Twitter-də saxta xəbərlər daha sürətlə yayılır


Fransanın “Le Figaro” qəzeti növbəti dəfə internetdə feyk (saxta) xəbərlər  mövzusunu araşdırıb. ABŞ-ın Massaçusets Universitetinin alimlərinin “Science” jurnalında dərc olunmuş son tədqiqatlarına əsasən, Twitter sosial şəbəkəsində səhih məlumatlardan daha çox feyk xəbərlər (fake news) yer alıb. Feyk xəbərlərin ABŞ və Avropada keçirilmiş seçkilərin nəticələrinə təsiri kontekstində Massaçusets Texnologiya İnstitutunun (MIT) məşhur laboratoriyasının üç tədqiqatçısı Twittere-də bütün xəbərlər axınını təhlil etməyə qərar verib. Onlar 2006-cı ildən (Twitter-in yarandığı tarixdən) 2017-ci ilə kimi bu sosial şəbəkədə yer almış 126 min qeydi təhlil ediblər. Bütün bu qeydlər qabaqcadan “Snopes” və “Factcheck”  kimi  KİV-də və ya sosial şəbəkələrdə istənilən nəşrin etibarlılığının səviyyəsini aşkar edən təşkilatlar tərəfindən yoxlanılıb. Bütün yoxlanılmış süjetlər etibarlılıq üzrə qiymətləndirilib və üç qrupa bölünüb: etibarlı xəbər, qeyri-dəqiq (təhrif edilmiş) xəbər və əsl feyk xəbərlər. Qəzetin qeyd etdiyi kimi, Twitter şirkəti alimlərə bütün zəruri məlumatları verməyə razılıq verib ki, bu da internet dünyasında nadir rast gəlinən hal hesab olunur. Ümumilikdə, alimlər 3 milyon insan tərəfindən şəbəkədə yerləşdirilən 4,5 milyon qeydi tədqiq ediblər. Alimlər bildirirlər ki, bu araşdırma hazırda sosial şəbəkələrin fəaliyyətinin tədqiqinə həsr olunmuş ən ciddi tədqiqatdır.

 

Tədqiqatın nəticələri qaneedici olmayıb: feyk məlumatlar Twitter-də səhih xəbərlərə nisbətən daha sürətlə yayılır.

 

Yaşından, peşəsindən və ya təhsil səviyyəsindən asılı olmayaraq sosial şəbəkə istifadəçiləri yalan xəbərlərə doğru xəbərlərə nisbətən 70% daha çox reaksiya bildirirlər. Burada psixoloji məqam da var: mötəbər olmayan, ancaq sensasiya doğuracaq şayiələri paylaşmaq dəqiq faktlarla nisbətən daha xoşdur. Və hətta əgər feyk xəbər nifrət və ya qəzəbə səbəb olarsa, onun darıxdırıcı və ya ölçülüb-biçilmiş nəşrlərə nisbətən yayılma şansı daha çox olacaq. Bu prinsip əsasında da feyk xəbərləri yayan “botlar” sistemi yaradılıb, onların məqsədi isə daha konkret hədəfə - ictimai rəyə təsir etməkdir. Məsələn,  ABŞ-da keçirilmiş seçkilər buna misaldır. Massaçusets alimləri Hillari Klintonda psixi xəstəliyin aşkar edilməsi haqqında feyk xəbərin hansı sürətlə yayılmasını hesablayıblar. “Botlar”ın göndərdiyi başqa bir feykə görə, ABŞ prezidenti Barak Obama Ağ evdə partlayış vaxtı yaralanıb. Bu ona gətirib çıxardı ki, “Wall Street” birjasında səhmlər 130 milyard dollar həcmində qiymətdən düşüb.

 

Öz tədqiqatlarında alimlər yazırlar ki, sosial şəbəkələrdən istifadənin ən yüksək  həddi 2012 və 2016-cı illərdə ABŞ-da seçkilər dövrünə təsadüf edib. Məhz bu dövrdə maksimum sayda feyk xəbər yayılıb. “Science” jurnalında təqdim edilmiş qrafikdə göstərilir ki, siyasi mövzularda feyk xəbərlər terror aktları, təbii qəzalar və s. barədə yalan xəbərlərə nisbətən daha çox yayılır.

 

Məlum olduğu kimi, Fransada prezident Emmanuel Makron seçki kampaniyaları dövründə feyk xəbərlərin yayılmasına nəzarət etmək arzusunu ifadə edib. “Lakin amerikalı alimlərin tədqiqatı göstərib ki, bunu etmək praktik olaraq mümkün deyil”, - deyə “Le Figaro” yazır. Onların  hesablamalarına görə, üç gün ərzində  səhih məlumatlar Twitter-də zəncir üzrə 10-11 insan tərəfindən yayılırsa, feyk xəbərlər iki dəfə daha çox yayılır. Feykləri hesablamaq və onların yayılmasının  qarşısını almaq üçün iki-üç gün vaxt tələb olunur. Başqa sözlə, informasiya yoxlanılana qədər artıq bədxahlıq “öz hədəfinə çatacaq”.

 

Sonda “Le Figaro” qəzeti qeyd edir ki, Tvitter, eləcə də başqa sosial şəbəkələr KİV deyil və onlar şəbəkədə yerləşdirilmiş xəbərlərin yoxlanması üzrə heç bir öhdəliyə tabe olmurlar. Buna görə də istifadəçilər razılaşmalıdırlar ki, şayiələrin və təbliğatın qurbanı ola bilərlər.

 

Daha ətraflı science. sciencemag.org/content/359/6380/1146.full səhifəsindən məlumat almaq olar.

 

Oruc MUSTAFAYEV