Tədris prosesi zamanı müşahidə olunan mənfi və müsbət məqamlar müzakirə edilib


UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb. Tədrisin keyfiyyətinin yüksəldilməsinin UNEC-in əsas hədəflərindən olduğunu bildirən rektor keyfiyyət elçilərinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, işlərin daha da təkmilləşdirilməsi üçün keyfiyyət elçiləri mexanizminin institutlaşmasının vacibliyini vurğulayıb. Keyfiyyət elçilərinin müəyyən olunan kriteriyalar əsasında seçiləcəyinə diqqət çəkən Ə.Muradov seçim zamanı onların Diferensial Əməkhaqqı Sistemindəki yerlərinin də əsas meyarlardan biri kimi götürüləcəyini vurğulayıb. Rektor UNEC-in müəllifi olduğu layihədən gələcəkdə digər ali təhsil müəssisələrinin də yararlana biləcəyini qeyd edib.

Görüşdə tədris prosesi zamanı müşahidə olunan mənfi və müsbət məqamlar müzakirə edilib və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində təkliflər dinlənilib. İctimai Nəzarət Şurasının yalnız imtahanlarda deyil, bütün tədris ili boyu UNEC-də fəaliyyət göstərəcəklərini nəzərə alaraq, onların keyfiyyət elçiləri ilə birlikdə dərsləri müşahidə etmələri təklif olunub. Bundan başqa, keyfiyyət elçilərinin UNEC-in Zaqatala filialı və Maliyyə İqtisad Kollecində də fəaliyyət göstərmələri, monitorinqin nəticələrinə əsasən, yüksək nəticələr göstərən müəllimlərin nümunəvi dərslərinin təşkili, müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində təlimlərin keçirilməsi də təkliflər sırasında yer alıb.

Qeyd edək ki, keyfiyyət elçiləri UNEC-də 2015-2016-cı tədris ilindən fəaliyyət göstərir. Onların müəyyən edilməsində elektron universitet platformasını aktiv istifadə, müasir təhsil metodologiyasına və interaktiv tədris prosesinə yaxından bələd olması əsas götürülüb. Keyfiyyət elçiləri müəyyən olunan qrafik üzrə həftədə ən azı bir dəfə (növbə) fakültə üzrə dərslərin monitorinqində iştirak edir. Monitorinq tədrisin sillabuslarda və təqvim-tematik planlarda qeyd edilən mövzulara uyğunluğu, mühazirə mətnləri, interaktiv tədris vəsaitləri, müəllimlərin mövzuya hakimliyi, dərs vaxtının optimal şəkildə idarəedilməsi, seminar dərslərində mövzu üzrə praktiki nümunələrin izahı, kollokviumlara hazırlıq və digər göstəricilər əsasında aparılır.