Tədbirdə müxtəlif ölkələrdən 250-dən çox menecer və ekspert iştirak edir


Bakı Ali Neft Məktəbinin (BANM) və “Confidence Capital” (Böyük Britaniya) şirkətinin təşkilatçılığı ilə keçirilən və ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunan SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” adlı III Beynəlxalq Forumu artıq üçüncü gündür ki davam edir. Forumun 4 günlük proqramına əsasən bu gün “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfrans keçirilir.

 

Konfransı açan BANM-ın rektoru Elmar Qasımov  çıxış edəcək məruzəçilərə və iştirakçılara uğurlar arzu edib, Bakı Ali Neft Məktəbinin SOCAR-ın III Beynəlxalq Forumuna və onun çərçivəsində keçirilən Beynəlxalq Konfransa ev sahibliyi etməsindən böyük sevinc hissi keçirdiyini bildirib.

 

Dörd sessiyadan ibarət olan konfransın ilk sessiyası “Azərbaycanın köhnə neft-kimya müəssisələrinin modernizasiyası ilə bağlı nəticələrin təhlili və yeni müəssisələrin işə salınması” haqqında məruzələrə həsr olunub. Bu sessiyada 3 məruzəçi - SOCAR Karbamid zavodunun direktoru Xəyal Cəfərov, “Azərikimya” İstehsalat Birliyinin İnvestisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev çıxış ediblər.

 

“Xəzər bölgəsi ölkələrin neft-kimya istehsalı və neft emal zavodlarının texniki durumu və məhsulları”na həsr olunan ikinci sessiya və “Neft və qaz emalı sahəsində ən yeni texnologiyalar” adlı üçüncü sessiyanın hər birində isə 3 məruzənin dinlənilməsi nəzərdə tutulub.

 

Konfransın dördüncü sessiyası isə dörd əcnəbi qonağın “Neft emalı zavodlarında yeni informasiya texnologiyalarının tətbiq olunması: İdarə olunmasının effektivliyinin artırılması” mövzusunu əhatə edəcək məruzələrindən ibarət olacaq. 

 

SOCAR-ın III Beynəlxalq Forumu çərçivəsində  keçirilən “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfransda müxtəlif ölkələrdən 250-dən çox menecer və ekspert iştirak edir.

 

Qeyd edək ki, SOCAR-ın III Beynəlxalq Forumunun rəsmi hissəsinə bu gün bağlanış mərasimi ilə yekun vurulacaq. Forumun sonuncu günü  - aprelin 26-da  isə iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıt neft-kimya kompleksinə texniki səfər təşkil olunacaq.