Tələblər sürətlə yenilənsə də, müqayisədə keçmişə qayıtmaq istəyirik


 

Təhsillə bağlı ən çox müzakirə olunan mövzulardan biri məhz dərsliklərlə bağlıdır. Elə ötən ilin də gündəmini ən çox məşğul edən məhz dərsliklərdəki səhvlər ilə bağlı səslənən fikirlər, paylaşılan “dəlillər” oldu. Ola bilsin ki, bu il də sosial şəbəkələrdə dərsliklərdə “aşkar etdiyimiz” səhvlər müzakirələrdə ilk yeri tutsun. Axı, evində məktəbyaşlı uşağı olan hər ailədə dərslik var. Heç kitab vərəqləməyən, qəzet üzü açmayanlar belə, uşaqlarıyla dərslik oxuyur.

Dərsliklərlə bağlı deyilənlərin çoxu ilə razılaşmamaq mümkün deyil. Xüsusən sovet hakimiyyəti illərində biz azərbaycanlıların oxuyaraq böyüdüyü dərsliklərin, sözün əsl mənasında, nümunə olduğunu nəzərə alsaq, onda orta nəsil nümayəndələrinin dərsliklərdəki səhvlərə həssas münasibəti tamamilə anlaşılandır. Müstəqil Azərbaycan məktəblərində istifadə olunan dərslikləri məhz sovet Azərbaycanının dərslikləri ilə müqayisə etməyimizdə də qeyri-adi  heç nə yoxdur. Amma...

Məsələnin əmması ondan ibarətdir ki, Azərbaycanın müstəqillik təcrübəsi heç 30 il də deyil.  Bu cavan dövlətin dərslik siyasəti isə 2006-cı ildən formalaşmağa başlayıb. Həmin il hökumətin qərarı ilə “Ümumi təhsil sistemində dərslik siyasəti” adlı sənəd qəbul edilib. Həmin sənədə qədər sadəcə yanaşmalar, tədqiqatlar və sovet hakimiyyəti illərindən qalan təcrübə olub.

“Təcrübə azdırmı?” – deyə soruşuruqsa, onu da nəzərə almalıyıq ki, sovet hakimiyyəti illərində Azərbaycanın müstəqil dərslik siyasəti olmayıb. Bəs, nə olub?

Gəlin, nəzər salaq. Azərbaycanda kimlər dərslik müəllifi olub? Dərslikdə nəyin əksini tapacağına kimlər qərar verib? Bir sözlə, Azərbaycanda müstəqil dərslik hazırlamaq ənənəsi varmı?

Bu suallara cavab tapmaq üçün “Azərbaycan müəllimi” qəzeti Azərbaycanın dərslik hazırlanması tarixinə Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasovla nəzər salıb.

 

Məzmununu müəlliflərin özünün müəyyənləşdirdiyi dərsliklər

 

Müsahibimiz deyir ki, Azərbaycanda ilk dərslik sovet hakimiyyəti illərindən əvvələ aiddir. Həmin vaxt dərslik yazmağın prinsipi olmayıb. XIX əsrin müəllifləri özünün məqsədəuyğun saydığı, öz əsərlərindən də nümunələr daxil etməklə dərslik nümunələri yaradıblar. Məsələn, uzun müddət məktəblərdə Sədinin “Gülüstan”ından dərslik kimi istifadə edilib. Əxlaqi söhbətlər, poetik nümunələr, süjetli hadisələrlə zəngin, tərbiyəvi əhəmiyyəti olan bu kitabdan məktəbdə istifadə etmək faydalı hesab olunub.

Ə.Abbasovun sözlərinə görə, XIX əsr Azərbaycan mədəniyyətində və tarixində mühüm dövr sayılır: “İlk ana dilli məktəbinin açılmasıyla dərslik zərurəti ortaya çıxıb. Həmin dövrdən başlayan dərslik ənənələrimiz var və onu Mirzə Fətəli Axundovun adı ilə bağlayırlar. Çap olunmasa da, ilk “Əlifba” dərsliyini məhz onun yaratdığı deyilir”.

