"Əminik ki, "Qərbi Azərbaycana qayıdış" olimpiadası vasitəsilə şagirdlərimiz tariximizi daha mükəmməl öyrənəcəklər”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı Bakıdakı M.Müşfiq adına tam orta məktəbdə IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilk mərhələsi üçün keçirilən mediaturda iştirakı zamanı deyib.
 
O bildirib ki, olimpiada orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə ölkənin bütün regionlarında, hətta Qarabağın müxtəlif bölgələrində hazırda yaşayış bərpa olunmuş kənd və qəsəbələrdə də keçirilir. Həqiqətən də çox möhtəşəm bir layihədir:
 
"İnanıram ki, olimpiada davamlı olaraq hər il keçiriləcək. Bildiyiniz kimi son 200 ildə Qərbi Azərbaycanla, onun tarixinin öyrənilməsi ilə bağlı çox ciddi qadağalar, məhdudiyyətlər olub. Alimlərimiz çətinliklərlə üşləşiblər. Ancaq Azərbaycan müstəqil, 44 gün ərzində öz torpaqlarını işğaldan azad edə bilən güclü dövlətdir. Bütövlükdə Azərbaycan xalqı, Azərbaycan gəncliyi 44 günlük müharibədə bir oldu. 200 illik erməni iddiaları alt-üst oldu. Torpaqlarımız işğaldan azad olundu, Şuşa azad olundu. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edildi".
 
Millət vəkili əlavə edib ki, belə olimpiadalar vasitəsilə yetişməkdə olan gənclərimiz, gələcək nəsillər, elm, bilik tariximizə yiyələnməklə güclü silahlanmış olacaq. 
 
"Qərbi Azərbaycana qayıdış" kimi olimpiadaların keçirilməsi gənclərimizin vətənpərvər ruhda yetişmələri üçün önəmlidir. Şübhəsiz ki, belə tədbirlərin keçirilməsinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə borcluyuq. Ölkə başçısının 2022-ci il  24 dekabrda Qərbi Azərbaycan İcmasının açılışında Qərbi Azərbaycana qayıdışla bağlı tarixi bir çıxışı var. Ölkə baçşısı Qərbi Azərbaycanın Azərbaycanın ayrılmaz bir parçası olduğunu və Azərbaycan xalqının tarixən yaşadığı İrəvana, Zəngəzura, Göyçəyə qayıdışla bağlı öz mesajlarını verdi.  Təkcə Azərbaycan deyil, bütün dünyaya mesaj verdi. Bu istiqamətdə iki il ərzində çox böyük işlər görülüb və görülməkdədir. Mən bu olimpiadada bütün məktəblilərimizə uğurlar arzu edirəm.  Qərbi Azərbaycan icmasının nümayəndəsi olaraq olimpiadanın təşkil olunmasına görə, Elm və Təhsil Nazirliyinə, Təhsil İnstitutuna təşəkkür edirəm”. 
 
 
Oruc MUSTAFAYEV