“İnteraktiv açıq dərs”də ədibin həyat və yaradıcılığından bəhs edilib


AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti interaktiv  “açıq dərs” keçirilib.

 

Dərsdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Naxçıvanın görkəmli ziyalılarından biri Eynəli bəy Sultanov” mövzusunda məruzə edib. O, məruzəsində görkəmli yazıçı, dramaturq, publisist, folklorşünas, tərcüməçi, pedaqoq və ictimai xadim Eynəli bəy Sultanovun həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 15 fevral 2016-cı il tarixli sərəncamı ədibin irsinin araşdırılmasına və təbliğinə geniş şərait yaradıb.

 

Tədqiqatçı alim bildirib ki, Eynəli bəy Sultanov XIX əsrin 80-ci illərindən başlayaraq “Tərcüman”, “Həyat”, “İrşad”, “İqbal”, “Yeni fikir”, “”Dan yıldızı”, “Yeni yol” və digər qəzet, jurnal və məcmuələrlə əməkdaşlıq edib.

 

Şagirdlərin diqqətinə çatdırılıb ki, Eynəli bəy Sultanov Naxçıvanda “Ziyalı məclisi”, “Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaratmaqla həmyerlilərinin maariflənməsinə səy göstərib: “O, ziyalı dostları Cəlil Məmmədquluzadə, Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifzadə və başqaları ilə birlikdə Naxçıvanda kitabxana açdırmağa nail olub. 1883-cü ildə teatr tamaşaları təşkil edib və buradan toplanan pullarla yoxsul şagirdlərin müxtəlif ehtiyaclarının ödənilməsinə çalışıb”.

 

Məruzəçi Eynəli bəy Sultanovun 1924-cü ildə latın əlifbasına keçidlə bağlı müzakirələrdə aktiv iştirak etdiyini, hətta bu illərdə “Yeni əlifbanın ən yaxşı təbliğatçısı” adını aldığını söyləyib.

 

E.Məmmədov görkəmli ədibin folklor toplayıcısı kimi də fəaliyyət göstərdiyini, topladığı 3000-ə yaxın atalar sözünü, bir neçə aşığın yaradıcılığından nümunələri, sayaçı sözləri 20 məktub vasitəsilə Firudin bəy Köçərliyə göndərdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Eynəli bəy Sultanov bədii yaradıcılıqla da məşğul olub, 46 hekayə, 3 dram əsəri, bir sıra şeirlər yazıb və  tərcümələr edib.

 

“Açıq dərs” Naxçıvan MR-nın 205 ümumtəhsil məktəbində izlənilib.