Müstəqil yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran mühüm vəzifələrdəndir


Şagirdlərin hərtərəfli, sərbəst və yaradıcı inkişafı şəxsiyyətyönümlü təlimdə əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Müəllim şagirdlərə müəyyən biliklər verməsi ilə bərabər həm də onlara öyrənməyi öyrətmək, əldə etdiyi informasiyalardan istifadə etmək bacarığını aşılamalıdır. Müəllim və şagird təlim prosesində bərabərhüquqlu üzvlərdir və müəllim bələdçi rolu ilə şagirdlərdən fərqlənir. Sinifdə hər bir şagird özünü bərabərhüquqlu şəxsiyyət kimi dərk edir, yoldaşlarını şəxsiyyət kimi görür və özünə, onlara hörmət etməyə başlayır. Bu cür təlimdə şagirdlər qarşılıqlı hörmət, əməkdaşlıq mühitində fəaliyyət göstərirlər.

 

Təlimdə müəllimin rolu böyükdür. Müəllim diskussiyanı idarə edir, köməkçi suallar verir, şagirdlərdə tənqidi fikirləri, öz-özünə nəzarəti, özünüqiymətləndirməni, müstəqilliyi və s. keyfiyyətləri üzə çıxarır və inkişaf etdirir.

 

Müəllim bilik və bacarıqların praktik fəaliyyətdə effektli, səmərəli tətbiq edilməsini əldə olunmuş bilik və bacarıqların təkrarlanması ilə formalaşdırır. Şagirdlərin fəallığına çalışmaq, onların suallarını özlərinin cavablandırmasına şərait yaratmaq, qarşılıqlı dialoqların qurulmasına üstünlük vermək daha məqsədəuyğundur.

 

Şagirdlərin tədqiqat aparması müasir dərsin ən böyük üstünlüklərindən biri olmaqla bərabər, həm də onların axtarıcılıq və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Təcrübələr göstərir ki, təfəkkür fəaliyyətinin, fərqli fikirlərin müzakirəsi şagirdlərdə müzakirə etmək və düzgün nəticə çıxarmaq qabiliyyətini möhkəmləndirir. Dərsdə “səni öyrədirəm” yox, “biz birlikdə öyrənirik” prinsipi müəllim və şagirdlər arasında tərəfdaş, yoldaşlıq, hörmət, məhəbbət hisslərini formalaşdırır. Şəxsiyyətyönümlü təlim şagirdlərin idrak, yaradıcılıq, tədqiqatçılıq qabiliyyətlərini və fənlərə marağını artırır. Nəticədə, təlim-tərbiyə prosesində şagirdlərin fəallığını yüksəldir, psixoloji gərginliyi azaldır. Bu da şagirdin təmin edilməsinə gətirib çıxarır.

 

Şəxsiyyətyönümlülük şagirdin şəxsiyyətinin öyrənilməsi  və nəzərə alınmasını əsas götürür. Bu baxımdan belə təlim prosesi bir şagirdin fərdi nümayiş etdirməyə, özünü qiymətləndirməyə, sərbəst bilik və bacarıq əldə etmək, bu bilikləri onun üçün maraq kəsb edən müxtəlif fəaliyyət sahəsində tətbiq etməyə imkan yaradır.

 

Müstəqil, yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran mühüm vəzifələrdəndir. Danılmaz faktdır ki, qabiliyyətli, istedadlı şəxslər cəmiyyətin aparıcı qüvvələridir. İstedad, demək olar ki, hər bir şagirddə var. Ancaq bu istedadın üzə çıxarılması, inkişaf etdirilməsi məktəbin, müəllimin üzərinə düşür. İstedad, ilk növbədə fəaliyyət prosesində təşəkkül tapır. Təlim prosesi nə qədər məqsədəuyğun qurulsa, şagirdin istedadı da bir o qədər tez üzə çıxar və inkişaf edər. Deməli, hər bir şagirdin sirli, qəribə dünyasına ilkin olaraq müəllim daxil olur. Müəllim şagirdin qabiliyyətini düzgün müəyyənləşdirməkdə, ona fərdi yanaşmaqda, inkişafına düzgün istiqamət verməkdə yardım göstərir.

 

Bütün bunlar müəllimlərdən hər hansı bir fənnin tədrisində işini yüksək səviyyədə qurmağı tələb edir. Fikrimizcə, həm texniki, həm də humanitar fənləri tədris edən müəllimlər daha böyük əzmlə bu işə diqqət ayırmalıdırlar.

