Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının Rusiya və MDB ölkələri üzrə regional direktoru Yeqor Yablokov “Azərbaycan müəllimi”nin suallarını cavablandırır


 

Müasir dünyanın reallıqları universitetlərin qloballaşması kimi mühüm bir məsələni də günümüzün hadisəsinə çevirib. Ali məktəblərin qlobal reytinqlərdə yeri də onların inkişaf üfüqlərini müəyyən edir. Müasir universitetləri fərqləndirən əsas keyfiyyət kriteriyaları onların reytinqində əksini  tapır. Bu mənada  Böyük Britaniyanın Times Higher Rankings jurnalı tərəfindən aparılan tədqiqatlar da ali məktəblərin qiymətləndirilməsində mühüm mənbə rolunu oynayır. Bütün dünyada universitetlərin reytinqlərinin işlənib hazırlanmasında 10 ildən artıqdır ki, akademik mənbə rolunu oynayan “Times Higher Education”nun  Rusiya  və MDB ölkələri üzrə regional direktoru cənab İqor Yablokovun qəzetimizə verdiyi müsahibədə universitetlərin qlobal reytinqinə bir daha nəzər saldıq. Cənab E.Yablokovla “Times” rəhbərliyi ilə razılaşdırılmış müsahibəni oxucularımıza təqdim edirik.

 

- Universitetlərin reytinqi necə müəyyən edilir? Ali məktəblərin akademik nüfuzunun  qiymətləndirilməsində hansı meyarlar əsas hesab edilir?

- “Times Higher Education World University Rankings”  olaraq biz  universitetlərin dünya reytinqinin tərtib edilməsi üçün  5 qrupda (pilars) qruplaşdırılmış  13 göstəricidən (metrics-in) istifadə edirik. Göstəricilərin birinci qrupu  (universitetin inteqral qiymətləndirilməsində onun xüsusi çəkisi 30% təşkil edir) universitetin təhsil  fəaliyyətini xarakterizə edir və beş ayrı-ayrı göstəricidən ibarətdir. Göstəricilərin bu qrupuna keçirilmiş qlobal reputasiya sorğusunun nəticələrinə görə universitetin akademik (tədqiqat deyil, məhz təhsil) reputasiyası daxil olur. Universitetin inteqral qiymətləndirilməsində onun çəkisi 15%-ə bərabərdir. İkinci qrupa aid göstəricilər (universitetin inteqral qiymətləndirməsində onun xüsusi çəkisi həmçinin 30% təşkil edir) universitetin elmi-tədqiqat fəaliyyətini xarakterizə edir. Ona üç ayrı göstərici daxildir, onlardan biri reputasiya sorğusunun (18%) nəticəsidir və digərləri obyektiv yolla əldə olunan 2 (hər biri 6%)  göstəricidir.   Universitetin növbəti 30% inteqral qiymətləndirməsi Field Weighted Citations Impact-ı adlandırılan göstəriciyə -  universitet əməkdaşlarının elmi nəşrlərindən sitatgətirilmələrin sayının anoloji  nəşrlər üçün sitat gətirmələrin orta göstəricisinə nisbətinə əsaslanır.

Beləliklə, göstəricilərin bu üç qrupuna universitetin  inteqral qiymətləndirilməsinin 90 faizi  düşür.   Qalan 10% universitetin  təhsil  və elmi fəaliyyətinin beynəlmiləlləşməsinin müvəffəqiyyətini xarakterizə edən üç göstəricidən (inteqral qiymətləndirmədə onun xüsusi çəkisi 7,5% təşkil edir)  ibarət qrup, həmçinin kommersiya sektorunun xeyrinə yerinə yetirilmiş (qeyri-dövlət) elmi araşdırmalardan və kəşflərdən əldə olunan gəlirlərin həcmini xarakterizə edən Industry Income (2,5%) göstəricisi arasında bölünür.

