Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim, yeni nəsil displey ekranlar sahəsində tanınmış mühəndis, professor Xəlil Kələntərlə görüş keçirilib.

 

“Azərbaycan müəllimi” AMEA-ya istinadən xəbər verir ki, görüşdə Akademiyanın prezidenti akademik İsa Həbibbəyli, Milli Aviasiya Akademiyasının (MAA) prorektoru professor Xaqani Abdullayev, vaxtilə Yaponiyada fəaliyyət göstərmiş görkəmli jurnalist Vüqar Ağayev, eləcə də MAA-nın,  AMEA Rəyasət Heyətinin, Akademiyanın elmi müəssisə və təşkilatlarındakı elektron xidmətlər şöbələrinin əməkdaşları iştirak ediblər.

 

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli Akademiyadakı yeniləşmə hərəkatının gedişatından, dövlət başçısının və müasir dünya elminin çağırışlarına uyğun olaraq həyata keçirilən struktur islahatlarından danışıb. Həmçinin Akademiyada sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, alimlərin elektron resurslardan səmərəli istifadəsinin təmin olunması məqsədilə elektron xidmətlər sahəsində aparılan genişmiqyaslı islahatları diqqətə çatdırıb. Qısa müddətdə bu sahədə önəmli uğurların əldə edildiyini, AMEA-nın dövri elmi jurnallarına və alimlərimizin məqalələrinə DOİ identifikatorunun verildiyini, Akademiyanın elmi müəssisələrinin əməkdaşlarına “Vikipediya” təlimlərinin keçirildiyini, “Google Scholar”, ORCİD və digər akademik sosial şəbəkələrdə alimlərin yeni profillərinin yaradıldığını söyləyib.

 

AMEA rəhbəri geniş vüsət almış elektron hərəkatın daha da genişləndirilməsi məqsədilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə əməkdaşlıq müqaviləsinin imzalandığını, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin açıldığını bildirib, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırıb.

 

Akademik İ.Həbibbəyli AMEA ilə yüksək texnologiyalar üzrə əhəmiyyətli nəticələrə imza atmış Milli Aviasiya Akademiyası ilə də elmi əlaqələrin inkişaf etdirildiyini, tədqiqat və layihələrdə birgə iştirakın önəmini xüsusi vurğulayıb.

 

Sonra AMEA Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edib.

Şöbə müdiri Akademiyada elektronlaşma sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

 

Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntər isə apardığı elmi-tədqiqat işləri, qazandığı patent və mükafatlar, imza atdığı elmi yeniliklər haqqında danışıb. Azərbaycan alimləri, xüsusən də AMEA-da sahə mütəxəssisləri ilə birgə iş birliyinin yaradılmasından məmnunluğunu ifadə edib. Xəlil Kələntər AMEA və Milli Aviasiya Akademiyası ilə birgə müştərək layihələrin həyata keçirilməsinə maraq göstərdiyini, bilik və bacarığının yerli alimlərimizin işlərinin tətbiqində yardımçı olmaqdan şərəf duyduğunu bildirib.

 

Dünyaşöhrətli alim Xəlil Kələntər görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

 

Milli Aviasiya Akademiyasının prorektoru professor Xaqani Abdullayev elektronlaşma istiqamətində Azərbaycan Milli Elmlər Akademiyası ilə ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Bu sahədə xaricdə yaşayan həmvətənlərimizi də cəlb etməyin faydalı olacağını diqqətə çatdırıb.

 

Görüşdə rəqəmsal elektronlaşma, elektron kataloqların hazırlanması, elmi bazaların hazırkı vəziyyəti, elektron xidmətlərin təşkili, süni intellektin humanitar və ictimai elmlərə tətbiqi və s. məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.