 

43 ildən artıqdır ki, riyaziyyat və informatika fənlərini tədris edirəm. Pedaqoji fəaliyyətə başladığım ilk gündən işimə ciddi, məsuliyyətlə yanaşmışam. Lakin son illərdə tətbiq etdiyimiz yeni təlim texnologiyaları göstərdi ki, doğrudan da bir müəllim kimi həm fəaliyyətimizdə, həm də düşüncə tərzimizdə böyük dönüş yaratmalıyıq. Bu günün uşaqları dünənin uşaqları deyil, onların maraq dairələri də, dünyaya baxışı da, dərslərə münasibətləri də tam fərqlidir. Təlimin keyfiyyətini yüksəltməyə çalışan, eyni zamanda şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsinə nail olmaq istəyən hər bir müəllim, mənim fikrimcə, şagirdlərə fərdi yanaşmağı həmişə üstün tutmalıdır.

 

Şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasına kömək edən yollar və vasitələr aşağıdakılardır:

 

- Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq;

 

- Mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək;

 

- Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarığını inkişaf etdirmək;

 

- Şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş aparmaq;

 

- Tanınmış alim və mütəxəssisləri tədqiqatçılıq qabiliyyəti olan şagirdlərlə işə cəlb etmək;

 

- Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək;

 

- Tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq;

 

- Müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparmaq, kiçikhəcmli məruzə, tezis, referat və hesabatlar hazırlamaq və s.

 

Fənləri öyrənərkən ayrı-ayrı mövzulara yaradıcı yanaşmaq üçün fənn müəllimlərindən tədris prosesini canlı qurmaq tələb olunur.

 

Bu gün istedadlı şagirdləri üzə çıxarmaq və onlardakı bu qabiliyyəti inkişaf etdirmək üçün müxtəlif metodlar mövcuddur. Bunların içərisində şagirdlərin tədqiqatçılığa cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə, hər şagirdin istedadının, qabiliyyətinin məhz hansı sahəyə olduğunu müəyyən etmək lazımdır. Şagirdlərin bütün xüsusiyyətlərini nəzərə alaraq onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması üçün tədqiqatçılığa cəlb olunması faydalıdır.

 

Ümumiyyətlə, şagirdlərdə tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün hansı yollardan, metodlardan istifadə etmək faydalıdır?

 

Təcrübə göstərir ki, bu işdə müasir interaktiv təlim metodlarından istifadə daha uğurlu nəticələrə gətirib çıxarır. “Layihə” metodu isə bu işdə özünü daha çox doğruldur. Məsələn, sinfə tədqiqat sualı ilə müraciət edirəm. İlk növbədə qarşımıza çıxan suallardan tədqiqat sualının doğru cavabını müəyyənləşdirməliyik. Bunun üçün tədqiqatın aparılması vacib məsələdir.

 

Riyaziyyat və informatika fənlərinin tədrisi prosesində məsələ həlli mühüm  yer tutur. Məsələ anlayışının formalaşdırılması, məsələnin məzmunu və quruluşunun şüurlu mənimsənilməsi dərsin vacib şərtlərindən biridir. Məsələ həlli zamanı bir sıra anlayışların mahiyyəti açılır və onlar şagirdlər tərəfindən mənimsənilir.

 

Məsələ həlli müstəqil təfəkkürün növlərindən biridir. Onun  məqsədi ədədlər üzərində əməllərə aid hesablama vərdişlərinin inkişaf  etdirilməsi, gündəlik həyatda işlənən kəmiyyətlərlə, onlar arasındakı münasibətlərlə tanışlıq, sadə həndəsi təsəvvürlər formalaşdırmaq, bu bilikləri məsələ həlli və hesablamalarda tətbiq etməyi öyrətməkdir.

 

Məsələlərin həllində elə metodlar tətbiq edilməlidir ki, şagirdləri müstəqil mühakimə yürütməyə, oxşar və  fərqli cəhətləri araşdırmağa, ümumiləşdirmə aparmağa, nəticə çıxarmağa yönəltsin, onlarda çox da çətin olmayan məsələlərin həlli ilə əlaqədar qismən  axtarıcılıq və tədqiqatçılıq qabiliyyətini inkişaf etdirsin.

 

Nəzərə almaq lazımdır ki, şagirdlərin riyazi məsələlərin həllinə və tətbiqinə aid əldə etdikləri bilik və bacarıqlar riyaziyyatın, o cümlədən bir sıra digər fənlərin mənimsənilməsində əhəmiyyətli rol oynayır.

 

Həyatdan götürülmüş məsələləri həll etdirmək həm də şagirdlərdə şüurlu və möhkəm hesablama vərdişlərinin formalaşmasını inkişaf etdirir. Şagirdlər riyazi məsələlər vasitəsilə həyati hadisələri öyrənir, istehsal sahələri ilə tanış olurlar.

