İbrahim Laçın: “Daha böyük məsuliyyətlə çalışır, yeni ifalar üzərində işləyirəm”
Telekanallarda, qəzetlərdə və internet saytlarında müxtəlif istedad sahiblərinin sənət yollarına işıq saçan verilişlər və yazılar həmişə diqqətimi cəlb edir. Əsl istedad sahibləri müsahibə verərkən özlərini zərrəcə öyməyəndə daha çox xoşuma gəlirlər. Haqqında müxtəlif mətbu orqanlarda çox oxuduğum bugünkü həmsöhbətim də elə bu qəbildən olan yeniyetmə istedad sahiblərindəndir. Sənət yolunun ilk pillələrində qazandığı uğurlar və həmin uğurların ona yaşatdığı sevinc hissləri barədə ürək sözlərini öz dilindən eşitməyi və dəyərli oxucularımıza çatdırmağı qərarlaşdırdım. Odur ki, yollandım Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına İbrahim Laçının məşğul olduğu dərnəyə.
...A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrındayam. Səsli-küylü dəhlizdə uşaqların şaqraq gülüş sədalarının sehrinə düşmüşəm. Bəzi otaqlardan müəllimlərin xoş avazları eşidilir, bəzilərində uşaqlar nağıl qəhrəmanlarının dialoqlarını təkrarlayır, bir sözlə, bütün dərnəklərdə istedadlar nümayiş olunurdu. Dəhlizdə 8 yaşlı müsahibim İbrahimlə görüşəndə məni çoxdan tanıyırmış kimi yaxınlaşdı və onca dəqiqəyə başlayacaq tamaşaya baxmağı, sonra isə söhbətimizi davam etdirməyi xahiş etdi. Bu təklif mənim lap ürəyimcə oldu, çünki elə bu dəqiqəcə qəhrəmanımın hansı istedad sahibi olacağını öz gözlərimlə görəcəyəm. Mən bu gün ilk dəfə olaraq “Oyaq gözəl” tamaşasında “Şəngülüm” rolunu ifa edəcəyəm, dostlarımı da dəvət etmişəm,- söylədi. Tamaşaya diqqətlə baxdım, İbrahimin səhnədə nümayiş etdirdiyi bacarığı məni heyran etdi və əmin oldum ki o, sözün tam mənasında əsl istedad sahibidir. Söhbətimiz də çox maraqlı keçdi. Bu dilli-dilavər oğlan çoxşaxəli yaradıcılıq fəaliyyəti barədə mənə ətraflı məlumat verərək dedi.
Sevinirəm ki, mən də onların sırasındayam
Teatrımızda tez-tez görüşlər keçirilir, uşaqlar üçün tamaşalar hazırlanır. “Oyuq” teatr studiyasının uşaqları Aylin, Selcan, Mehri və Surin bacıları respublika və beynəlxalq yarışlarda ölkəmizi təmsil edərək həmişə vətənə diplom və fəxri fərmanlarla qayıdırlar. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyasında günü-gündən uşaqlarımızın sayı artmaqdadır. Sevinirəm ki, mən də onların sırasındayam. Birgə tamaşalarda iştirak edir, birlikdə alqışlar qazanırıq.
Beynəlxalq festivallara qatılırıq
Müəllimlərimizin və istedadlı dostlarımın əzmkarlığı sayəsində “Oyuq” teatr studiyamız öz maraqlı tamaşaları ilə beynəlxalq festivallara qatılır, diplom və mükafatlarla vətənə dönürük. Studiyanın rəhbəri, ssenarist Səidə Haqverdiyeva uşaqların sevimlisidir. O, tez-tez xeyriyyə tədbirləri keçirir. Həmin tədbirlərin birində uşaq evlərinə, autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” mahnısına klip də çəkdirmişik. Mən də həmin klipdə iştirak edirəm. Novruz bayramına həsr olunan mərasimdə isə studiyamızın fəalları ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qarşısında “Novruz gəlir, yaz gəlir” mahnısını təqdim etdik. Çıxışımız Prezidentin və birinci xanımın çox xoşuna gəldi. Bizimlə xatirə şəkli də çəkdirdilər. Həftənin şənbə və bazar günləri məşqlərimiz olur. Peşəkar müəllimlər Firuzə İbadovadan, Cəmilə Allahverdiyevadan, İqbal Əliyevdən, Günay Sətdardan və başqalarından səhnə hərəkətləri, aktyorluq, vokal, rəqs, rejissorluq dərslərini alırıq.
Milli muğamlarımızın vurğunuyam
Mən eyni zamanda milli muğamımızın da vurğunuyam. Valideynlərim də muğamı çox xoşlayırlar. Anam Şəmsiyyə Bakı Musiqi Akademiyasının tərkibindəki Musiqi Kollecini bitirib. Hər dəfə əlimə qaval alıb muğam parçaları ifa edəndə o, bütün işlərini atıb mənə qulaq asır. Hələ 5 yaşım olanda Adil İsgəndərov adına Mədəniyyət Sarayında imtahan verib muğam şöbəsinə daxil olmuşam. Müəllimim Opera və Balet Teatrının solisti İsmayıl Ələkbərov olub. O, özü də Xan Şuşinskidən ustad dərsi alıb.
