Qonaqlara məşhur yaşıl Çin çayı təqdim olunub


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları II Beynəlxalq çay festivalında iştirak ediblər. Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibəti ilə təşkil edilən festivalda qonaqlar Çin çaydəmləmə mərasimində iştirak ediblər və onlara məşhur yaşıl Çin çayı təqdim olunub. Daha sonra Çin çaydəmləmə qaydaları haqqında film nümayiş olunub.

 

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin və Azərbaycan mətbəx ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. O, Azərbaycanın rəngarəng və özünəməxsus mətbəxini Çin ictimaiyyətinə təqdim etməyin Konfutsi İnstitutunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyib.

 

Tədbirdə Konfutsi İnstitutunun tələbələri və müəllimləri ənənəvi Çin mahnıları və bambuklu fleyta ifasında qədim Çin musiqisindən ibarət konsert proqramı ilə çıxış edib, eləcə də Çin mətbəxini təqdim edərək kulinariya tədbirlərində yaxından iştirak ediblər.