“Sabahın alimləri” VII Respublika müsabiqəsinin üçüncüsü Gülnur Bayramlı: “Uğur qazanacağıma ümid edərək müsabiqəyə qoşuldum”


Gülnur Bayramlı  Qax şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdidir. O, dərs əlaçısı olmaqla bərabər, həm   məktəb, rayon,  həm  də  respublika səviyyəli tədbirlərin fəal iştirakçısıdır. 2016-2017-ci tədris ilində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində III yerə layiq görülüb. IX sinifdən  respublika fənn olimpiadalarının fəal iştirakçısı olub. IX sinifdə biologiya fənni, X sinifdə kimya fənni üzrə respublika fənn olimpiadalarının finalçısı olub. Bu il də biologiya fənni üzrə yarımfinal turuna vəsiqə qazanıb. Bu tədris ilində o, “Sabahın alimləri” VII Respublika müsabiqəsində iştirak edərək kimya fənni üzrə III yerə layiq görülüb. Bu münasibətlə Gülnurla görüşüb həmsöhbət olduq.

 

- Gülnur, oxumağa, öyrənməyə həvəsin böyükdür, təəssüf ki, belə hisslərlə yaşayan həmyaşıdların o qədər də çox deyil. Bu haqda nə deyə bilərsən?

 

- Elm bitib tükənməyən bir xəzinədir. Bu xəzinəyə çoxları sahib olmaq istəyir. Lakin bu, hər bir insandan cəsarət, inam və zəhmət tələb edir. Mən də istərdim ki, bu xəzinənin açarını böyük zəhmət müqabilində də olsa əldə edim. Bu yolda qarşıma məqsəd qoydum. Bu gün bu məqsədim uğrunda çalışır, hər nə olursa-olsun istəyimə nail olmağa səy göstərirəm. Həmyaşıdlarıma da uğur əldə etməkçün birinci özünə güvən, özünə inam hissini formalaşdırmaqlarını məsləhət görərdim.

 

- İndi şagirdlərin əksəriyyəti vaxt azlığından şikayət edir, dərslərini oxuyub çatdırmadıqlarını  bəhanə edərək əlavə müsabiqələrdə, olimpiadalarda iştirak etməkdən boyun qaçırırlar. Səninçün vaxt azlığı problem deyil ki?

 

- Vaxt azlığı o insanlarda olur ki, onlar görüləcək işlərini qaydaya sala bilmirlər, planlı olaraq hərəkət etməyi bacarmırlar. Doğrudan da müasir dövrdə insanların, eləcə də şagirdlərin ən çox gileyləndiyi  vaxt çatışmazlığıdır. Amma mən vaxtımı düzgün bölməyi bacarıram. Buna görə də hər şeyə vaxt çatdıra bildiyimi düşünürəm.

 

- Çox müsabiqələrin iştirakçısı və qalibi olmusan. İştirak etdiyin müsabiqələrdən hansı yaddaşında daha dərin iz buraxıb?

 

