London növbəti reytinqdə birincidir


Dünya reytinqlərində yer alan ən nüfuzlu universitetlər daha çox hansı şəhərlərdə yerləşib?  Və yaxud, hansı şəhərdə daha çox reytinqli universitet cəmləşib?   Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış "Times Higher Education" nəşrinin  növbəti araşdırması bu məsələyə həsr olunub (www.timeshighereducation.com/student/best-universities/best-university-cities).  Jurnal  ən reytinqli  universitetlərin top-200 və top-500-lüyündə yer  alan ali məktəblərin  hansı şəhərlərdə yerləşməsini araşdırıb və maraqlı mənzərə alınıb.  Dünyanın 200 ən yaxşı ali məktəbinin  sıyahısına baxdıqda görürük ki,  sıralamaya London şəhəri başçılıq edir. Top-200-lükdə olan 6 universitet Londonda yerləşir  (Imperial College London, King’s College London, London School of Economics and Political Science, Queen Mary University of London, Royal Holloway, University of London, UCL).

London bütün dünyada yüksək keyfiyyətli universitet təhsili  almağı arzu edən Britaniya və xarici tələbələr üçün ən populyar  yer kimi məşhurdur. Bundan başqa, ali məktəblərin şəhər müəssisələri ilə yaxınlığı o deməkdir ki, tələbələr bütün şəhər üzrə bu obyektlərdən istifadə edə bilər. Londonla eyni mövqedə olan ikinci şəhər Boston-Kembricdir (onlar yaxınlıqlarına görə qruplaşdırılıblar).  Bu şəhər qrupunda Harvard Universiteti daxil olmaqla dünyanın ən nüfuzlu ali məktəbləri yer alıb (Boston University, Harvard University, Massachusetts Institute of Technology, Northeastern University, Tufts University, University of Massachusetts).   Universitetləri top- 200 -lükdə yerləşən digər şəhərlərdən Paris, Honkonq, Berlin və Nyu-Yorkun adlarını çəkmək olar.

 

Əgər biz siyahıyı 500 universitetə qədər genişləndirsək,  onda yenə də Londonun  500 ən yaxşı universitet sırasında olan 15  ali məktəblə  birinci yerdə olduğunu görə bilərik.  Bu, çoxlarına təəccüblü olmayacaq,  nəzərə alaq ki, London dünyada ali təhsil müəssisələrinin ən yüksək konsentrasiyasına malikdir, demək olar ki,  bu şəhərdə 40 universitet yerləşib.

 

Paris 10 universitetlə  siyahıda ikinci,  Boston-Kembric isə 8 universitetlə 3-cü yeri tutur.  Seul və Melburn şəhərləri isə  müvafiq olaraq  7 universitetlə 4-cü yeri bölüşüblər. 

 

Bununla belə,  siyahıda Frankfurt, Moskva və Tokio kimi şəhərlərin də  adları var.  Onların hər birində 500-lükdə olan 4 universitet yerləşib.
 

Oruc MUSTAFAYEV