Universitetin bu dəfəki ziyarətçiləri 97 nömrəli məktəbin şagirdləri olub


Aprelin 18-də paytaxtın Suraxanı rayonunda yerləşən 97 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

 

Şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyini ziyarət edib  və universitetə aid tarixi eksponatlarla tanış olublar. Məktəbliləri ADNSU-nun rektoru, professor Mustafa Babanlının adından salamlayan tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev ali məktəbin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları,  tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib.

 

Heydər Əliyev lektoriyası ilə tanış olan şagirdlər ümummilli lider Heydər Əliyevin zəngin irsi haqqında bilgilər alıblar.

 

Şagirdlər universitetin Mineralogiya Muzeyini də ziyarət edib, burada qorunub saxlanılan müxtəlif növ eksponatlarla tanış olublar. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev orta məktəb şagirdlərinə mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verib.

 

Daha sonra şagirdlər kimya-texnologiya fakültəsinin laboratoriyalarına baş çəkiblər.

 

Ekskursiyanın sonunda xatirə şəkli çəkdirilib.