- Siz bu və ya digər ali məktəb haqqında informasiyanı haradan və necə əldə edirsiniz, universitetin yeri reytinqdə hansı kriteriyalarla müəyyən olunur?

- “Times Higher Education World University Rankings”  reytinqinin tərtib edilməsi üçün üç məlumat mənbəyindən  istifadə olunur. Onlardan birincisi - reytinqdə iştirak etməyi arzu edən universitetlərin xüsusi olaraq yaradılmış portal vasitəsilə özlərinin verdikləri məlumatlardır. Bu məlumatlar  “Times Higher Education”nun  mütəxəssisləri tərəfindən təkrar yoxlanılır. İkinci məlumat mənbəyi  Elsevier şirkətinin “Scopus” bibliometrik verilənlər bazasıdır.  Üçüncü məlumat mənbəyi - “Times Higher Education Academic Reputation Survey”in qlobal reputasiya sorğusunun nəticələridir ki,  hər il bütün dünyadan ən azı 10000 alim iştirak edir.

- Biz universitetlərin iki reytinqinə əsaslanırıq - “Quacquarelli Symonds” (QS) və “Times Higher Education”. Siz bu reytinqlərin hansı oxşar və fərqli  xüsusiyyətlərini ayırd  edə bilərdiniz?

- “QS”  və  “Times Higher Education”nun  dünya  universitetlərinin reytinqlərinin metodologiyalarının ümumi xüsusiyyətlərinə onu da aid etmək olar  ki, onlar  universitetlərin qiymətləndirilməsi zamanı həm obyektiv məlumatlardan, həm də reputasiya sorğularına dair göstəricilərdən istifadə edirlər. Hər iki reytinq sistemində  elm və təhsil  fəaliyyətinin inkişafının intensivliyini xarakterizə edən göstəricilər,  həmçinin universitetdə təhsilin və elmin beynəlmiləlləşmə səviyyəsi ən böyük çəkiyə malikdir. Eyni zamanda, “QS”  şirkətinin dünya  universitetlərinin reytinqində reputasiya qiymətləndirməsinin  payı “Times Higher Education World University Rankings”  reytinqində olduğundan  əhəmiyyətli dərəcədə yüksəkdir,  yəni biz (Times Higher Education) ekspert rəylərindən daha az dərəcədə asılıyıq,   böyük dərəcədə obyektiv məlumatlara söykənirik. “QS”  şirkətinin dünya universitetlərinin reytinqi 6 göstərici (onlardan  2-i - reputasiya qiymətləndirmələridir)  əsasında tərtib edilir.  Ancaq “Times Higher Education World University Rankings”  reytinqi  13 göstərici əsasında hazırlanır ki,  onlardan yalnız 2-si  reputasiya qiymətləndirmələrinin payına  düşür.  Bütovlükdə “QS” reytinqində universitetlərin inteqral qiymətləndirməsində reputasiya qiymətləndirməsinin  çəkisi 50% təşkil edir (yəni balların bütün cəminin yarısı - bu, ekspertlərin fikirləridir), ancaq “Times Higher Education”nun  reytinqində 33% faiz təşkil edir.  Bundan başqa, “QS”-ın və “Times Higher  Education”un reytinq sistemlərində  universitetlərin qlobal reytinqə daxil olmaları üçün  müxtəlif giriş hədləri, yəni  müxtəlif minimal tələblər mövcuddur ki, universitetlər bu şərtlərə uyğun olmalıdır.  Biz  “Times Higher Education World University Rankings”in  universitetlərin qlobal reytinqə girməsi  üçün ən mürəkkəb reytinq hesab olunduğunu bilirik, lakin bu, onun nüfuzunu,  həmçinin bir çox hallarda geniş ictimaiyyət tərəfindən, eləcə də ali təhsilin inkişafına görə məsuliyyət daşıyan milli hökumətlər və nazirliklər tərəfindən ona göstərilən etimadın səviyyəsini  müəyyən edir.  Qeyd etməyə dəyər ki, “Times Higher Education World University Rankings”  hal-hazırda müstəqil auditor şirkətləri tərəfindən tam audit aparılan yeganə  universitet reytinqidir. Biz hər il  tərəfimizdən aparılmış reytinqlərin necə təşkil olunmasının   tam  və hərtərəfli  (metodologiya və  hesablamaların özü də daxil olmaqla) auditi üçün  PricewaterhouseCoopers-i (PwC) auditor xidmətini  dəvət edirik.