Cənubi Qafqazda yaşayan xalqların nümayəndələrinin ilk tədris ilində öz ana dilində dərs almalı olduğuna dair Qafqaz canişininin təsdiq etdiyi təlimatdan sonra dərslik yaradılması prosesi xüsusilə sürətlənib. 1882-ci ildə A.O.Çernyayevskinin topladığı material əsasında “Vətən dili” adlanan dərsliyin birinci hissəsi (Vətən dili, I hissə) işıq üzü görüb. İkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan "Vətən dili" dərsliyinin II hissəsini (Vətən dili, II hissə) 1888-ci ildə A.O.Çernyayevski və Səfərəli bəy Vəlibəyov tərtib edib.

40 ilə yaxın müddət ərzində Cənubi Qafqazda аzərbaycanlı uşaqlar və müəllimlər üçün mükəmməl dərs vəsaiti olan "Vətən dili"ndən Üzeyir bəy HacıbəyovMüslüm MaqomayevMahmud bəy Mahmudbəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov və başqa yüzlərlə Azərbaycan ziyalısı istifadə edib.

 

Məqsədi məzmununda əks olunan dərsliklər

 

Dilimizdə əsas dərsliklər ölkəmizin Sovetlər Birliyinin tərkibində olduğu dövrə təsadüf edib. Sovet məktəbində təlimin məzmunu çox vacib sayılıb. Odur ki, SSRİ hökumətinin qərarı ilə məktəblərdə təhsilin məzmunu təkmilləşdirilib, proqramlar yaradılıb.

Azərbaycanda da sovet dərsliklərinin prinsiplərinə istinad edilib. Hətta müəllifi azərbaycanlı olan dərsliklər də Rusiyada hazırlanan sovet dərsliklərinə əsaslanıb. Vahid prinsiplər əsasında fərqli faktlarla, nümunələrlə dərsliklər hazırlanıb.

Sovet məktəbində xüsusi önəm daşıyan, bilikyönümlü dərsliklər əvvəlcədən müəyyənləşdirilmiş məzmuna əsaslanıb. Hətta 30-40-cı illərdə hazırlanan dərsliklər elmi yenilikləri, hadisələri “sabitləşdirib”. Dərslikdə əksini tapan yenilik elmi təsdiqini tapmış sayılıb. Yeganə informasiya mənbəyi, bilik mənbəyi rolunu uzun müddət yerinə yetirən dərsliklərin məlumatları inanılmış olub.

Ə.Abbasovun sözlərinə görə, dəqiq elmlər – “Riyaziyyat”, “Fizika” kimi fənnlər, təbiət elmləri - tərcümə olunub. Qədim dünya tarixi əvvəllər rus müəlliflərdən tərcümə olunsa da, sonradan azərbaycanlı müəlliflər tərəfindən hazırlanıb. Ancaq mətnlər ümumi sovet dərsliklərinə əsaslanıb: “Ümumi düşüncə var idi. Az qala Azərbaycan dili proqramı da “Russkiy yazık” proqramından tərcümə səviyyəsində tərtib edilirdi. Sovet dövründə elə konseptual sənədlər olmayıb. 50-60-cı illərə qədər dərsliklər tamamilə informasiya yönümlü olub. Sonradan praktik tapşırıqların sayı artırılıb”.

Ə.Abbasov istisna məqamları da qeyd edib. Məsələn, Azərbaycan dilinin elmi qrammatikasına dair kitabların olmadığı bir vaxtda Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə kimi dərslik müəllifləri 50 ilə qədər ömrü olan “Azərbaycan dili” dərsliyini hazırlayıblar: “Bu dərslik dilçiliklə bağlı mövcud olan dağınıq fikirləri elmi şəkildə formalaşdırdı. Sonradan Azərbaycan dilçiliyinə aid ayrı-ayrı tədqiqtlar aparıldı, kitablar dərc olundu”.  

