Tədrisin keyfiyyətinə birbaşa təsir edən mənfi amillər var ki, bunlardan biri də zehni yorğunluqdur. İstər müəllim, istərsə də şagird əgər zehni cəhətdən tam olaraq dərsə hazır deyilsə, burada keyfiyyətli dərsdən söhbət gedə bilməz. Bəs məktəblərimizdə zehni yorğunluğa səbəb olan amillər hansılardır? Düşünürük ki, burada ən vacib amillər dərslərarası tənəffüslərin vaxtının azlığı və müəllimlərin fasiləsiz, ara vermədən təkrar dərslərə davam etməsidir.

 

Bəs beynəlxalq təcrübədə bu məsələyə necə yanaşılır? Dünyanın təhsil sahəsində öndə gedən ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, həmin ölkələrdə məktəblərin, demək olar ki, əksəriyyəti birnövbəlidir.  Dərslər saat 9:00-da başlayıb, 16:00-da bitir. Bir sinifdə gün ərzində maksimum 6 saat dərs tədris olunur. Dərslərarası fasilə, yəni tənəffüs 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bundan başqa, müəllim gün ərzində 30-40 dəqiqəlik fasilələrlə maksimum 5 saat dərs deyə bilər.  Bir müəllimin gün ərzində 5 saatdan çox deyəcəyi dərs keyfiyyətli hesab olunmur.

 

İndi isə gəlin bizim məktəblərə nəzər salaq. Öncədən etiraf edək ki, şagird sıxlığı səbəbindən xaricdəki  məktəblərdən fərqli olaraq tədris ocaqlarımızın əksəriyyəti, ələlxüsus şəhər məktəbləri ikinövbəlidir.

 

Birinci növbənin dərsləri saat 8:00-da başlayır, 13:00-da bitir. Bundan sonra ikinci növbə saat 13:15-də başlayır və 18:00-da bitir. Dərslərarası tənəffüs 5,  böyük tənəffüs isə 10 dəqiqədir. Məhz bu ikinövbəlilik tənəffüslərin çox qısa olmasına səbəb olur. Nəticədə həm şagird, həm də müəllim 5 dəqiqəlik tənəffüslə dalbadal 5-6, hətta 7 saat tədris prosesində olurlar. Belə olan təqdirdə təbii ki, günün sonlarına yaxınlaşdıqca onlarda yorğunluq özünü büruzə verir ki, bu da tədrisin keyfiyyətinə birbaşa mənfi təsir göstərir.

 

Müşahidələrimiz zamanı bir məsələ xüsusi olaraq diqqətimizi çəkdi. Belə ki, məktəblərin birində 54 yaşlı bir müəllimin gün ərzində iki növbədə 9 saat dərs yükü olduğunu öyrəndik. İndi siz düşünün, 5 dəqiqəlik tənəffüslə 9 saat dalbadal deyilən dərs nə qədər keyfiyyətli hesab oluna bilər? Bəs, buna şərait yaradan kimdir? Məktəb rəhbərliyi, yoxsa müəllimin öz istəyi? Etiraf edək ki, məktəblərimizdə müəllimlərin ən sevmədiyi amilllərdən biri də dərslərarası fasilənin olmasıdır. Müəllimlər arasında buna “pəncərə” deyilir ki, əksəriyyət müəllimlər “pəncərə” olmasını istəmirlər. Bu müəllimin dərsi tez bitirib evə tez getmək istəyindən irəli gəlir. Nəticədə həmin müəllimlər istər-istəməz dərsə yorğun halda girir və tədris keyfiyyətli olmur.

 

Məsələni daha dərindən araşdırmaq məqsədilə tədris prosesinin birbaşa iştirakçısı olan müəllim və şagirdlərlə söhbətləşdik. Onların da bu haqda fikirlərini öyrəndik.

 

“5 dəqiqəlik tənəffüs yalnız müəllimin bir sinifdən çıxıb digər sinfə getməsi üçün yetərlidir”

 

Paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov bizimlə söhbətində qeyd etdi ki, rəhbərlik etdiyi məktəb 1000 yerlik olmasına baxmayaraq hazırda burada 2000-dən çox şagird təhsil alır. Məhz bu səbəbdən də məktəb ikinövbəlidir. Direktor tənəffüs məsələsinə gəldikdə isə onu bildirdi ki, məktəbdə hər iki növbədə tənəffüslər 5, yalnız 3-cü saatdan sonra böyük tənəffüs 10 dəqiqədir. F. Hüseynov 5 dəqiqəlik tənəffüslərin istər müəllimlər, istərsə də şagirdlər üçün yetərli olmadığını dedi: “5 dəqiqəlik tənəffüs yalnız müəllimin bir sinifdən çıxıb digər sinfə getməsi üçün yetərlidir. Təsəvvür edin, müəllim dərsi bitirir və gəlir müəllimlər otağına. Dərhal jurnalı götürüb digər sinfə gedir. Bu prosesi müəllim 5 dəqiqəyə ancaq həyata keçirir. Müəllimin az da olsa dincəlmək üçün heç bir vaxtı qalmır. Düşünürəm ki, tənəffüslər 10 dəqiqə olsa daha yaxşı olar. Müəllim rahat şəkildə bir fincan çay içər, çöldə təmiz hava alar ki, bu da növbəti dərsin daha effektiv keçirilməsinə zəmin yaradar. Bundan başqa, nəzərə alaq ki, müəllimin səhər saatlarında, yəni 1,2,3 saatlarda gümrahlığı axırıncı saatlardakı kimi deyil. Yəni dərslərin sayı çoxaldıqca müəllim də istər-istəməz yorulur. Buna görə də dərslərarası fasilədə müəllimin daha çox dincəlməsinə zaman lazımdır”. Tənəffüslərin vaxtının uzanmasının tərəfdarı olan direktor bunun şagirdlər üçün də effektli olacağını deyir. O, şagirdin istəsə də 6 saat müddətində qısa fasilələrlə tam dərsə adaptasiya olmasının qeyri-mümkünlüyünü deyir: “5 dəqiqəlik tənəffüslər şagirdlər üçün də yetərli deyil. Şagirdin növbəti dərsə adaptasiya olması üçün zehni, fiziki yorğunluğu aradan qalxmalıdır. Bundan başqa etiraf edək ki, bu 5 dəqiqə ərzində şagird qidalanmaq üçün bufetə düşməli və digər ehtiyaclarını ödəməlidir.  Belə olduğu təqdirdə o, vaxta qənaət etmək məcburiyyətində qalır və tələsir. Nəticədə şagirdlər böyük stress keçirir. Bütün bu sadaladıqlarımızı nəzərə alsaq, tənəffüslərin müddətinin artırılmasının tərəfdarıyam”.

 

“Müəllimlərə maksimum 3 dərsdən sonra “pəncərə” veririk”

 

Məsələyə 60 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Süleyman Məmmədov da münasibət bildirib. O, dərs yükü çox olan müəllimlərin dərslərini tənzimləmək, onların dincəlməsinə şərait yaratmaq üçün müvafiq tədbirlər görüldüyünü deyir. “Çalışırıq ki, dərs yükü çox olan müəllimləri dalbadal dərsə salmayaq. Həmin müəllimlərə maksimum 3 dərsdən sonra “pəncərə” veririk. Bu, müəllimin zehni cəhətdən dincəlməsinə şərait yaradır. Yoxsa, 5 dəqiqəlik tənəffüslə müəllim, 5-6 saat ard-arda dərs deməsi çox çətindir”. Tənəffüs məsələsinin çox ciddi bir məsələ olduğunu da deyən direktor müavini tənəffüslərin artırılması üçün müvafiq şəraitin olmasının da vacibliyini diqqətə çatdırdı.

 

“Növbətçi müəllimlər bu 5 dəqiqəni də məktəbin dəhlizlərində olurlar”

 

Paytaxtın Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbin direktoru Rəna Ağazadə təhsil ocağının ikinövbəli və tənəffüslərin isə 5, yalnız böyük tənəffüsün 10 dəqiqə olduğunu deyir. Direktor 5 dəqiqəlik tənəffüsün müəllimə bəs etmədiyini və tənəffüslərin hər birinin 10 dəqiqə olmasının daha səmərəli olduğunu düşünür: “Müəllimlərimiz tənəffüsün demək olar ki, ancaq bir-iki dəqiqəsini müəllimlər otağında keçirə bilir. Hətta növbətçi müəllimlər bu 5 dəqiqəni də məktəbin dəhlizində olurlar. Bütün bunlar müəllimin fiziki və zehni yorğunluğuna səbəb olur. Lakin müəllimlərimiz demək olar ki, artıq bu cür işləməyə adaptasiya olublar. Yenə də düşünürəm ki, müəllimlərin istirahəti üçün bir az artıq zaman olsa, daha yaxşı olar”. Birnövbəli məktəblərdə tənəffüsün 10 dəqiqə olmasının mümkün olduğunu, lakin ikinövbəli məktəblərdə bunun bir sıra çətinliklər törətdiyini bildirən direktor ikinci növbədə oxuyan şagirdlərin valideynlərinin uşaqların axşam evə tez gəlməsini istədiklərini də xüsusilə vurğuladı.