“Azərbaycanın bala səsi” müsabiqəsinə qatıldım
6 yaşım olanda ATV telekanalında yayımlanan “Azərbaycanın bala səsi” müsabiqəsinə qatıldım və finalist oldum, İqbal Əliyevin “ Dəbli ol” yarışmasında isə diplomla mükafatlandırıldım. Xəzər telekanalında “Ata ocağı” serialında Xəyyam roluna çəkilmişəm. Sevinirəm ki, xalq artisti Həmidə Ömərova, aktyorlardan Xatirə Süleymanova, Elman Rəfiyev, Qurban İsmayilov kimi mən də seriala çəkilmişəm. Rüfət Şahbazov,Vüsal Məmmədov kimi peşəkar rejissorlarla fəaliyyət göstərirəm. Hazırda isə biz “Oyuq” teatr studiyasının fəallarlı “O, olmasın, bu olsun” tamaşasına hazırlıq məşqlərini edirik. Milli Konservatoriyanın tərkibindəki Respublika İncəsənət Gimnaziyasının 1-ci sinfində təhsil alıram. Müəllimim Vüqar Musəlidən muğamın incəliklərini daha dərindən öyrənməyə çalışıram. “Bayatı-kürd”, “Şahnaz” muğamlarını tədbirlərdə oxuyub tamaşaçılarda xoş ovqat yaratmışam. “Mirzə-Hüseyn” segahını, “Arazbarı” zərb muğamını, “Qaçaq Nəbi” xalq mahnısını öz qavalımla müşayiət edərək ifa edirəm.
“Qarabağ şikəstəsi”ni oxuyarkən kövrəlirik
Bəzən dərsdən sonra öz ifalarımla müəllimlərimi və dostlarımı da feyziyab edirəm. “Qarabağ şikəstəsi”ni oxuyanda isə qeyri-ixtiyari kövrəlirik. Hazırda “Laçınım” mahnısının məşqlərini edirəm. Hər dəfə bu mahnını oxuyanda atam kövrəlir. Axı o, Laçın rayonunda boya-başa çatıb. Deyir ki, elə bil bu mahnı məni qanadlarında xəyalən o dağlara, meşələrə aparır, büllur çaylar gözlərim önündə canlanır.
Ustad tövsiyə etdi ki, səsimi qoruyum
Yeri gəlmişkən deyim ki, xalq artisti Mənsur İbrahimov da mahnılarımı dinləyib və yüksək qiymət verib. “Bayatı-Kürd” və “Şahnaz” muğamlarını o, mənim ifamda daha çox bəyəndi. Ustad tövsiyə etdi ki, səsimi qoruyum, muğam ifaçıları üçün bu, olduqca vacibdir. Mən də onun tövsiyələrinə əməl edirəm. Bu əvəzsiz sənətkar mənim ifaçılıq sənətinə məhəbbətimi birə-beş artırdı. İndi daha böyük məsuliyyətlə, əzmlə çalışıram, yeni ifalar üzərində işləyirəm, muğamlar, təsniflər, xalq mahnılarını öyrənirəm. Boş vaxtlarımda isə dəyərli ustadlarımız Xan Şuşinskinin, Arif Babayevin, Mənsum İbrahimovun və Əlibaba Məmmədovun ifalarını diqqətlə dinləyirəm. Məktəbdə də, evdə də məşqlər edirəm. 105 FM radiosunda qonaq oldum, teatrda qazandığım uğurlardan söz açdım, “Arazbarı” zərb muğamını oxudum, çox xoşlarına gəldi.
Vətənpərvərlik mövzusunda illüstrasiyalar çəkməyi xoşlayıram
Rəsm çəkməyə də meyilliyəm. Əsasən vətənpərvərlik mövzusunda illüstrasiyalar çəkməyi xoşlayıram. “Əsgər”, “Sülh göyərçini”, “Dağlar qoynunda”, “Meşədə” rəsmlərim hamının xoşuna gəlir. Deyirlər ki fantaziyam çox güclüdür. İdmanı da çox sevirəm. Yay tətilində üzgüçülüklə məşğul oluram. Asudə Vaxt Mərkəzində isə milli və dünya rəqslərinin sirlərinə yiyələnirəm. Zəka Tədris Mərkəzində ingilis dilində imtahan verdim və əla qiymətlər alıb kuboklara layiq görüldüm...
...Maşallah, İbrahimin nə qədər uğurları var imiş! Onin çoxşaxəli yaradıcılıq potensialına malik olduğu barədə söylədiklərini siz də elə həmsöhbətimin öz dilindən eşitdiniz.Və yəqin ki onun parlaq gələcəyinə heç kimdə zərrəcə şübhə yeri qalmadı. İllər ötəcək, gələcəkdə İbrahimin sənət zirvəsində qazanacağı böyük uğurlar barədə sizə daha geniş məlumat verəcəyik.
Sifai SƏFƏROVA