Səxavət Tağıyev: “Bu peşənin həyat yoluma gətirdiyi ucalıq ən böyük mükafatdır”


İmişli rayonunda iş sferasını yaxşı bilən, dövlətin təhsil siyasətini öz fəaliyyətində reallaşdırmağı bacaran məktəb rəhbərləri çoxdur. Onlardan biri də Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbin direktoru Tağıyev Səxavət Feyruz oğludur. Onun rəhbərlik etdiyi məktəbin qabaqcıl iş təcrübəsi dəfələrlə təhsil şöbəsi və Təhsil Nazirliyi tərəfindən öyrənilərək yayılıb. S.Tağıyev təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu günlərdə Səxavət müəllimlə həmsöhbət olub, bəzi suallarımızı cavablandırmağı  ondan xahiş etdik.

 

- Səxavət müəllim, 37 ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz. İlk olaraq bu peşə ilə bağlı fikirlərinizi bilmək istərdik.

 

- Müəllimlik şərəfli bir peşədir. Qürur  duyuram ki, ömrümü - günümü bu şərəfli yolda “xərcləmişəm”. İllər geri dönsə, həyatda təkrar peşə seçmək imkanım olsa, yenə də müəllimlik peşəsini seçərəm. Bu şərəfli peşənin mənim həyat yoluma gətirdiyi ucalıq ən böyük mükafatımdır.

 

- Təhsilmizdə gedən yeniləşmə və müasir məktəb modeli barədə düşüncələrinizi bizimlə bölüşmək maraqlı olar.

 

- Yeniləşmə zamanın tələbidir. Bu gün dünənimizin, sabah bu günümüzün nöqsan və çatışmazlıqlarını görməsək, düzəltməsək, inkişafa nail ola bilmərik. Nə yaxşı ki, Təhsil Nazirliyi təhsilin bütün istiqamətlərində uğurlu islahatlar həyata keçirir. Müəllimlərin İşə Qəbulu (MİQ) bu gün uğurlara aparan yolun  ən başlıcasıdır, çünki pedaqoji kadrların seçilməsi və yerləşdirilməsi ədalətli həllini tapmasa, təhsildə heç nəyə nail olmaq mümkün deyil.

 

Hazırda bir neçə il əvvəllərlə müqayisədə pedaqoji kadrların yeniləşdirilməsində şəffaflığın, demokratikliyin şahidi oluruq. Açığı, bu uğurlu kadr siyasəti sayəsində məktəblərimiz ona yük ola biləcək müəllimlərdən  təmizlənməkdədir. Yeni gələn kadrlar savadı, istedadı və intellekti ilə seçilirlər. Yetər ki, dövlət proqramı çərçivəsində onlara qayğı və diqqəti hər bir məktəb rəhbəri ön planda saxlasın. Bu mühüm dövlət islahatı  müəllimlərin əməyini stimullaşdırdı, əməkhaqqı artımı və eyni zamanda, müəllimlərin dərs yükünün tənzimlənməsi üçün məktəb rəhbərlərinə bir istiqamət verdi. Məktəblərdə çalışan və müəllimlik peşəsinə yeni qəbul olunan müəllimlərin gücü bilinir, onlar layiqli yerini tutur. Ən önəmlisi odur ki, bu islahatlara qara yaxmaq, aşağılatmaq istəyənlərə bəhanə yeri qalmır. Direktor təyinatının yeni formatda aparılması da tamamilə düzgündür. Seçimdə uğur qazanan namizədlər məktəb direktoru təyin olunurlar. Kimlərinsə müdaxilə etməsi mümkün olmur.