- Ali məktəbin fəaliyyətində reytinqlərin rolunu necə qiymətləndirirsiniz?

- Biz öz həmkarlarımızla (“Times Higer  Rankings”)  güman edirik ki, reytinqlər  universitetlərin fəaliyyətinin qiymətləndirilməsi  üçün mümkün olan alətlərdən  biridir (lakin heç də yeganə deyil).   Reytinqin mənası məhz  ondan ibarətdir ki, universitetlər öz aralarında vahid meyarlar üzrə müqayisə edilir. Universitet üçün reytinqə daxil olmaq   başqa universitetlərə nisbətən öz şəxsi effektivliyini  ölçmək şansıdır.

- Bəzən deyirlər ki, reytinqlər, öz təyinatına görə,  rəqabət prosesinə xidmət edən alətdir,  siz  necə hesab edirsiniz?

- Bəli, güman edirəm ki, bu, məsələnin  düzgün anlamıdır. Universitetlərin reytinqləri onları öz aralarında  müqayisə etmək imkanı üçün lazımdır. Əgər siz universitetləri öz aralarında  müqayisə edə bilmirsinizsə, deməli, onlar əslində rəqabət aparmırlar, çünki onlardan hər birinin sizin anlamınızda  öz “unikal”lığı var. Elə ki, siz meyarların vahid sistemi üzrə universitetləri öz aralarında  müqayisə etməyə başlayırsınız, bu ali məktəbləri  avtomatik olaraq rəqabət vəziyyətində  qoyursunuz.

- Ümumiyyətlə, sizcə, reytinqlər  kimlər  üçün  yaradılır - ali məktəblər, tələbələr və  ya onların valideynləri, bəlkə işəgötürənlər üçün?

- Əgər maksimum dərəcədə ətraflı danışmalı olsaq, onda universitetlərin reytinqlərinin  çoxsaylı  “istehlakçılar” qrupu var.  Daha çox aşkar görünən belə  qruplardan biri abituriyentlər və onların valideynləridir.   Həqiqətən də, əgər biz son illərdə keçirilən beynəlxalq tədqiqatların nəticələrinə baxsaq, görəcəyik ki, hal-hazırda xaricdə təhsil almaq üçün universitet seçən abituriyentlər onların seçiminə ən böyük təsir  göstərən ilk 3 amil  arasında ali məktəbin   beynəlxalq reytinqlərdəki reputasiyasını qeyd edirlər. Universitetlər sözsüz ki,  özlərinin inkişaf strategiyalarını işləyib hazırlayarkən ali məktəblərin qlobal reytinqlərini  də  nəzərə alırlar.  Ali məktəbin  ayrı-ayrı əməkdaşları da iş yeri kimi universitetin reytinqinə əsaslanırlar.  Universitetlərin reytinqləri   ali məktəblər arasında resursların bölgüsü məsələsinin  həlli zamanı bir çox milli hökumətlər tərəfindən  də nəzərə alınır.

- Son vaxtlar biz reytinqlərdə Asiya ali məktəblərinin aktivləşməsini görürük. Bunu nəylə izah etmək olar?

