Lənkəran Dövlət Universiteti (LDU) və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat və davamlı inkişaf” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransı giriş sözü ilə açan LDU rektorunun müşaviri, professor Mikayıl Məhərrəmov tədbirin qlobal problemə həsr olunduğunu deyib. O, bu istiqamətdə dünyada və Azərbaycanda görülən işlərdən söz açıb, LDU-da kadrların hazırlığı prosesində bu amilə xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.

 

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə mövzu ilə bağlı çıxışında gənclərin qarşısında duran məsələlərdən, bu istiqamətdə görüləcək işlərdən danışıb.

 

Elmi-praktik konfransda universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Gülbəniz Əliyeva “Davamlı inkişaf və yaşıl iqtisadi modelə keçid” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, hazırda yaşıl iqtisadiyyata keçid bütün dünyada böyük aktuallıq daşıyan çağırışlardan biridir və yaşıl iqtisadiyyatın əsas xüsusiyyətləri təbii resurslardan effektiv istifadə olunması, təbii kapitalın qorunub saxlanması və artırılması, çirklənmənin azalması, karbon tullantıları, ekosistem xidmətlərinin və biomüxtəlifliyin itirilməsinin qarşısının alınması, gəlirlərin və məşğulluğun səviyyəsinin yüksəldilməsidir.

 

Sonra İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri dosent Aytəkin Əfəndiyeva “Yaşıl iqtisadiyyata sinergetik yanaşma” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, qloballaşan dünyada insanların rifah səviyyəsinin artırılması və tələbatlarının ödənilməsində davamlılığın təmin olunması üçün iqtisadi, sosial və ekoloji aspektlərin hər birinin nəzərə alınması vacibdir.

 

Məruzələr ətrafında kafedranın dosentləri  Fərid Xankişiyev, Ülvi Quliyev çıxış ediblər. Bildiriblər ki,  ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.

 

Plenar iclasdan sonra konfrans işini “Azərbaycanda yaşıl iqtisadiyyatın inkişaf imkanları” adlı bölmə iclasında davam etdirib. Elmi-praktik konfransın işində LDU ilə yanaşı, ölkənin digər ali təhsil ocaqlarının da professor-müəllim heyəti, gənc tədqiqatçıları mövzu ilə bağlı tezislərlə çıxış ediblər.