Aprelin 25-26-da Vyana şəhərində Dünya Bankının təşkilatçılığı ilə “Hər kəs üçün keyfiyyətli təhsil: İnnovativ və sistemli yanaşma vasitəsilə keyfiyyətin artırılması” mövzusunda konfrans keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 12 ölkəni təmsil edən və bu sahədə fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının nümayəndələri məktəbəqədər təhsil sahəsində keyfiyyət sisteminin yaradılması, bu sahədə görülən işlər, çətinlikləri, təcrübələrini müzakirə etmək üçün bir araya gəlib.
 
Konfrans çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova təqdimatla çıxış edib.
 
 
O bildirib ki, məktəbəqədər təhsilin önəmliliyi, bu sahəyə yatırılan sərmayənin gələcəkdə daha çox təsirləri haqqında danışılır və müzakirə olunur. Bu baxımdan məktəbəqədər təhsilin əhatəliliyini artırmaqla yanaşı, bu təhsilin keyfiyyət aspekti də gündəmdədir.
 
Konfransda səslənən bəzi məqamlar aşağıdakılardır:
 
- Uşaqlar necə öyrənir?
 
a. Hərtərəfli yanaşma: hər şeydən, hər vaxt, eyni zamanda
b. Evristik yanaşma: təcrübələr edərək, cəhd edib səhvlər edərək
 
- Gələcəkdə iş bazarında uğur qazanmaq üçün bu gün uşaqlar akademik bilikdən daha çox bacarıqlar öyrənməlidir.
- Oyun əsaslı, layihə əsaslı öyrənmə, təcrübələr edərək öyrənmə təhsil prosesində uşaqlarda bu bacarıqların inkişafı üçün əsas yanaşmalardandır (Future of Jobs Report, 2023)
- Öyrənmə mühiti uşaqların 3-cü müəllimidir (Loris Malaguzzi, 1993).