Qərbi Kaspi Universitetinin rektoru Andris Leytas və Layihələrin İdarəedilməsi üzrə Azərbaycan Assosiasiyasının (AzPMA) prezidenti İqbal Babayev Əməkdaşlıq Memorandumu imzalayıblar. AzPMA-dan verilən məlumata görə, memorandum AzPMA və universitet arasında əməkdaşlıq münasibətlərini təmin etməklə layihə menecmentinin inkişafı, bu sahədə maarifləndirməni, layihələrin idarə edilməsi üzrə bilik və bacarıqların inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin icra olunmasını,  birgə fəaliyyətin qurulmasını nəzərdə tutur.

 

AzPMA əməkdaşlıq çərçivəsində universitetin pedaqoji kollektivi və tələbələr üçün International Project Management Association (IPMA) standartları çərçivəsində layihə menecmenti üzrə təlimlərin keçirilməsini, tədris ocağında icra olunan layihələrə beynəlxalq standartların tətbiqini mümkün edəcək. Layihə menecmenti üzrə beynəlxalq IPMA sertifikasiyasının da tələbələr və müəllimlər üçün keçirilməsi memorandumun əsas müddəalarındandır.

 

Qeyd edək ki,  AzPMA Azərbaycan üzrə International Project Management Association (IPMA) beynəlxalq təşkilatının milli tərəfdaşıdır və artıq 20 ildir ki, ölkəmizdə beynəlxalq standartlar əsasında IPMA layihə menecmenti üzrə sertifikatlaşdırmanı həyata keçirir. Bu sertifikasiyadan keçən azərbaycanlı menecerlər hazırda ölkəmizin iri şirkətlərində, eləcə də dünyanın müxtəlif ölkələrində öz karyeralarını davam etdirirlər.