Pedaqoji etüd


Tarixin müəllimlik missiyası

 

Müasir dünyanın təhsil məkanında hər şey dəyişir. Qlobal dünyanın sərt tələbləri ümumiləşmələrin, daha çox bütövləşmələrə gətirib çıxaran yanaşmaların baş verməsini nizamlayır. Məktəbin, təhsilin  yeni görsənişlərindən söhbət açılır. Onun bu günün ölçüləri ilə müqayisədə daha sürətlə dəyişməsindən bəhs olunur.

 

Bu, doğrudan da belədir. İnsanın formalaşdığı təhsil mühitində ən qiymətli hesab edilən inkişaf və onun işartılarıdır. Bunlar insanın özü qədər dəyərlidir.Təhsil mühitində bu işartılar çoxaldıqca, parıldayaraq güclü işıq selinə çevrildikcə əsl mənasında mənəviyyat mənbəyi yaranır. İnsanlar ona daha çox inanmağa, etimad bəsləməyə başlayırlar. Həm də bu bənzərsiz təhsil mühitinin özəlliklərindən danışmaqla ona pərəstiş edir, sonsuz inam göstərirlər.

 

Günbəgün və anbaan daha da artan bu inkişaf selində yalnız müəllimlik missiyası dəyişmir. Tarixin müəllimlik missiyası. O missiya ki, həmişə özünün planlı, ardıcıl və sistemli fəaliyyətində müqəddəs elm və təhsil bucağından süzülüb gələn xeyirxahlığa söykənir. O xeyirxahlığa ki,  milli əxlaqı, yüksək mədəniyyəti, iti məntiqi, nəhayət, kreativ yanaşmaları formalaşdırır, onları insan övladının varlığına, daxilindəki yenilməz bir gücə, qüvvətə çevirir.

 

Müəllimin qüdsiyyəti

 

Hər kəsin yaddaşında qalan məşhur bir xatirə var: “Bizim dövrümüzdə elə bilirdik ki, müəllim yemək yemir”. Bu fikrin yalnız bir anlamı var: müəllim mənəvi varlıqdır, paklıq və təmizlik simvoludur. Qüdsiyyəti onun şəxsiyyətinin yaraşığıdır. Onu ideallaşdıran,  bənzərsiz edən də elə budur.

 

Hər kəs həyatın gözəllik və yaşam fəlsəfəsini müəllimdən öyrənir. Ona hörmət, ehtiram və məhəbbət bəsləyir.

 

Cəmiyyətin fövqündə dayanan müəllimin fəaliyyət missiyasında daha çox insanı cəmiyyət, millət üçün formalaşdırmaq, inkişaf etdirmək dayanır. Bu, müəllim adı daşıyan hər bir bəşər övladının insanlıq qarşısında olan borcudur. Tarix boyu müqəddəs insanlar, dahi şəxsiyyətlər müəllimlərindən hörmət və ehtiramla  danışıblar. Heç kim müəllimindən qınaqla danışmağı fəxarət hesab etməyib. Əksinə, müəlliminin qüdsiyyətini, münasibətlərini xatırlamağı şərəf və ləyaqət sayıb. Lakin bu gün bəşəriyyətin  paklıq və təmizlik simvoluna çevrildiyi müəllim haqqında xoş olmayan, onu övladlarımızın gözündə, cəmiyyətimizin nəzərində nüfuzdan salan, aşağılayan fikirlər söyləməyə başlamışıq. Hələ bu azmış kimi  onları müxtəlif mətbuat orqanlarında, sosial şəbəkələrdə paylaşırıq. Bu təsadüfləri kütləviləşdirməkdən, cəmiyyətin fövqünə qaldırmaqdan, pafoslu çıxışların obyektinə çevirməkdən çəkinmirik. Axı biz müəllimlik adına yaraşmayan təsadüfi məqamları xarakterik hal kimi kütləviləşdirməklə nə etmək istəyirik? Doğrudanmı, bu yanaşmamızda haqlıyıq? Doğrudanmı, belə təsadüfi insanların hərəkətlərinə görə onun özü yox, müəllim adı, müəllimlik peşəsi qınaq obyektinə çevrilməlidir? Kimdir cavabdeh? Ayrı-ayrı  belə təsadüfi insanlarmı, yoxsa müəllim adı, müəllimlikmi? Biz müxtəlif mətbu orqanlarında, mediada özümüzün şəxsiyyətimizi qabartmaqla cəmiyyətdə  heç nə qazanmırıq. İtirdiklərimiz isə çoxdur: uşaqlarımızın müəllimlərinə və müəllimliyə olan inamı, məhəbbəti, etiqadı, özündən böyüyə olan hörməti, oxumaq, öyrənmək, təhsil almaq şövqünün azalması… Ən başlıcası isə müəllim adının, müəllimlik şərəfinin bu gün üçün nəsillərimizin təlim və tərbiyəsində daha çox lazım olan imici.

 

Müəllimin səxavəti

 

Müqəddəslərin dediyi kimi, bilmək  deyil, onu başqalarına çatdırmaq,  öyrətmək əsas şərtdir. Müəllim fəaliyyətinin mahiyyətində də belə bir yanaşma tərzi dayanır. Onlar heç bir təmənna olmadan pay verirlər. Bununla da mənəvi dünyalarını rahatlayır, özləri üçün bir xeyirxahlıq çələngi hörürlər. Ömrünü dərs dedikləri şagirdlərinin həyatına həsr edirlər. Bunu özlərinin zövq mənbəyinə, yaşam tərzinə çevirirlər. Tədris prosesinin harmoniyasında sakitlik tapırlar. Şagirdlərinin uğurlarından sevinir,  fəxarət hissi keçirirlər.

 

Müəllimin qəlb evi bir səxavət məkanıdır. Oradan gələn xeyirxahlıq heç bir göstəriş tanımır. Övladlarımızın mənəvi aləminin, inkişafının, gələcək həyatının təminatçısına çevrilir. Biz bütün hallarda müəllimlərimizə və müəllimliyə borcluyuq. Gəlin, müəllim haqqında ehtiyatla danışaq.

 

Ənvər ABBASOV,

Azərbaycan Respublikasının əməkdar müəllimi

 

Bölmənin digər xəbərləri