 

“Təkcə böyük tənəffüsdə bir az dincələ bilirik”

 

21 nömrəli tam orta məktəbin müəllimi Hicran Əhmədova isə bizimlə söhbətində qeyd etdi ki, bu gün 3 saat dərsi var. Bu dərslər 1-ci, 3-cü və 5-ci saatlardadı. Hər bir dərsin arasında bir saat “pəncərə”si olduğunu deyən müəllim belə olduğu təqdirdə dərsə daha gümrah girdiyini bildirir. Tənəffüslərlə bağlı məsələyə toxunan H.Əhmədova deyir:“ Təbii ki, 5 dəqiqəlik tənəffüslər biz müəllimlərə yalnız sinif dəyişdirməyə yetir. Təkcə böyük tənəffüsdə bir az dincələ bilirik. Düşünürəm ki, 10 dəqiqəlik tənəffüslər gün ərzində iki dəfə olsa kifayət edər”.

 

“Müəllimlər tənəffüs zamanı rəhbərlik etdikləri siniflərə də nəzarət edirlər”

 

Əməkdar müəllim Yeganə Hüseynova da mövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb. O da bütün tənəffüslərin vaxtının 10 dəqiqə olmasının tərəfdarıdır: “Nəzərə alaq ki, şagirdlər kabinet sisteminə görə tənəffüslər zamanı sinifləri də dəyişirlər. Bu zaman 5 dəqiqə ümumiyyətlə onlara bəs eləmir. Bundan başqa müəllimlərin böyük bir qismi həm də sinif rəhbəridir. Onlar tənəffüs zamanı rəhbərlik etdikləri siniflərə də nəzarət edir, sinfin problemi ilə maraqlanırlar. Bütün bunlar vaxt itkisidir. Həmçinin tənəffüslərdə o qədər qaça-qaç olur ki, biz müəllimlər dəhlizdə uşaqların  aralarından çətinliklə keçib sinfə daxil oluruq. Şagirdləri də qınamalı deyil. Axı onlar da tələsirlər”. Y.Hüseynova müəllimlərin zehni yorğunluq məsələsinə gəldikdə isə artıq buna alışdığını və  4-5 saat dalbadal dərs deməyin onu yormadığını bildirir.   

 

Bəs şagirdlər bu haqda nə düşünür?

 

60 nömrəli tam orta məktəbin şagirdi İlkin Əliyev deyir ki, 5 dəqiqəlik tənəffüs zamanı çalışır ki, sinifdə otursun. O, yalnız böyük tənəffüsdə sinifdən çıxdığını və bufetə getdiyini deyir. “Məktəbimizdə ciddi nizam-intizam var. Hər birimiz bilirik ki, dərsə gecikmək olmaz. Ona görə də tənəffüslərdə ya sinifdə, ya da sinfin qarşısındakı dəhlizdə oluruq. Tənəffüsdə yaxşı dincəlmədiyimiz üçün dərsdə hərdən yorğun oluruq. Bəzən böyük tənəffüslərin vaxtı da bizə yetmir. Bufetdə növbə olur və həmin növbədə biz xeyli vaxt itiririk”.

 

Həmin məktəbin digər şagirdi Firəngiz Hüseynova da tənəffüslərin vaxtının çox olmasını arzulayır. O, kiçik tənəffüslər vaxtı hamının qaçaqaçda olduğunu bildirir: “Kiçik tənəffüs zamanı gözünü açıb yumursan ki, zəng vurulur. Tənəffüs zamanı dəhlizə baxanda hamının tələsdiyini görürük. Bundan başqa, birdən elə olur ki, tənəffüs zamanı müəllimə təklikdə sual vermək istəyirəm. Müəllimlərimiz çalışır ki, sualı cavablandırsın. Lakin çox vaxt müəllimlər vaxtlarının olmadığını da deyib gedirlər. Axı həmin müəllim də növbəti dərsə gedir. Bu kimi məsələləri nəzərə alsaq kiçik tənəffüslər də böyük tənəffüs kimi 10 dəqiqə olsa daha yaxşı olar”. F.Hüseynova günün sonlarına doğru, yəni axırıncı saatlarda daha çox yorulduqlarını da diqqətə çatdırdı.

 

21 nömrəli məktəbin şagirdi Məhbubə Orucova isə fərqli düşünür. O, 5 dəqiqəlik tənəffüsün kifayət etdiyini deyir. “Düşünürəm ki, tənəffüsün müddəti çox olsa təkrar dərsə adaptasiya ola bilmərəm. Tənəffüslərdə demək olar ki, sinifdə oluram”. Təkcə böyük tənəffüsün müddətinin artırılmasını arzulayan Məhbubə bununla da yorğunluqlarının çıxacağını düşünür. 

 

İstər məktəb rəhbərləri, istər müəllimlər, istərsə də şagirdlərlə söhbətlərimizdən məlum oldu ki, 5 dəqiqəlik tənəffüslər onların həm yorğunluğunun çıxmasına, həm də  müəyyən ehtiyaclarının ödənməsinə kifayət etmir.

 

Niyazi RƏHİMOV

Bölmənin digər xəbərləri