Nailiyyətlər qədər problemlər də var


Fiziki məhdudiyyətləri olan şəxslərin təhsil imkanlarının genişləndirilməsi üçün normativ aktların işlənilməsi və tətbiqinə ötən əsrin 70-ci illərindən başlanılıb. ABŞ-ın və Avropa ölkələrinin müasir təhsil siyasətlərində problemə bir neçə yanaşma mövcuddur: təhsil imkanlarının genişləndirilməsi, meynstriminq, inteqrasiya və inklüziv. Meynstriminq yanaşmaya görə, fiziki məhdudiyyətləri olan uşaqlar həmyaşıdları ilə müxtəlif bayram tədbirlərində və şənliklərdə ünsiyyətdə olurlar. İnteqrasiyalı yanaşmaya əsasən, məhdudiyyətli uşaqların tələbatları dəyişməz qalan təhsil proqramına uyğunlaşdırılır. İnklüziv yanaşma isə özündə məktəblər və təhsil ocaqlarının elə yenidən planlaşdırılmasını ehtiva edir ki, istisnasız olaraq bütün uşaqların ehtiyaclarına cavab versin.

 

1990-cı illərdə ABŞ-da və Avropada fiziki məhdudiyyətli uşaqların valideynlərinin təşkilatlanması, fiziki məhdudiyyətli vətəndaşların və onların müdafiəçilərinin ictimai fəallığı barədə bir sıra məqalələr işıq üzü gördü. Bütün bunlar inklüziv təhsilin inkişafına təkan verdi. 1980-90-cı illərdə aparılmış inklüziv təhsilin iqtisadi səmərəliliyinə dair araşdırmalar inteqrasiyalı təhsilin nailiyyət, qazanc və xeyir amilləri baxımından rentabelli yol olduğunu göstərdi. Hazırda Qərb dövlətlərinin əksəriyyətində məhdud imkanlı uşaqların təhsil haqqı və imkanlarına dair ümumi yanaşma formalaşıb və tətbiq olunmaqdadır. Bu istiqamətdə dövlət və bələdiyyə məktəbləri inklüziv təhsil üçün büdcədən maliyyələşdirilirlər. 13 dekabr 2006-cı ildə BMT-nin Baş Assambleyası “Əlillərin hüquqları barədə” konvensiya qəbul edib ki, bu sənəddə inklüziv təhsil də öz əksini tapıb.

 

ABŞ-ın müasir təhsil sistemi kütləvi və xüsusi təhsilin sıx birliyini nəzərdə tutur. Bu xəttə münasibətdə üç yanaşma mövcuddur: “Əsas istiqamət”, “Kütləvi təhsil təşəbbüsü” və “Daxilolma”. “Əsas istiqamət”ə görə, məhdudiyyəti olan uşaqlar kütləvi məktəblərin siniflərinə yerləşdirilir. Məntiq budur: əvvəl-axır bu uşaqlar böyüyüb cəmiyyətə inteqrasiya olunacaqlar. Bu səbəbdən ümumi məktəblər vasitəsilə təhsil və ictimai fəallıqlarını artırsınlar.

 

“Turrion” elmi-praktiki psixoloji mərkəzin məlumatına görə, “Kütləvi təhsil təşəbbüsü” ABŞ-ın Təhsil Departamentinin xüsusi təhsil şöbəsi tərəfindən irəli sürülüb. Bu yanaşma birincidən daha da irəliyə gedərək məhdudiyyətli uşaqların təhsilində fundamental dəyişikliklər təklif edir. Bu yanaşma Amerika cəmiyyəti tərəfindən tam dəstəyə nail ola bilməyib. Bir sıra defektoloqlar və təhsil müəssisəsi direktorları hesab edirlər ki, bu istiqamətdə daha dərin araşdırmalara ehtiyac var.

 

“Daxilolma” modelinin tərəfdarlarına görə, belə uşaqlar yaşayış yerləri üzrə mövcud olan məktəblərə cəlb olunmalıdırlar. Belə uşaqların hər biri üçün xüsusi komanda tərəfindən proqramlar hazırlanır.

 

Araşdırmalar göstərir ki, inklüziv təhsil zamanı müəllimlərə olan tələblər olduqca yüksəkdir, belə ki, onlar həm adi, həm də məhdudiyyəti olan uşaqlarla keyfiyyətli tədris prosesini həyata keçirməyi bacarmalıdırlar.

 

Hazırda ABŞ-da 1990-cı ildə qəbul edilmiş “Məhdudiyyəti olan şəxslərin təhsilinə dair” Akt fəaliyyətdədir. Bu sənədə görə, hər bir belə uşaq milli təhsil sisteminin müəssisələrində pulsuz təhsillə təmin olunmalıdır. Valideynlərin məktəblərdən övladlarının təhsilinə dair sənəd tələb etmək hüquqları var. Qanuna görə, məhdudiyyəti olan uşaqlar nəinki təhsil, habelə psixoloq, loqoped, audioloji müayinə, nəqliyyat yardımı ala bilərlər.