 

Dərslik dərsin xəritəsidir

 

“Dərslik, əslində tərtibatdır. Burada təzə elmi fikir yaradılmır, elmdə olan yeniliklər öz əksini tapır. Biliklər daim yeniləndiyindən, təkmilləşdiyindən, dərsliklər müəyyən dövr üçün aktual olur və  4-5 ildən bir yenilənir”, - deyən Ə.Abbasovun sözlərinə görə, dərslikdə hər zaman məzmun ifadə olunub: “Əbdül Əlizadə deyirdi ki, dərslik dərsin xəritəsidir. Uzun zaman proqrama uyğun dərslik, dərsliyə uyğun dərs olub. Ona görə də dərslik vacib komponent sayılıb”.

 

Müasir Azərbaycan dərsliyi

 

 

Müasir Azərbaycan dərslikləri isə bir çoxlarının təlqin etməyə çalışdığı kimi, heç də təhsilin “üz qarası” deyil. Müəyyən parametlərə görə hətta yaxşı dərsliklər sayıla bilər.  Ə.Abbasov da bu fikirdədir ki, mübahisə və tənqidlərə baxmayaraq, bu sahədə təkmilləşmə gedib. Dərsliklərlə bağlı çoxlu araşdırma aparılıb. İllər keçdikcə mükəmməlləşən bir ənənə formalaşıb. Lakin müasir dərsdə dərsliyin statusu, rolu dəyişib. Ona görə də bu gün dərslikdən nə gözlədiyimizi düzgün müəyyənləşdirməliyik: “Dərslik ənənəsi olsa da, yanaşma dəyişib. Dərslik daha yeganə bilik mənbəyi deyil. Hətta belə fikirlər səslənir ki, 2020-ci ildə dərslik, 100 il sonra isə müəllim olmayacaq. Müəllimləri robot müəllimlər əvəz edəcək”.

 

Bəs dərsliyi nə əvəz edəcək?

 

Ə.Abbasov deyir ki, artıq müasir məktəbdə müəllimin qarşısında qoyulan tələblər dəyişib. İndi onlardan, ilk növbədə, dərsliyə yaradıcı yanaşma tələb olunur. Müəllim tədqiqatçı olmalı, uşaqların səviyyəsinə uyğun hərəkət planı seçməlidir. Hətta təlim materiallarını da özü hazırlamalıdır. Odur ki, müasir dərsdə müəllim daha böyük amildir: “Artıq dərsliklə bağlı yanaşmalar dəyişir. Dərs daha müasir səviyyədə qurulur. Çoxlu internet resursu, zəngin mənbə varsa, dünyada elektron dərsliklərdən istifadə edilirsə, Azərbaycanda dərslik niyə bu qədər böyük əhəmiyyət daşıyır ki?! Finlandiyada bir sinfin 5-6 variativ dərsliyi var. Bunu müəllimlər, icmalar seçir. Mənbələr doludur. Kanadada ibtidai siniflər üçün dərslik yoxdur. Resurs çoxdur, müəllimlər və şagirdlər istənilən mənbədən istifadə edir. Azərbaycan məktəblərinin hamısında internet şəbəkəsi var. Sadəcə, onlardan istifadə etməyi öyrənmək lazımdır”.

 

Dərslik tarixdəki rolunu başa vurub

 

Beləliklə, rus tərtibçilərinin hazırladığı dərsliklərdən tərcümə edilən dərs vəsaitlərinin xiffətini çəkmək yersizdir. Məzmununu müstəqil Azərbaycan hökumətinin, tədris planını Təhsil Naziriyinin təsdiq etdiyi, azərbaycanlı müəlliflərin hazırladığı dərsliklərin orfoqrafik və yaxud texniki səhvlərini gözümüzdə çox böyütməyək. Nəzərə alın ki, artıq dərslik məktəbdə əvvəlki qədər həlledici deyil. Dərsliklər tarixdəki rolunu başa vurub. İndi onlar, sadəcə, istiqamətverici rol oynaya bilər, vəssalam. Övladınızın hansı dərslikdən oxuyacağına deyil, ona kimin dərs deyəcəyinə fikir verin. Çünki müasir məktəb bir sovet məktəbindən çox fərqlənir. Burada bilikyönümlü sovet dərsliyi deyil, şagirdlərin bacarıqlarını inkişaf etdirən müəllim əsas amildir.

 

Ruhiyyə DAŞSALAHLI