- Hazırda XI sinif şagirdiyəm. Məktəbdə oxuduğum illər ərzində həyatımda yaddaqalan, qürur duyduğum günlər az olmayıb. Amma 2016-cı ilin may ayını həyatımın ən unudulmaz, ən əziz, böyük bir sevinc yaşadığım, daha doğrusu, ömür kitabına böyük hərflərlə yazılan bir günü kimi heç vaxt yaddan çıxarmayacağam. Çünki həmin gün mən “Ən yaxşı təqdimat” müsabiqəsinin iştirakçılarından biri kimi dünya şöhrətli siyasətçi, nadir tarixi şəxsiyyət, müasir Azərbaycan dövlətinin memarı, ümummilli  lider Heydər Əliyevin misilsiz xidmətlərini, xalqımız üçün müstəsna həyati əhəmiyyət kəsb edən titanik fəaliyyətini qısa zaman kəsiyində -10 dəqiqə ərzində işıqlandırmalı, qəlbimdən süzülən sözlərlə auditoriyanı ələ almalı, 10 nəfərdən- tanınmış şəxslərdən ibarət münsiflər heyətinin tələblərinə cavab verə biləcək bir tərzdə danışmalı idim. Mənim bu zaman keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Heydər Əliyev kimi böyük şəxsiyyət haqqında danışacağım üçün qürur duyur, həm də həyəcanlanırdım. Böyük bir arzu, qaliblər cərgəsində olmaq istəyi mənə cəsarət, sanki güc verdi. Bu istək mənim bütün varlığımı çulğamışdı. Məktəbin, müəllimlərimin etimadını doğrultmaq üçün məndə bir anda inam hissi yarandı, özümü əmin etdim ki, bu məsuliyyətli işin öhdəsindən gələcəyəm və uğur qazanacağam. Necə də ecazkar, necə də əlçatmaz bir hiss idi... Bu hissi ancaq onu yaşayanlar bilər. Və mən qarşıma qoyduğum məqsədə nail oldum.

 

- “Sabahın alimləri” VII Respublika müsabiqəsində kimya fənni üzrə III yerə layiq görülmüsən. Bu çox böyük bir uğurdur. Necə oldu ki, bu müsabiqəyə qoşulmaq qərarına gəldin?

 

- Bu müsabiqə mənim həmişə diqqətimi çəkən tədbirlərdən biri olub. Ümumiyyətlə, son illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərə yaradılan gözəl imkanlar çox yaşıdlarımı sevindirdiyi kimi məni də sevindirir. Və mən böyük inamla  uğur qazanacağıma ümid edərək bu müsabiqəyə qoşuldum. Ailəmin, müəllimlərimin və elmi rəhbərimin bu sahədə mənə güvənməyi məni daha da çox həvəsləndirdi.

 

- Bu müsabiqədə layihənin adı, məqsədi barədə bizə məlumat verə bilərsən?

 

- Layihəmizin adı “Keçid elementləri əsasında yeni metalkomplekslərinin sintezi və antimikrob xassələrinin öyrənilməsi” idi. Burda məqsədimiz materialı-neft və neft məhsullarını, yağlayıcı-soyuducu mayeləri biozədələnmədən mühafizə etmək üçün liqand və metalkomplekslərinin sintezidir. Paradimetilaminobenzaldehid və anilin əsasında alınmış liqand və metalkomplekslər yüksək funksid aktivliyə malikdir. Sintez etdiyimiz maddələr ilə petri kasasında təcrübə apararaq onların antioksidləşdirici və antimikrob xassələrini təsdiqləmişik. Həmin metalkomplekslər vasitəsi ilə tələb olunan yüksək texnoloji keyfiyyətlərə nail ola bilərik. Bu layihənin həyata keçirilməsində elmi rəhbərim  məlumatların toplanması və maddələrin sintezində mənə yaxından köməklik etmişdir. Layihədə zəhməti keçən hər kəsə təşəkkür edirəm.

 

- Maraqlıdır, bundan sonra qarşında daha hansı məqsədlərin var?

 

- Hazırda respublika fənn olimpiadalarının yarımfinal turuna səylə hazırlaşıram. İki il final turunda iştirakçı sertifikatı qazansam da, medala layiq yer tuta bilməmişəm. Bu il biologiya fənni üzrə respublika fənn olimpiadalarının qızıl medalçısı olmağı arzulayıram, bununçün bütün bilik və bacarığımı, gücümü sərf edəcəyəm. Təbii ki, ondan sonra isə arzum buraxılış imtahanlarını əla qiymətlərlə verib, arzuladığım ali məktəbin tələbəsi olmaqdır.

- Gülnur,  biz də arzu edirik ki, ürəyində olan bütün arzularını belə inamla, uğurla həyata keçirəsən. Gələcəkdə ölkəmizi layiqli vətəndaş kimi təmsil edəsən.

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi