Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” mövzusunda elmi seminar keçirilib.

 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov seminarda çıxış edib. O deyib ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Son illər ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı, ənənəvi enerji sistemlərindən istifadənin tədricən azaldılması ilə bağlı bir sıra işlər həyata keçirilir. Bu baxımdan hibrid enerji sistemlərindən istifadə xüsusi əhəmiyyətə malikdir. Hibrid sistem birdən çox enerji qaynağının istifadə edildiyi sistemlərə deyilir. Bu sistemlər bir çox fərqli, alternativ enerji qaynağını özündə birləşdirə bilər. Hibrid sistemlərdə külək, günəş, su, geotermal və s. enerji qaynaqlarının birlikdə istifadəsi ilə ilin bütün fəsillərində enerji istehsal etmək mümkündür. M. Süleymanov gənc tədqiqatçıları belə aktual mövzulara dair araşdırmalarda aktiv iştirak etməyə çağırıb.

 

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin  direktor müavini, Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri Mustafa Muradov gənclərin öz elmi, texniki layihələrini həyata keçirmələri üçün KOBİA və Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrindən yararlandıqlarını bildirib.

 

Sonra Nanoaraşdırmalar ETL-in kiçik elmi işçisi, KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 4-cü qrant müsabiqəsinin qalibi Orxan Güləhmədov yaşıl enerji mənbələri, qlobal enerji böhranı və onun həllində müasir trendlər, "Triboelektrik nanogeneratorlar əsasında hibrid formalı enerji sisteminin yaradılması və ağıllı bel çantasına inteqrasiya edilməsi" adlı layihə üzrə görülən işlər haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.