“Tarixi abidələrimizi tanıyaq və tanıdaq” adlı yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar


Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Tarixi abidələrimizi tanıyaq və tanıdaq” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub. Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov böyük diqqət və qayğı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində  görülən işlərdən danışıb. Bu cür tədbirlərin Naxçıvanın türk-islam maddi-mədəniyyət abidələrini  gənc nəslə  təbliğ etmək, bu abidələrimizin qədimliyini və möhtəşəmliyini film və fotolara köçürməklə yaşatmaq və dünyaya tanıtdırmaq,  gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaqda faydalı olduğunu nəzərə alan rektor gəncləri növbəti müsabiqələrdə daha aktiv olmağa çağırıb.

 

Qeyd edilib ki, müsabiqə ən yaxşı film, ən yaxşı foto istiqaməti üzrə aparılıb. Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, yaradıcılıq qabiliyyəti olan  gənc və b. iştirak ediblər. Müsabiqədə 50-dən artıq gənc, 100-ə yaxın işi ilə iştirak edib. Peşəkar münsiflərin rəyinə əsasən “Beynəlxalq münasibətlə” ixtisası üzrə II kurs tələbəsi Fərman Hacıyev müsabiqənin qalibi olub.  Universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə I kurs magistri Aynur Həsənli II, “Alman dili”  ixtisası üzrə II kurs tələbəsi Sunay Qasımzadə isə III yerə çıxıb. 10 nəfər gənc  həvəsləndirici yerə layiq görülüb.

 

Qaliblərə  diplom və pul mükafatı verilib. Həvəsləndirici yerə layiq görülənlər isə Naxçıvan Muxtar Respublikasının tarixi abidələrinin əks olunduğu suvenirlərlə mükafatlandırılıblar. Mükafatlandırılanlar sırasında məktəblilərin də yer alması təqdirəlayiq hal kimi dəyərləndirilib.