- Asiya ölkələrindən olan  universitetlərin  mövqelərinin, həqiqətən də, ildən-ilə  dünya universitetlərinin əksər reytinqlərində yaxşılaşmasını görürük.  Bu, ona görə olur ki, onlar bu gün inkişafın templəri üzrə ali təhsilin ənənəvi liderləri olan  Avropa və Şimali Amerikanın universitetlərini arxada qoyurlar. Asiyanın  bir çox ölkələri, xüsusən Çin, son illərdə öz  universitetlərinin inkişafına və dünya səhnəsində onların rəqabətə davamlılığının artımına nəhəng sərmayə qoyur. Çin, Tayvan, Yaponiya, Koreya Respublikası, Səudiyyə Ərəbistanı - bunlar artıq bir neçə illərdir özlərinin akademik üstünlüyü ilə  (academic excellence initiatives) milli təşəbbüslərini  reallaşdıran Asiya ölkələrinin tam olmayan siyahısıdır.  Onlar fəal surətdə xaricdən alimləri  cəlb edir, universitetlərin maddi-texniki bazasını inkişaf etdirir, xarici tələbələr və aspirantlar üçün fövqəladə cazibədar şərait yaradırlar, onlar üçün  Avropa və Şimali Amerika ölkələrinin universitetlərindən  heç də geridə qalmayan cazibə mərkəzi  olmağa çalışırlar.  Yalnız öz ölkələrindən deyil, eləcə də bütün dünyadan  ən yaxşı zəkaları toplamaq imkanı  təkcə Asiya ölkələrinin universitetlərinin özlərinin  müvəffəqiyyətlərini deyil, eləcə də bu ölkələrin iqtisadiyyatlarının uğurlu gələcəyini qabaqcadan müəyyən edir.

- Necə hesab edirsiniz, hazırda dünya universitetləri qarşısında hansı qlobal çağırışlar  durur? Sizcə,  ali məktəblərin rəqabətə davamlılığına hansı amillər  təsir edir?

-  Son zamanlar kifayət qədər tez-tez belə fikirlər səslənməyə başlayıb ki,  universitetlər yeni biliklərin yaradılması kimi öz rolunu itirməyə başlayıb və yeni nəsil kadrların  hazırlığı funksiyasının öhdəsindən gələ bilmir, belə ki,  özlərinin  müasir elmi-texniki inqilab şəraitində müasir cəmiyyət üçün zəruri  olan təhsil  proqramlarını sürətlə yeniləməkdə bir o qədər də aktiv deyil.   Düşünmürəm ki, gözə görünən perspektivdə universitetlər yox olacaq. Onlardan bir çoxu artıq bir neçə  yüz il ərzində mövcud olublar,  həm də sosial formasiyaların dəyişməsi nəticəsində də kifayət qədər çox  uğurla transformasiyaya məruz qalıblar, çox vaxt  özləri bu dəyişikliklərin katalizatorları kimi çıxış ediblər. Sözsüz ki, universitetlər  bu gün cəmiyyətin həyatında öz sistemyaradıcı  rolunu  itirməmək üçün  dəyişikliklərin lideri olmalıdır, bu dəyişiklikləri yaratmalı, daha  addım-addım onların arxasınca getməməlidirlər.

- Hazırda bütün dünyada tədqiqat universitetlərinin rolu artır. Bu  barədə nə deyə bilərsiniz?

- Bu,  qanunauyğun prosesdir, çünki  elmi-texniki inqilab şəraitində yeni elmi biliklərə tələbat daim artır və məhz tədqiqat universitetləri onların təmin olunması üçün lazımı  potensiala malikdir.  Tədqiqat universitetləri  güclü elmi bünövrəyə və özləri ilə  mövcud elmi məktəblərin inkişafına xidmət edən  və yenilərin formalaşmasına gətirib çıxaran yeni kadrların daimi axınına malikdirlər.

- Elm və təhsilin inteqrasiyası  barədə nə  düşünürsünüz?

- Mənə belə gəlir ki,  dünya səviyyəli müasir universiteti güclü elmi bünövrəsiz təsəvvür etmək ağlasığmazdır. Biliklər çox tez köhnəlir, buna görə də onları daim elmi axtarışlar çərçivəsində yaranan yeni biliklərlə zənginləşdirmək lazımdır.

