Sərgidə gənc rəssam Musa Niftəlinin 23 rəsm əsəri nümayiş olunub


Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib. “Rəngarəng ruh” adlı sərgidə gənc rəssam Musa Niftəlinin 23 rəsm əsəri nümayiş olunub. Rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlər  diqqəti cəlb edib. Tədbirdə UFAZ-ın professor-müəllim və tələbə heyəti, tanınmış incəsənət adamları, xalq rəssamları və rəsm həvəskarları iştirak edib.

 

Tədbir iştirakçılarını salamlayan UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov UFAZ layihəsi haqqında məlumat verib. Sərginin Frankofoniya həftəsi çərçivəsində keçirildiyini deyən V.Əsgərov rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlərin olmasını xüsusi vurğulayıb.

 

Sərgidə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov və digər qonaqlar gənc istedad Musa Niftəlinin rəsmlərinin hər birinin ayrı-ayrılıqda mühüm əhəmiyyət daşıdığını, bu əsərlərin böyük zəhmətlə ərsəyə gəldiyini qeyd ediblər.

 

Sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirən gənc rəssam Musa Niftəli bundan sonra da müəllimlərinin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib.