2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulunun vaxtı açıqlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
 
O bildirib ki, sənəd qəbulu elektron qaydada 1 may tarixindən başlayacaq və 13 sentyabra qədər davam edəcək:
 
"Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə olan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək. Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin edir".