- Sizcə,  ali məktəblər kadr  hazırlamalı və ya elmlə məşğul olmalıdır?

- Universitetlərin müxtəlif modelləri mövcuddur. Hesab edilir ki, indi ən qabaqcıl universitetlər 3.0  (“3.0 universitetlər”  adlandırılan) model üzrə inkişaf edir.  Bu model təhsil, elm və sahibkar funksiyalarının  inteqrasiyasını nəzərdə tutur,  hansı ki,  bu çərçivədə universitet yalnız ayrı-ayrı yeni bizneslərin yaranma məkanı  kimi yox,  həm də bütöv  biznes-modellər, ekosistemlər, yeni bazarlar  məkanı kimi çıxış etməlidir. Şübhəsiz ki, bu üçüncü funksiya ikinci funksiyanın - universitetdə alimlərin iştirakı ilə aparılan elmi-tədqiqatlar çərçivəsində yeni biliklərin  generasiyasının  (hansı ki, sonda startaplar,  spin-offlar çərçivəsində və s. kommersiyalaşacaq) lazımi inkişafı olmadan  qeyri-mümkündür.   Doğrusu, universitetdə elm və təhsilin inteqrasiyası universitetlərin inkişafının “universitet 2.0” adlandırılan əvvəlki modelinin tipik xüsusiyyətidir.

- Bir qədər əvvəl siz Bakıda idiniz.  “Times Higher Education”un  Azərbaycanın ali təhsil sferasına marağını necə izah edərdiniz?

- “Times Higher Education”  dünyanın 200 -dən çox ölkəsində işləyir və həm ayrı-ayrı universitetlərin inkişafı, onların strategiyaları, həm də bütövlükdə ali təhsil sistemi barədə bilikləri toplayan nüfuzlu mərkəzdir.   Bu planda Azərbaycan istisna  deyil. Azərbaycanda  elmi araşdırmalar aparan  və çox yaxşı səviyyədə mütəxəssis hazırlığını həyata keçirən bir sıra güclü universitetlər var.  Bu  universitetlər “Times Higher Education World University Rankings”in  universitetlərin  ümumdünya reytinqinə düşməyə iddia edə bilər.

- Ali məktəblərimizin potensialı ilə nə dərəcədə tanışsınız?  Necə hesab edirsiniz, universitetlərimizə irəli getmək, nüfuzlu  reytinqlərdə layiqli yer tutmaq üçün nələr lazımdır?

- Biz Azərbaycanda universitetlərin tərəqqisini diqqətlə izləyirik.  Güman edirəm ki, ölkə universitetləri üçün ən rasional yol sıx beynəlxalq kooperasiyadır.  Görünür, ölkənin miqyasına uyğun olaraq Azərbaycan universitetlərinə gələcəkdə   Avropa və Asiyanın bir sıra iri  universitetlərinin (eləcə də Rusiya ali məktəblərinin)  malik olduğu səviyyədə elmi-tədqiqatlar  (xüsusən də təbiət elmlərinin bir çox sahələrində) aparmaq üçün infrastruktur tələb olunur.  Lakin indi  elm olmadan dünya ölçüləri üzrə rəqabətə davamlı səviyyədə ali təhsilin inkişafı haqqında danışmaq  çətindir.  Buna görə, mənim fikrimcə, beynəlxalq kolloborasiyalarda iştirak etməklə təhsil və elm sahələrində effektiv tərəfdaşlığın axtarılması və qurulmasına fokuslanmağa dəyər. Bu, yeri gəlmişkən, zamanla əlaqədar olaraq Azərbaycan universitetlərinin reputasiyası nöqteyi-nəzərindən əlavə müsbət nəticə verəcək: necə ki,  bizim təhlillərimiz  göstərir, elmi sferada universitetin reputasiyası onun beynəlxalq təhsil  və elmi əlaqələrinin intensivliyi ilə dəqiq korrelyasiyaya malikdir.

 

Oruc MUSTAFAYEV