Uşaqların qidalanma məsələsi diqqət mərkəzindədir


Gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi, sağlam və savadlı vətəndaş kimi formalaşdırılması cəmiyyət olaraq qarşımızda duran ən vacib məsələlərdəndir. Sağlam qidalanma elə sağlam gələcəyin təməlidir. Son illərdə ölkəmizdə qida təhlükəsizliyinə nəzarət işini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, müvafiq qaydalara daha dəqiq əməl olunmasını təmin etmək məqsədilə sistemli işlər görülür. Bu gün dünyanın bütün sivil ölkələrində olduğu kimi, Azərbaycanda da qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, istehsalın bütün mərhələlərinə nəzarət həyata keçirilir.

 

Bu baxımdan gələcəyimiz olan uşaqların necə qidalanması məsələsi daha çox gündəmə gəlir. Ailədə bu məsələyə valideynlər birbaşa nəzarət etsə də, məktəbəqədər müəssisələrdə, ümumi təhsil müəssisələrində və ali məktəblərdə uşaq, yeniyetmə və gənclərin düzgün qidalanmasına necə nəzarət olunduğu maraq doğurur. Məsələnin aktuallığını nəzərə alaraq, daha geniş kontingenti əhatə edən sahə kimi ümumi təhsil müəssisələrində bu istiqamətdə mövcud olan vəziyyətlə maraqlandıq.

 

Vəziyyətlə yerində tanış olmaq üçün paytaxtın bir neçə ümumi təhsil müəssisəsində olduq, bu sahəyə nəzarət edən rəsmi qurumların fəaliyyətinin müvafiq istiqamətlərinə dair məlumatlar aldıq.

 

“Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır”, - deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirdilər.

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu işdə uzun müddət təcrübəsi olan hüquqi və fiziki şəxslər ilə bağlanan birbaşa müqavilələr əsasında təhsil müəssisələrində iaşə xidməti göstərilir. Məktəb bufet və yeməkxanalarının fəaliyyətinə görə bağlanmış müvafiq müqavilə çərçivəsində iaşə xidməti göstərən müəssisələr məsuliyyət daşıyır. Bununla belə, məktəb bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir.

 

Təhsil müəssisələrində iaşə xidmətinin təşkilinə nəzarət edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir, nəticələr təhlil olunur və ehtiyac olduğu halda zəruri tədbirlər görülür.

 

Məktəbdə satışı qadağan olunmuş hər hansı məhsulun bufetdə olmamasına ciddi nəzarət edilir. Odur ki, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsullara təsadüf edilmir. Bu məsələdə müvafiq qaydaların tələbləri əsas götürülməklə, məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir.

 

Bəzən səhv təəssürat yaradılır ki, tort, paxlava, qoğal, şirniyyatlar, pizza, dönər, cipsi, meyvə suları, kolbasa, bulka, suxarı, su kimi məhsulların ümumi təhsil müəssisələrinin bufetlərində satışı qadağandır. Əslində bu, belə deyil. “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nda icazə verilməyən məhsulların siyahısına bu qidalar daxil edilməyib. Həmçinin, bufetdə satılan məhsulların hər birinin müvafiq uyğunluq sertifikatı mövcuddur. Məktəblərdə yalnız tərkibində krem olan tort, dönər, kola, enerji içkiləri, cipsi və digər qidaların satılması yasaqdır.

 

Bir məsələni də nəzərə çatdıraq ki, məktəb bufetlərinə verilən qidalar və yeməklər bütün məktəblərdə eyni deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur. Məktəb bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər.

 

Düzgün qidalanma və sanitar-gigiyenik qaydalarla bağlı məktəblilər arasında müvafiq maarifləndirmə və təbliğat işləri də diqqət mərkəzində saxlanılır. Paytaxt məktəblərində bu istiqamətdə davamlı proqram və layihələr reallaşdırılır, seminar, aylıq, görüş və müzakirələr keçirilir.

 

Bu kimi proqram və layihələrin əsas məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, ekoloji sağlam qidadan istifadə vərdişlərinin aşılanması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

 

Həyata keçirilən tədbirlər çərçivəsində məktəblilərə videoçarxlar nümayiş olunur, kitabçalar paylanır, onları  maraqlandıran suallar cavablandırılır.

 

Son illərdə ölkəmizdə dövlət tərəfindən yeni inşa olunmuş və ya əsaslı təmir edilmiş 3000-dən artıq təhsil müəssisəsində iaşə xidməti səviyyəsi də yüksəlib, məktəblilər daha rahat və müvafiq standartlara uyğun şəraitlə təmin olnub. Bu prosesin sürəti və coğrafi əhatəsi nikbinlik üçün əsas verir...

 

Sadalananlar deməyə imkan ki, yaxın gələcəkdə ümumi təhsil müəssisələrində iaşə xidmətinin təşkili ilə bağlı qarşıda duran hədəflərə və standartlara çatmaq mümkün olacaq. Bu, təkcə qidalanma məsələsi deyil, eyni zamanda keyfiyyətli təhsil, səmərəli məktəb mühiti və ümumilikdə, sağlam gələcək üçün önəmlidir.

 

Samirə KƏRİMOVA