Martın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Multimedia Mərkəzində “Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə tədqiqatın nəticələri təqdim olunub və nəticələrə əsasən hazırlanmış təkliflərin ilkin verisyaları müzakirə edilib. “Dəyirmi masa”da layihədə iştirak edən və ona töhfə verən qurumların-Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər idarə və təşkilatların nümayəndələri iştirak edib.

 

“Dəyirmi masa”nı AMAK-ın sosial proqramlar şöbəsinin rəhbəri Vəfa Hüseynli açaraq layihənin nəticələri haqqında təqdimatla çıxış edib. Bildirib ki, “Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) İctimai Birliyi 2017-ci ildə Bakı və Gəncə şəhərlərində əlilliyi olan şəxslərin nəqliyyat-yol infrastukturunda üzləşdiyi çətinlikləri müəyyənləşdirmək məqsədilə adıçəkilən layihənin tədqiqatını həyata keçirmişdir. Tədqiqatın nəticələrinin qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, müyəssər nəqliyyatın olmaması əlilliyi olan şəxslərin cəmiyyətin həyatında fəal iştirakı üçün bir sıra fiziki və psixoloji maneələr yaradır ki, bu da insanların iş yerlərinə, təhsil müəssisələrinə getməsi, eləcə də ictimai-mədəni tədbirlərdə iştirakını, mövcud sosial və tibbi xidmətlərdən istifadəsini məhdudlaşdırır. V.Hüseynli onu da qeyd edib ki, əlilliyi olan şəxslərin cəmiyyətdə üzləşdiyi maneələr onların, həmçinin, sosial, siyasi və iqtisadi hüquqlarının təmin edilməsini çətinləşdirir: “Tədqiqatlar göstərir ki, binalar, ictimai nəqliyyat, keçidlər, işıqforlar, yol infrastrukturlarının keyfiyyətinin standartlara uyğun olmaması əlilliyi olan şəxslər üçün çətinliklər yaradır. Nəticədə əlilliyi olan şəxslərin özünəinam hissləri aşağı düşür, cəmiyyətdə onlara qarşı yanlış fikirlər formalaşır” V.Hüseynli diqqətə çatdırıb ki, AMAK tədqiqat zamanı müəyyən edilmiş çətinliklərin aradan götürülməsi və ya qarşısının alınması üçün aidiyyatı hökumət qurumlarına təqdim etmək məqsədilə təkliflər toplusu hazırlayıb.

 

Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Mais Ağayev əlilliyi olan insanların ictimai nəqliyyatdan istifadə etməsi üçün qurum tərəfindən bir çox addımlar atıldığını və bu məsələnin daim diqqətdə olduğunu deyib. Paytaxtda fəaliyyət göstərən “Bakubus” avtobuslarında əlilliyi olan insanların nəqliyyata minib-düşməsi üçün şərait olduğunu və gələcəkdə bu avtobusların sayının artması nəticəsində problemin böyük bir ölçüdə aradan qalxacağını diqqətə çatdırıb. Digər məsələlərə də toxunan M.Ağayev cəmiyyətdə əlillərə qarşı olan münasibətin dəyişilməsini və bu işdə KİV vasitələrinin dəstəyinə böyük ehtiyac olduğunu da qeyd edib.

 

Tədbirdə digər çıxış edənlər məsələ ilə bağlı bir çox problemlərin olduğunu və bu problemlərin aradan qaldırılması istiqamətində maarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacibliyini bildirib.

 

Çıxışlardan sonra “dəyirmi masa”da AMAK tərəfindən hazırlanan təkliflər toplusu geniş müzakirə olunub.

 

Niyazi RƏHİMOV