 

Müasir məktəb modelinə gəlincə, onu demək istəyirəm ki, məktəblərimizin  idarə olunması üçün kifayət qədər dünya standartları səviyyəsində hüquqi - normativ sənədlər qəbul olunmuş, maddi - texniki baza yaxşılaşdırılmış, kadr potensialı yeni istiqamətlərə cavab verə biləcək şəkildə müasirləşmiş, ictimai şüurda məktəbə münasibət “məktəb bizim evimizdir” səviyyəsində dəyişmişdir. Öyrədənin öyrənənə şəxsiyyətyönümlü münasibəti hər cür amirliyi inkar edir. Əlverişli iş şəraiti, məktəb-müəllim münasibətləri, kollektivdəki sağlam mənəvi-psixoloji mühit və ictimai baxışlar müasir məktəb modeli üçün əsas amillərdir. İstər təhsildə aparılan islahatlarda, istərsə də müasir məktəb modelində məktəb rəhbərinin rolu və yeri əvəzolunmazdır. Rəhbərin şəxsi nümunəsi, elmi - pedaqoji savadı, idarəetmə bacarığı olmadan heç nəyə nail olmaq mümkün deyil. Uğurlu ənənəsi olan məktəblərin diaqnostikası göstərir ki, həmin məktəblərin direktorları hər şeydən əvvəl liderlik missiyasına da malikdirlər. Məktəb direktoru cəmiyyətin, təhsilin ən aparıcı şəxslərindən biri, şəxsiyyəti və lideri olmalıdır.

 

- Məktəb direktorunun metodiki vəsaitlər müəllifi olması onun pedaqoji yaradıcılığına bir istinaddır. Bəlkə, metodiki vəsaitləriniz barədə danışasınız?

 

- Müşahdə etmişdim ki, məktəb rəhbərləri, müəllimlər və məktəb işçiləri illik fəaliyyət planları hazırlayarkən bir-birinə müraciət edir, köməklik istəyirlər. Bunu nəzərə alaraq bir neçə il bundan öncə məktəb üçün lazım olan bütün istiqamətlər üzrə fəaliyyət planlarını öz məktəbimizin timsalında hazırladım. Məktəbin, onun pedaqoji şurasının, məktəb və sinif rəhbərlərinin, fənn metodbirləşmələrinin və istedadlı uşaqlarla işin təşkilini əhatə edən “Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi” adlı həmin metodik vəsait İmişli və Beyləqan rayon təhsil şöbələrinin metodik kabinetlərində müzakirə olunub bəyənildikdən sonra kitab halında nəşr olundu. Təhsil Nazirliyi və ölkənin təhsil ictimaiyyəti həmin metodik vəsaiti yüksək dəyərləndirdi. Qeyd edim ki, həmin metodik vəsaiti təmənnasız olaraq təhsil şöbələrinin metodik kabinetlərinə istifadə üçün göndərdik.

 

- Siz həm də fəal ədəbiyyat insanısınız. AYB-nin Aran bölməsi üzrə məsul katibisiniz. Ədəbi fəaliyyətinizlə pedaqoji işiniz bir-birinə mane olmurmu?

 

- Yox. Əksinə, onlar bir-birini tamamlayır. Mənim üçün onları paralel aparmaq hər iki sahəyə yaradıcı yanaşmağıma köməklik edir. Ədəbi yaradıcılıq müsabiqələrinə qatılıram. “Qarabağ düşüncələri”, “Gecikmiş məktub”, “Şərqin bülbülü” və “Ana fəryadı” adlı ədəbi-bədii kitabların müəllifiyəm. Kitablar da insanlar kimidir. Hərəsinin öz tale yükü, tutumu və reytinqi olur. Hər kitabım mənim üçün şagirdlərim qədər əzizdir, doğmadır və ömrümün bir parçasıdır.

 

- “Təhsildə keyfiyyət ili” çərçivəsində nə demək istərdiniz?

 

- Təhsilimiz artıq inkişaf yolundadır. “Keyfiyyət ili” çərçivəsində çalışırıq ki, hər bir şagirdimizə dərin və keyfiyyətli bilik verək. Odur ki, məktəbdə hər bir müəllimin, məktəb işçisinin vəzifə funksiyası çərçivəsində gördüyü işlərin reytinq cədvəlini tərtib etmişik. Son nəticəyə ümidliyik. Rəhbərlik etdiyim pedaqoji kollektivin gücünə inanıram. İnam daha böyük qələbələrdən xəbər verir. Sağlıq olsun!

 

- Səxavət müəllim, çox sağ olun! Tezliklə 60 yaşınız tamam olacaq. Sizi yubiley yaşı münasibəti ilə əvvəlcədən təbrik edir, cansağlığı, pedaqoji və ədəbi-bədii sahədə uğurlar arzulayırıq.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi