Dəyişən təhsilə indidən uyğunlaşmayan gecikəcək


2017-ci ilin sonlarında Rusiyanın aparıcı bankları 3 min nəfərədək hüquqşünası ixtisar etmək barədə qərar qəbul etdi. Qərara dünyada tüğyan edən maliyyə böhranı təsir etməmiş deyildi, ancaq əsas səbəb başqa idi: banklarda və iri maliyyə institutlarında hüquqşünasların gördüyü işlərin böyük əksəriyyətini süni intellekt etməyə başlayıb - xüsusi alqoritmlərlə. Yapon əsilli amerikalı futuroloq Mitio Kaku da hesab edir ki, yaxın illərdə tarixə qovuşacaq ixtisaslar sırasında ön cərgədə məhz hüquqşünaslar dayanır.

 

Mitio Kaku kimdir?

 

2013-cü ildə “New York Times” qəzeti Kakunu Nyu-York şəhərinin ən ağıllı sakinlərindən biri elan edib. Yapon əsilli fizik “qara dəliklər” və kainatın genişlənməsinin sürətlənməsi proseslərinə dair araşdırmalarla yadda qalıb, “Simlər nəzəriyyəsi”nin müəllifidir. Alim 8 bestseller kitaba müəlliflik edib, BBC və “Discovery” kanallarında verilişləri var.

 

Kaku dünyaca məşhur fizika müəllimidir, Nyu-York Universitetində dərs deyir, aktiv formada dünyanı gəzir və müxtəlif ölkələrdə mühazirələrlə çıxış edir.

 

Yaddaşa ehtiyac qalmayacaq

 

M.Kaku özünün “Gələcəyin fizikası” kitabında yazır ki, tezliklə təhsil internet-texnologiyalar və “GoogleGlass” tipli qadjetlərə “köçəcək”. Onun fikrincə, belə bir təhsildə yaddaşa ehtiyac qalmayacaq. Tezliklə “GoogleGlas” eynəkləri və ümumiyyətlə, kompüterdə olan bütün məlumatlar kiçik linzalara yerləşdiriləcək. İnsanlar onlara lazım olan bütün məlumatları bu linzalardan əldə edə biləcəklər. Artıq mövcud olan əlavə edilmiş reallıq eynəklərinin belə funksiyaları var. Ona görə də yaxın illərdə məktəblilər və tələbələr onları maraqlandıran məlumatların əldə edilməsi üçün internetə girməyə ehtiyac duymayacaqlar: “Gözünüzü açıb-bağlamağınız kifayət edəcək - lazımi informasiya linzalar vasitəsilə sizin olacaq. Bu, bir tərəfdən imkan verəcək ki, beyinlər artıq informasiya ilə yüklənməsin, onsuz da onların əksəriyyəti sonrakı həyatda heç kimə lazım olmur. Digər tərəfdən, boşalmış zehni ehtiyat düşünmək, analiz etmək, arqumentləşdirmək və nəticədə düzgün qərar vermək istiqamətində istifadə olunacaq”.

 

Kakunun öncəgörməsinə əsasən, bu proses onunla nəticələnəcək ki, müəllimlərə ya ehtiyac olmayacaq, ya da indiki qədər zərurət duyulmayacaq. “İnsanlar daha sərbəst olacaqlar, onların “nəzarət edən orqan”a ehtiyacı olmayacaq. Özləri özlərinə təhsil verəcək, özləri də müəyyən edəcəklər ki, onlara hansı qəbildən informasiya ehtiyacdır. Yox, əgər məsləhət lazım olacaqsa, onu misal üçün, “ağıllı divar”dan ala biləcəklər. Təəccüblənməyin, yaxın vaxtlarda süni intellekt üzərində fəaliyyət göstərəcək belə qurğular hər yerdə mövcud olacaq - mənzillərdə, ofislərdə, küçələrdə. Divara yaxınlaşıb soruşmağınız kifayət edəcək: Mən biologiya professoru ilə danışmaq istəyirəm. Elə bu andaca divarda həmin o professoru görəcəksiniz və o sizi maraqlandıran bütün sualları cavablandıracaq. Belə texnologiyalar tək təhsildə deyil, həm də tibb, hüquq, dizayn, psixologiya sahələrində də olacaq. Düzdür, real mütəxəssislərsiz mümkün olmayacaq, məsələn, cərrah olacaq, ancaq sadə tibbi problemlər virtual yolla həllini tapacaq”.

 

Universitet onlayn-kurslarının mövcudluğunu Kaku “əla ideya” hesab edir. Onun sözlərinə görə, yaxın 50 ilin təhsili məhz bu ideya üzərində təşəkkül tapacaq. İndiki universitetlər qalacaq, ancaq əsas etibarilə virtual fəaliyyətdə olacaqlar. Kim ki, ənənəvi təhsil ocaqlarına müraciət edəcək, onun barəsində belə deyəcəklər: “O, öz təhsilini özü təşkil edə bilmədi”.

 

Diplomlar yoxa çıxacaq

 

M.Kaku hesab edir ki, yaxın gələcəkdə təhsil hər hansı vaxt və ərazi məhdudiyyəti ilə çərçivələnməyəcəyindən diplomlara da ehtiyac qalmayacaq. Çox güman ki, xüsusi sertifikatlaşdırma mərkəzləri fəaliyyətdə olacaq. Mütəxəssislər belə mərkəzlərdə imtahanlar verəcəklər və nəticələrə əsasən ya hansısa vəzifəni əldə edəcəklər, ya da əksinə. İstisna deyil ki, zamanla xüsusi ballar şkalası tətbiq olunmağa başlayacaq ki, bu sistemə əsasən insanın cəmiyyətdəki yeri müəyyən ediləcək. Artıq ABŞ, Yaponiya, Kanada, Avropanın bir sıra ölkələrində portfolio sistemi aktualdır. Vətəndaş diplomlar, sertifikatlar, arayışlarını toplayıb işəgötürənə təqdim edir və iş alır. Gələcəkdə intellektual baqaj təhsildə əsas amilə çevriləcək.

 

Bəs, gələcəkdə uğurlu insan olmaq üçün nə etmək lazımdır? Yapon fizik düşünür ki, ilk növbədə robotlar üçün yad olacaq cəhətləri inkişaf etdirmək lazımdır: kreativlik, təsəvvür, təşəbbüs, liderlik xüsusiyyətləri. “Cəmiyyət tədricən məhsul iqtisadiyyatından intellektual-yaradıcı iqtisadiyyata keçir. Toni Bler deyirdi ki, İngiltərənin rok-n-rolldan olacaq gəlirləri mədənlərdən əldə etdiklərindən çox olacaq. Ona görə də gələcəkdə o ölkələr uğur qazanacaq ki, məhsul bazarları ilə koqnitiv-kreativ potensialı arasında tarazlıq yarada biləcəklər. O xalqlar ki, tək kənd təsərrüfatına bel bağlayıblar, onlar kasıbçılığa məhkumdurlar” - deyə Kaku söyləyir.

 

M.Kaku düşünür ki, gələcəkdə ən gəlirli sahələr biotexnologiya, nanotexnologiya və süni intellekt olacaq. Onun fikrincə, tək təhsil deyil, həm də iş sistemi dəyişir. Tezliklə fabriklərdə insan qalmayacaq, ancaq intellektual sferada çoxlu iş yeri açılacaq. Ən əsası, vaxtlı-vaxtında qərar qəbul edib dəyişməkdir: “İnsanların əksəriyyətinin problemi odur ki, inertdilər, kütləyə baxmadan heç nə edə bilmirlər. Uğur qazanmaq istəyirsinizsə, edəcəyiniz ilk iş bu olmalıdır - digərlərinə oxşamamaqdan qorxmayın, öz həyatınızın məsuliyyətini üzərinizə götürün, təlaşlanmayın ki, hər şeyi dəyişirsiniz və yeni yolla gedirsiniz”.

