Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli  xüsusi internat məktəbində  Novruz şənliyi keçirilib.

 

Tədbiri açan internat məktəbin direktoru Umnisə Nəcəfbəyova uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Təhsil müəssisəsində uşaqların təhsili,  müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını söyləyən direktor həmçinin qeyd edib ki, burada təhsil alan 189 şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim və 28 tərbiyəçi məşğul olur. Məktəbdə ümumtəhsil fənlərindən əlavə tədris edilən “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, “Mimika və daktioloji iş” kimi dərslər  fərdi şəkildə müəllim-loqoped tərəfindən aparılır.

 

Gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışan direktor ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sağlamlıq imkanları məhdud  uşaqları daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.

 

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi üçün yeni tədris binası tikilib və 2015-ci ildə istifadəyə verilib. Bina müasir dizayna malikdir. Məktəbdə şagirdlər üçün dərnəklər və onların peşəyönümlü təlimi üçün emalatxanalar (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) fəaliyyət göstərir. Həmçinin təhsil müəssisəsində tam təchiz edilmiş biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, müasir idman və akt zalı, trenajor zalı, ritmika otağı var.

 

Tədbirdə iştirak edən Təhsil Nazirliyi  De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyaclarının olduğunu bildirib və bu sahədə qayğı göstərən xeyirxah insanların əməllərini yüksək dəyərləndirib.

 

Sonra internat məktəbinin şagirdləri maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirib, şeirlər söyləyib, kosa, keçəl və bahar  qızı ilə birgə rəqs edib və mahnılar ifa ediblər.

 

Rəşad ZİYADOV