“Rəqəmsal texnologiyalar tədris və öyrənməni təkmilləşdirsə də, istifadəçilərin məxfiliyinə müdaxilə, öyrənmədən yayınma və kiber zorakılıq kimi risklər də təqdim edir”. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə UNESCO-nun yeni “Technology on her terms” adlı yeni  hesabatında qeyd olunur. Hesabat sosial medianın qızların rifahına, təhsilinə və karyera seçimlərinə mənfi təsirləri ilə gender stereotiplərini necə gücləndirdiyinə işıq salır.
 
Hesabatda bildirilir ki, uşaqların sosial həyatı getdikcə sosial şəbəkələrdə baş verir. Lakin çox vaxt alqoritmlərin idarə etdiyi platformalar mənfi gender normalarının təsirini gücləndirir. Bu platformaların hazırlanmasında etik mülahizələri nəzərə almaq lazımdır. Sosial şəbəkələr qadın və qızları təhsil və karyera istəklərini məhdudlaşdıran rollarla məhdudlaşdırmamalıdır.
 
Sosial şəbəkələr rifaha mənfi təsir göstərir 
 
Hesabatda xəbərdarlıq olunur ki, alqoritmlərə əsaslanan və təsvirlərə əsaslanan məzmun, xüsusilə sosial şəbəkələrdə, qızları seksual  məzmundan tutmuş qeyri-realist standartları məşhurlaşdıran videoçarxlara qədər müxtəlif materialların təsirinə məruz qoya bilər. Bu təsir xüsusilə qızların özünə hörmət imicinə mənfi zərər vura bilər. Bu da öz növbəsində qızların məktəbdə akademik uğurları üçün vacib olan psixi sağlamlığına və rifahına təsir edir. 
 
UNESCO hesabatında "Facebook"-un öz araşdırmalarına istinad edilir və yeniyetmə qızların 32%-i "İnstagram"a baxarkən və ya qısa və maraqlı videolarla xarakterizə olunan "TikTok"u izləyərlən pis hala düşdüklərini etiraf ediblər. Sosial şəbəkərdən ani məmnuniyyət hissi qızların konsentrasiya olunmaq və öyrənmə vərdişlərinə mənfi təsir təsir göstərə bilər. Bu da onların təhsil və dərsdənkənar tapşırıqlara davamlı konsentrasiyasını daha çətinləşdirə bilər.
 
Sənəddə vurğulanır ki, qızlar  oğlanlardan daha çox kiber zorakılığa məruz qalırlar. Orta hesabla, mövcud məlumatlara malik İƏİT ölkələrində 15 yaşlı qızların 12%-i, oğlanların 8%-i ilə müqayisədə kiber zorakılığa məruz qaldıqlarını bildiriblər. Bu vəziyyət, onlayn və sinif otaqlarında yayılan imic əsaslı cinsi məzmunun, süni intellekt tərəfindən yaradılan dərin saxtakarlığın və “özünün yaratdığı” açıq-saçıq görüntülərin artması ilə daha da mürəkkəbləşir. Hesabat üçün müsahibə verən bir neçə ölkədən qız tələbələr görmək istəmədikləri şəkillərə və ya videoların təsirinə məruz qaldıqlarını bildiriblər.
 
Nəticələr UNESCO-nun Rəqəmsal Platformaların İdarə Edilməsi üzrə Təlimatlarına uyğun olaraq təhsilə, o cümlədən media və informasiya savadlılığına daha çox investisiya qoyulmasının və rəqəmsal platformaların daha ağıllı tənzimlənməsinin vacibliyini nümayiş etdirir.
 
Mənfi gender stereotipləri qızların STEM istəklərini zəiflədir
 
Bütün bu amillər əks-əlaqə yaradır: qızlar sosial media tərəfindən gücləndirilən mənfi gender normalarına məruz qalır, kişi yönümlü peşələr  hesab edilən elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) fənlərini öyrənməkdən uzaqlaşdırılır və onları bu stereotiplərə məruz qoyan alətləri formalaşdırmaq imkanından məhrumdurlar. 
 
UNESCO-nun məlumatlarına görə, bütün dünyada STEM üzrə ali təhsil alanların yalnız 35%-ni qadınlar təşkil edir ki, bu da son 10 ildə dəyişməyib. Hesabat göstərir ki, davamlı qərəzli yanaşmalar qadınları STEM karyeralarını davam etdirməkdən çəkindirir və nəticədə bu texnologiya işçi qüvvəsində qadınların çatışmazlığı ilə nəticələnir. 
 
Elm, mühəndislik, informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışanların 25%-dən azını qadınlar təşkil edir. Onlar dünyanın aparıcı iqtisadiyyatlarında məlumat və süni intellekt sahəsində çalışan işçilərin yalnız 26%-ni, mühəndislik sahəsində 15%-ni və bulud hesablamalarında 12%-ni təşkil edir. Dünyada patent müraciətlərinin yalnız 17%-i qadınlar tərəfindən verilir. 
 
 Sübutlar göstərir ki, rəqəmsal transformasiyaya kişilər rəhbərlik edir. Ölkələrin 68%-nin STEM təhsilini dəstəkləmək üçün siyasətləri olmasına baxmayaraq, bu siyasətlərin yalnız yarısı xüsusi olaraq qızları və qadınları dəstəkləyir. Siyasət səyləri gənc qadınların STEM sahəsində karyera seçimlərini təşviq etmək üçün sosial media da daxil olmaqla, rol modellərini təşviq etməlidir.  Qızların STEM tədqiqatlarına çıxış imkanlarının yaxşılaşdırılması qadınların cəmiyyətlərimizin rəqəmsal transformasiyasında bərabər şərtlərlə iştirakını təmin etmək və həqiqətən inklüziv texnologiyaların dizaynını dəstəkləmək üçün açardır.
 
Oruc MUSTAFAYEV