerçəkləşdirə bilər, əgər onda əzmkarlıq, zəhmətsevərlik və prinsipiallıq varsa. Gəlin, Qatlanın özünü dinləyək və bu yolda qazandığı nailiyyətlərin ona bəxş etdiyi hədsiz sevinc hisslərini yaşadan əsas məqamlara nəzər yetirək.

 

Festivalda hər birimiz uğur qazandıq

 

-Üzvü olduğum 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində istedadlı uşaqlar çoxdur. Amma festivalda 4 nəfər iştirak edirdik. Dostlarım vokal, milli rəqs, müasir rəqs, bal rəqsi və moda mədəniyyəti nominasiyaları üzrə çıxışlarını nümayiş etdirdilər. Bizim hər bir çıxışımız iştirakçılarda xoş ovqat yaratdı. Festivalda mərkəzin gənc vokalçısı Nigar Rəhimovanın ifa etdiyi “O mio babbino caro” italyan mahnısı akademik vokal nominasiyası üzrə I, estrada nominasiyası üzrə III yerə layiq görüldü. “Azərbaycan ritmləri” rəqsi milli rəqs, Anastasiya Kşnyakina ilə nümayiş etdirdiyimiz “Cayf” rəqsi bal rəqsləri nominasiyaları üzrə birincilik qazandı.

 

Rüfətin çıxışı hamını heyran etdi

 

Moda mədəniyyəti nominasiyası üzrə Rüfət Məmmədovun podiumdakı çıxışı hamını heyran etdi. O, İspaniyanın məşhur və tanınmış modelyerinin hazırladığı geyimdə yüksək aktyorluq məharəti və professionallıq nümayiş etdirərək birincilik qazandı. Anastasiya Kşnyakina isə vokal nominasiyası üzrə “Bakının qızları” mahnısına görə festivalın laureatı adına layiq görüldü. Sevinirəm ki, festivaldakı çıxışlarımız münsiflər heyəti tərəfindən bəyənilib və gənc istedadlarımız Latviya, Litva, İsrail və Belarusda keçiriləcək festivallarda iştirak etmək üçün artıq dəvət alıblar.

 

Sevinirəm ki, onların sırasında idim

 

2018-ci ildə mərkəzin bədii kollektivi Moskvada keçirilən “Açıq Avropa - Açıq Planet” XV beynəlxalq uşaq və gənclərin yaradıcılıq festival-müsabiqəsində iştirak edtdi və qalib oldu. 14 ölkədən 1500 iştirakçının qatıldığı müsabiqədə ölkəmizi təmsil edən “Azəri inciləri” rəqs qrupu müsabiqənin xoreoqrafiya bölməsində “Milli rəqs” nominasiyası üzrə “Odlar yurdu Azərbaycan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında qurulmuş rəqslə çıxış etdi. “Estrada rəqsləri” nominasiyası üzrə isə “Bal rəqsləri” dərnəyi üzvlərinin ifasında bəstəkar Tofiq Quliyevin “Vals” və “Cayf” rəqsi nümayiş olundu. “Kosmos” konsert zalında keçirilən qala-konsertə müsabiqənin ən istedadlı kollektivləri qatılmışdılar. Sevinirəm ki, mən də onların sırasında idim. “Odlar yurdu Azərbaycan” və “Cayf” rəqsləri festivalın qalibi oldu. Mən və Anastasiya Kşnyakina medal və diplomla mükafatlandırıldıq.

 

Oxumağı, rəqs etməyi çox sevirəm

 

Yeri gəlmişkən qeyd edim ki, 5 yaşımdan mərkəzin “Bal” rəqsləri, “Milli rəqs”, “Azəri inciləri” rəqsləri qruplarının, “Çiçəyim” uşaq teatr studiyasının üzvüyəm. Oxumağı, rəqs etməyi çox sevirəm. Bal və milli rəqslərlə daha ciddi məşğul oluram. 2014-cü ildə “Trophu cup”, 2015-2016-cı illərdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirtdiyi yarışlarda dəfələrlə iştirak edərək I yeri qazandım. Üzərimə düşən obrazların məsuliyyətini başa düşdüyümdən səylə çalışıram. Eyni zamanda Novruz bayramına həsr olunan “Folklor-musiqi” müsabiqəsində “Əcnəbi rəqs kollektivi” nominasiyası üzrə I yerə layiq görüldüm. 2013-cü ildə Milli Konservatoriyada bal rəqsləri üzrə keçirilən müsabiqədə birincilik əldə edərək diplom və medala sahib oldum. Azərbaycan kuboku və idman rəqsləri üzrə keçirilən müsabiqələrdə həmişə I yerdə möhkəmlənmişəm. Rus və ingilis dillərində sərbəst danışıram. İdmanın taekvando növü ilə də məşğul oluram.

 

İdman rəqsləri üzrə də yüksək nəticə göstəririk

 

İdman rəqsləri üzrə “Azərbaycan birinciliyi”ndə yüksək nəticə göstərdik. Azərbaycan İdman Rəqsləri Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə idman rəqsləri üzrə “Azərbaycan birinciliyi” keçirilirdi. Mərkəzimizin “Bal rəqsləri” dərnəyinin üzvləri də həmin yarışlarda 3 nominasiya üzrə qələbə qazandı. Mən və Anastasiya Kşnyakina “Yuvenal 2”, Raul Əliyev və Darya Kşnyakina “Yuvenal 1” nominasiyaları üzrə I yeri tutduq.

 

Arzularım böyükdür

 

Qeyd edim ki, 2018-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Ölkəmizin rəqs çələngi” respublika uşaq rəqs festivalında fəal iştirakıma görə diplomla mükafatlandırıldım. Özümü şahmatda, rəsmdə də sınamışam. Hələ 11 yaşım var. Amma arzularım böyükdür. Böyüyəndə diplomat və ya həkim olmaq arzusu ilə yaşayıram. Bütün qazandığım uğurlara görə müəllimlərimə və valideynlərimə borcluyam. Onların sayəsində əldə etdiyim hər bir uğur məni yeni qələbələrə ruhlandırır.

 

...Həvəslə və bir az da emosional şəkildə özünün, eləcə də üzvü olduğu 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin fərdi, həm də kollektiv şəkildə qazandıqları uğurlar barədə Qatlanın öz dilindən eşitmək xoş olduğu qədər də qürurverici idi. Sizin də maraqlı həmsöhbətimin istedad və bacarığına heyran olacağınıza şübhə yeri qalmır. Şəxsən onu dinləyərkən ürəyimin dərinliyində bir həqiqət də öz təsdiqini tapdı. Erkən yaşlarından əmək vərdişlərinə yiyələnən şəxs sağlam və ağıllı olar. Bu, danılmaz həqiqətdir.

 

Sifai SƏFƏROVA