 

M. Kaku deyir ki, yaxın gələcəkdə həyatımızda elektrik cərəyanı hansı rolu oynayırsa, internet də eyni mahiyyət kəsb edəcək: “Yüz il bundan əvvəl elektrik enerjisi möcüzə idi. İndi hamımızın başı qarışıb smartfona, heç yadımıza düşmür ki, bu elektrik enerjisi axı hardandır? Bunu adi qəbul edirik. Yerdə ot, ağac bizim üçün nədirsə, elektrik enerjisi də odur. Yaxın zamanlarda internet də belə olacaq. Xırda çiplər saqqızdan ucuz satılacaq. Ətrafımızda nə varsa hamısı qlobal şəbəkəyə çıxışa malik olacaq. Biz vahid intellektual mühitdə yaşayacağıq. İnsanlar sanki sehrbaz olacaqlar: daima cansız materiya ilə ünsiyyət quracaq, jestlərlə, səslə əşyalara göstərişlər verəcəklər ki, onu et, bunu et”.

 

Təbii ki, cəmiyyət dəyişəcək. Çünki hər bir fərdin zehni və şəxsiyyəti rəqəmsallaşacaq. Kaku proqnozlaşdırır ki, kompüterlər bizim beynimizdə olan məlumatları köçürüb iri kitabxanalarda saxlayacaq və lazım olarsa, bu informasiyanı digər beyinlərə köçürəcək. Hazırda Massaçusets Texnoloji İnstitutunda bu qəbildən araşdırma aparılır. Bu baş verəndən sonra istehlak münasibətləri də dəyişəcək, çünki bir nəfər digərinin nə istədiyini onun “beyninə girməklə” öyrənə biləcək və ona ehtiyac duyduğunu satacaq. İnsan hətta müəyyən mənada ölməz olacaq. Bir nəfərin beynində olan bütün məlumatlar toplanacaq və bunun əsasında rəqəmsal şəxsiyyət yaradılacaq. O isə heç vaxt ölməyəcək.

 

Maliyyə böhranı, yoxsa qeyri-effektiv təhsil?

 

Hazırda dünyada həyat şərtlərini diqtə edən maliyyə böhranı yüzminlərlə insanı işsiz qoyub. Bu reallıq tək böhrandan qidalanır, yoxsa qeyri-effektiv təhsilin də günahı var? Kaku hesab edir ki, hazırda mövcud olan təhsil sistemi keçmişin mütəxəssislərini hazırlayır. Biz onlara təhsil veririk ki, artıq mövcud olmayan işlərə getsinlər, elə intellektual alətlərlə təmin edirik ki, çoxdandır effektiv deyillər. Ona görə də dünyada işsizlərin faiz göstəricisi yüksəkdir: “Axı biznes sahibi belə məzunları niyə işə götürməlidir? Nə lazımi savadları var, nə təcrübələri. Nəticə ondan ibarətdir ki, dünyanın aparıcı şirkətlərinin əksəriyyətində 50-60 yaşlılar ağalıq edir. Ona görə də təhsil sferasının mütəxəssisləri kardinal şəkildə tədris proqramlarını nəzərdən keçirirlər. Burada ilk növbədə təbiət elmlərinə önəm vermək lazımdır, çünki gələcəyin texnologiyaları ilə birbaşa əlaqəlidirlər”.

