Tədbir universitetin 80 illik yubileyinə həsr olunub


Oktyabrın 19-da Gəncə Dövlət Universitetinin (GDU) 80 illik yubileyinə həsr olunan spartakiadanın açılış mərasimi keçirilib. Mərasimdə universitetin rektoru, professor Yusif Yusibov, Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin rəsisi Müşfiq Cəfərov, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və idmançılar iştirak ediblər.

 

Universitetin rektoru Yusif Yusibov idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik edərək bildirib ki, respublikamızda bədən tərbiyəsi və idmana  dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərib. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir.

 

Yusif Yusibov bildirib ki, ölkə universitetlərinin idman klubları arasında GDU-nun  idman klubu həm zəngin tarixinə, həm də uğurlarına görə xüsusi yer tutur. Klub daim universitet tələbələri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi spartakiadadır.

 

Rektor peşəkar idman müəllimlərinin və idmançıların yetişdirilməsi sahəsində GDU-nun İdman Klubunun rolundan, bu vaxta qədər klubun yetirmələrinin ölkəmizdə və beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışıb. Spartakiadanın ölkə idmanı üçün əhəmiyyəti vurğulanıb, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs olunub.

 

Gələn il Gəncənin Avropanın İdman Şəhərləri kimi beynəlxalq layihəyə ev sahibliyi edəcəyini deyən Müşfiq Cəfərov Azərbaycanda idmanın inkişafına öz töhfələrini verən GDU-nun idmançılarının bu layihə çərçivəsində təşkil olunacaq yarışlarda da qalib gələcəklərinə inamını ifadə edib.

 

Sonra idmançıların ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışları olub.

 

Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış ediblər.