Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurası universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) imtahanın gedişatının monitorinqini keçirib. Millət vəkili Aydın Mirzəzadənin sədri olduğu İctimai Etimad Şurası imtahanlar başlamadan əvvəl UFAZ-ın auditoriyalarına baş çəkərək imtahanlar üçün yaradılmış şəraitlə tanış olub, tələbələrin fikirlərini öyrəniblər.

Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi xanım Şarlot Payen, UFAZ-da imtahan prosesini müşahidə etmək məqsədilə Azərbaycana gəlmiş Strasburq Universitetinin professoru Filip Turek, İctimai Etimad Şurasının üzvləri və KİV nümayəndələri toplantı salonunda UFAZ-da imtahan prosesi ətrafında fikir mübadiləsi aparıblar.

İmtahan sualları fənn müəllimlərindən ibarət xüsusi qrup tərəfindən tərtib olunub. İmtahan nəticələri yoxlandıqdan sonra qərar vermək üçün Starsburq Universitetinin ekspertlərindən təşkil olunmuş münsiflər heyətinə təqdim olunacaq, daha sonra qiymətlər tələbələrə elan ediləcək.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək UFAZ-ın yaradılmasının əhəmiyyəti barədə toplaşanlara məlumat verib, dünyanın nüfuzlu ali məktəblərindən biri - Strasburq Universiteti ilə birgə gerçəkləşdirilən bu layihənin ADNSU-da təhsilin standartlarının daha da yüksəldilməsinə müsbət təsir göstərəcəyini vurğulayıb, imtahan prosesini müşahidə etdikləri üçün təşəkkürünü bildirib.

Millət vəkili, İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə UFAZ-da yaradılmış şərait, qabaqcıl təhsil standartlarını yüksək dəyərləndirərək bu layihənin əhəmiyyətini vurğulayıb. İctimai Etimad Şurasının digər üzvləri də tələbələrin təhsil alması üçün UFAZ-da yaradılmış şəraiti yüksək qiymətləndiriblər.