 

Bu halda belə bir sual meydana gəlir: axı insanların heç də hamısı intellektual əməyə meyilli deyil. Bu halda robotların əhatəsində onlar necə baş çıxaracaqlar? M.Kakunun qənaətinə görə, süni intellekt insanı tam şəkildə əvəz etməyə qadir deyil. Düzdür, elə vaxt gələcək ki, robot insandan ağıllı olacaq, ancaq yenə də tam əvəz edə bilməyəcək: “Bizim maşınların qarşısında təsəvvür etmədiyimiz qədər üstünlüyümüz var. Məsələn, robotlarda obrazlı düşüncə yoxdur. Onların təsəvvürü, intuisiyaları yoxdur. Ona görə də bağbanların, tikinti, fiziki əmək sahiblərinin işləri yaxşı olacaq, çünki onlar qərarların avtomatik yerinə yetirilməsi ilə məşğul deyillər, müxtəlif mərhələlərə fərqli yaradıcı yanaşma tələb olunur. Mən sizə “fəhlə” deyərkən proqramlaşdırma, veb-dizayn, 3D-layihələndirməni nəzərdə tuturam. İnsan hansı sahədə işləyir işləsin, onun yaradıcı yanaşması olmalıdır, dəyişən mühitdən tez baş çıxara bilməli, intuisiyasını inkişaf etdirməlidir”.

 

Qəzetimizin ötən saylarında gələcəyin peşələri barədə məlumatlar vermişik. M.Kakunun sözlərinə görə, qarşısıalınmaz inkişaf nəticəsində ilk növbədə vasitəçi peşələr sıradan çıxacaq. Məsələn, texniki yeniliklər imkan verəcək ki, aşağı ixtisaslı həkimlərə ehtiyac olmasın. “Əgər siz özünüzü nasaz hiss etsəniz, yataqdan durmadan virtual həkim-robota müraciət edəcəksiniz və simptomlarınız barədə danışacaqsınız. Heç bir yerə getmək lazım deyil, heç düyməyə də basmağa ehtiyac yoxdur: robot özü sizə lazımi sualları verəcək: haranız ağrıyır, necə ağrıdır və s. Sonra o, eyni simptomlu xəstələrə dair iri məlumatlar bazasından çıxış edərək sizin diaqnozunuzu qoyacaq. Belə robotlar hətta bəzi analizləri də götürə biləcəklər. Məsələn, infraqırmızı kamera vasitəsilə hərarətinizi ölçəcəklər. Odur ki, yalnız ağır xəstəliklər zamanı insan-həkimin köməyinə müraciət edəcəyik. Biz demək olar ki, gün ərzində robot-həkimə daha çox müraciət edəcəyik, nəinki əl-üzümüzü yuyacağıq. Süni intellektə əsaslanan bu kəşflər tibbi ciddi inkişaf etdirəcək, insanların həyatı uzanacaq” - deyə alim düşünür.

 

Gələcək Mitio Kakunun gözü ilə

 

M.Kakunun yüzlərlə futuroloji proqnozları özünü doğruldub. Bəs o, gələcək haqqında daha nələri gözləyir?

 

1. 2027-ci ildə bir insan beynindən məlumatları digər beynə, yaxud internetə köçürmək mümkün olacaq. Bu, internetin “breyn-net”ə, yəni “beyin şəbəkəsi”nə çevrilməsilə nəticələnəck.

 

2. 2029-cu ildə robotlar bütün sahələrdə insanlardan ağıllı olacaqlar, ancaq bundan qorxmaq lazım deyil. Kaku hesab edir ki, robotların intellekti “həşərat intellektidir”, yəni konkret və lazım olan məsələlərin həllinə yönəlib.

 

3. 2040-cı ildə nanotexnologiyalar imkan verəcək ki, proqramlaşdırılmış materiyadan əşyalar düzəldilsin. Bu əşyalar sahibinin istəyinə uyğun olaraq formasını dəyişə biləcək.

 

4. 2050-2060-cı illərdə Marsda məskunlaşmaya start veriləcək: özəl şirkətlər yaşayış məskənləri yaradacaqlar və oraların sakinləri Yerin köməyi olmadan yaşaya biləcəklər.

 

5. 100 ildən sonra Yer kürəsində ümumdünya hökuməti mövcud olacaq, dövlət orqanları müştərək fəaliyyət göstərəcəklər, onların qərarları milli hökumətlərin qərarlarından üstün hesab ediləcək.

 

Rüstəm QARAXANLI

 

Bölmənin digər xəbərləri