 

FRANSAda yanaşma bundan ibarətdir ki, kütləvi məktəblərə məhdudiyyəti olan maksimum dərəcədə çox uşaq cəlb edilsin. Bu proses 4 variant əsasında reallaşdırılır:

 

1. Uşaq adi məktəbdə adi proqram əsasında təhsil alır, ancaq əlavə olaraq tibbi prosedur və tərbiyəvi xarakterli aksiyalarda iştirak edir;

 

2. Uşaq adi məktəblərdə oxumaqla yanaşı, əlavə proqram əsasında da təhsil alır. Məsələn, görmə qabiliyyətində problem olan uşaq əlavə korreksiyalı-inkişafetdirici proqramdan yararlanır;

 

3. Əsas vaxtda uşaq xüsusi siniflərdə xüsusi proqram əsasında təhsil alır, qalan vaxtı isə adi siniflərdə həmyaşıdları ilə birlikdə olur;

 

4. Uşaq yalnız xüsusi sinifdə xüsusi proqram əsasında təhsil alır. Ancaq digər uşaqlarla birlikdə səhər yeməyi, müxtəlif idman tədbirlərində iştirak edə bilər.

 

Ötən əsrin 70-ci illərindən etibarən İTALİYAnın bütün xüsusi məktəb və sinifləri ümumi təhsil sisteminə inteqrasiya olunub. Hazırda məhdudiyyəti olan uşaqların 99%-i adi məktəblərdə digər həmyaşıdları ilə birlikdə təhsil alır. Belə uşağın adi sinifdə müəllimdən lazımi yardımı alması üçün onun məhdudiyyətli şəxs kimi qeydiyyatdan keçməsi tələb olunur. Bu qeydiyyat valideynin razılığı ilə edilir və cəmi birillik müddətə imzalanır. Vaxt başa çatdıqda onun uzadılması, yaxud xüsusi yardımın başa çatmasına dair qərar qəbul edilir.

 

Ancaq İtaliyada məhdudiyyəti olan uşaqların ümumi məktəblərə cəlb olunması istiqamətində müəyyən problemlər də mövcuddur. Məsələ burasındadır ki, dövlətin nəzdində olan xüsusi məktəblərin sayı azaldıqca, özəl xüsusi məktəblərdə  məhdudiyyəti olan uşaqların sayında artım müşahidə olunur. Təhsil inteqrasiyasının inkişafı baxımından ölkənin müxtəlif bölgələri arasında ciddi fərqlər var. Çünki dövlət tərəfindən koordinasiya prosesi minimum səviyyədədir. Bir sıra müəllimlər inteqrasiyalı təhsili qəbul etsələr də, tədris prosesini köməkçi müəllimlərin üzərinə yıxırlar, yaxud belə uşaqların sinifdən kənar təhsil almalarına çalışırlar.

 

İtaliya təhsil sistemində inteqrasiyalı təhsilin inkişafına dair problemlərin bir sıra səbəbləri var. Belə ki, proses həyata keçirilmədən öncə lazımi sayda mütəxəssis olmayıb. Üstəgəl, regionların fərqli ehtiyac və spesifikliyi lazımi dərəcədə araşdırılmayıb. Ümumtəhsil məktəblərində işləyən müəllimlərin bu istiqamətdə xüsusi ixtisasartırma tədbirlərindən keçmə imkanları məhdudlaşdırılıb. Məsələn, müəllimlərin ayda cəmi bir dəfə xüsusi məşğələlər görmələri effektiv olmayıb. Xeyli müəllim, ümumiyyətlə, bu kurslardan yararlana bilməyib. Onların yardımçı müəllimlərlə münasibətlərində problemlər yaşanır. Eyni zamanda, həmin yardımçı müəllimlərin xüsusi təhsil prosesinə nəzərəçarpan töhfələri müşahidə olunmayıb.

 

Mütəxəssislərin fikrincə, bu istiqamətdə ən ciddi problemlərdən biri dərin əqli məhdudiyyətləri olan uşaqların ümumi, inteqrasiya olunmuş təhsil prosesinə cəlb edilməsidir. Belə bir yanaşma var ki, bu qrup uşaqlar üçün xüsusi təhsilli məktəblər bərpa olunmalıdır. Ancaq bu tələb və təkliflər dövlət tərəfindən qəbul edilmir, çünki hesab olunur ki, xüsusi məktəblərin fəaliyyəti “şəxsiyyətin aşağılanması”dır və təhsil prosesinə heç bir xeyir vermir. Bütün bu problemlər onunla nəticələnir ki, məhdudiyyətləri olan xeyli sayda uşaq, ümumiyyətlə, təhsil görmür.

 

Kütləvi məktəblərin yuxarı siniflərində məhdudiyyətləri olan uşaqların təhsil almaları daha çətin olur. Belə ki, adi uşaqlardan bəzilərinin valideynləri buna qarşı çıxırlar. Müəllimlərin lazımi hazırlıqlar görməmələri səbəbindən onların belə uşaqlara təhsilin məqsədlərini aydın şəkildə çatdırmaları istiqamətində əngəllər mövcuddur.

 

Ümumi şəkildə qeyd etmək olar ki, İtaliyada geniş anlamda inklüziv təhsilin tətbiq edilməsinə nail olunub. Ancaq nəticələrə dair sistemli işlənilmiş məlumatlar olmadığına görə inteqrasiyalı təhsilin effektivliyi barədə rəy vermək çətindir.

 

Rüstəm QARAXANLI