Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə start verilir.  

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçiriləcək növbəti təlimlər 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlər üçün nəzərdə tutulur. İlk təlim 27 aprel və 1-5 may tarixlərini əhatə edəcək. 

 

İxtisasartırma təlimlərinin təşkil olunmasında əsas məqsəd uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

 

Təlimlər zamanı müəllimlərə nəzəri biliklər veriləcək və onlarda praktiki bacarıqlar formalaşdırılacaq.  

 

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinin mərhələli şəkildə növbəti tədris ilinədək davam etdirilməsi nəzərdə tutulur. 

 

Təlimləri uğurla başa vuran müəllimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.