 

Riyaziyyat dərslərinin daha səmərəli keçməsi, daha yaddaqalan olması üçün müəllim şagirdlərin maraq dairələrinə müvafiq olaraq əyləncəli və düşündürücü məsələlərdən, tapmacalardan, nağıllardan, əyləncəli riyazi krossvordlardan istifadə etməlidir. Nağıl, şeir, musiqili tapmacalar vasitəsilə keçilən dərslər şagirdlərə güclü emosional təsir göstərir. Bunun nəticəsində onlarda daha möhkəm, dərin biliklər formalaşır.

 

Şagirdlərdə yaradıcı təfəkkürün və tədqiqatçılıq qabiliyyətinin düzgün istiqamətdə inkişafı gələcəkdə onları böyük uğurlara aparıb çıxara bilər. Ancaq nəzərə almaq lazımdır ki, hər şagirdi tədqiqatçılığa, axtarışa cəlb etmək düzgün deyil.

 

Tədqiqatçı şagird müstəqil olmalıdır. Şagird öz düşündüyünü sərbəst deməli, səhv olacağından çəkinməməlidir. Müstəqillik şagirdin gələcəkdə sərbəst söz, fikir demək qabiliyyətini üzə çıxarır. Bu, fənlərin tədrisində tədqiqatçılıq imkanlarına geniş yol açır.

 

Fənlərarası əlaqə şagirdlərin tədqiqatçılıq qabiliyyətini ya bir neçə fənn istiqamətində inkişaf etdirə bilər, ya da şagird özü üçün hansı fənnə dərindən yiyələnmək istədiyini, hansı fəndə özünü daha çox təsdiq edə biləcəyini kəşf edər.

 

Şagirdlər tədricən tədqiqatın mərhələlərini mənimsəməlidirlər. Onlar bilməlidirlər ki, birinci mərhələdə materialları toplamaq, ikinci mərhələdə toplanan materialları ümumiləşdirmək və qruplaşdırmaq, üçüncü mərhələdə isə müəyyən bir nəticəyə gəlmək lazımdır.

 

Dərs prosesində şagirdi tanıdıqdan, onun hansı qabiliyyətə, istedada malik olduğunu müəyyənləşdirdikdən sonra onlar sinifdənxaric tədbirlərə də cəlb olunmalıdır. Belə tədbirlərin əsasını dərnəklər, müxtəlif yazılar və müsabiqələr təşkil edir.

 

Ümumiyyətlə, məktəbdə fənn dərnəklərinin olması istedadlı şagirdlər üçün vacibdir. Belə şagirdləri ayrı-ayrı fənn müəllimlərinin kəşf etməsi azdır, həm də onları bütün kollektivə təqdim etmək, tanıtmaq lazımdır ki, gələcəkdə cəmiyyətin önündə gedə bilsinlər.

 

Hər hansı bir yolun, metodun vasitəsilə şagirdləri tədqiqata cəlb etmək işinə ilk növbədə müəllim böyük həvəs göstərməlidir. Müəllimin özü də mütləq tədqiqatçı olmalıdır.

 

Müasir dövrdə müəllimdən şagirdlərin potensialını düzgün qiymətləndirmək və onları gələcək uğurlara stimullaşdırmaq tələb olunur. Şagird şəxsiyyətini daim uca tutmaq, müəllimin öz peşəsinə, şəxsi nüfuzuna olan sayğının tərkib hissəsi olmalıdır. Hansı şəraitdə vəzifəsini yerinə yetirməsindən asılı olmayaraq, mənim fikrimcə, müəllim dərk etməlidir ki, öz şagirdlərinə yüksək səviyyədə xidmət etmək onun yalnız şəxsi istəyi yox, peşə borcudur.

 

Hazırda fəaliyyət göstərdiyim 177 nömrəli tam orta məktəbin nəzdində yuxarıda qeyd olunan bu və ya digər məsələləri həyata keçirmək məqsədilə direktor Günel Xanlarovanın təşəbbüsü ilə “Məntiq dərnəyi” açılıb. Tədqiqatçılıq və yaradıcılıq qabiliyyətləri ilə fərqlənən şagirdlər dərnəyə üzv qəbul ediliblər.

 

Sonda onu deyə bilərəm ki, 45 dəqiqəlik dərs müddəti tədqiqatçı şagird və müəllimlər üçün məhdud zamandır. İstedadlı və tədqiqatçı şagirdlər müxtəlif dərnəklərdə, disputlarda, şagird elmi cəmiyyətlərində birləşməli və qabiliyyətlərini orada inkişaf etdirməlidir. Belə şagirdlərə inanmaq və onların gələcəyinə ümidlə baxmaq mümkündür.

 

 

Vaqif  MAHMUDOV,

Bakı şəhəri 177 nömrəli tam orta məktəbin müəllimi, təhsil əlaçısı, akademik M.Mehdizadə mükafatı laureatı