Naxçıvanda tarixi-coğrafi və etnoqrafik atlasın təqdimatı olub


AMEA Naxçıvan Bölməsində ““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın təqdimatı keçirilib.

 

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ictimaiyyətə təqdim olunan ““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın əhəmiyyətindən danışıb. Bildirib ki, Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir. Naxçıvan diyarının “Kitabi-Dədə Qorqud” dastanında baş vermiş hadisələrin coğrafiyasında mühüm rol oynadığını deyən alim dastandakı etnoqrafik materialların böyük əksəriyyətinin Naxçıvan ərazisində yaşayan Azərbaycan türklərinin məişəti, mədəniyyəti, təsərrüfat həyatı, dini inancları və digər sahələrdə işlədilən etnoqrafik materiallarla üst-üstə düşdüyünü bildirib.

 

Qeyd olunub ki, təqdim edilən atlas ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il 20 fevral tarixli  Sərəncamından irəli gələn məsələlərlə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən hazırlanıb. Atlası 2016-cı ildə bölmədə yaradılan işçi qrupu hazırlayıb.

 

Tədbirdə “Qorqudşünaslığa dəyərli töhfə” mövzusunda məruzə edən bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov qeyd edib ki, atlasda Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığı araşdırılıb, Naxçıvanla bağlı adıçəkilən yer adlarının coğrafi xəritəsi verilib.

 

Tədbirdə digər çıxış edənlər nəşrin önəmindən söz açıblar.