Naxçıvan Dövlət Universitetində dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə universitetdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, tədbiri rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  açaraq Lütfi Zadənin şərəfli ömür yolundan, dünya elminə əvəzsiz töhfələrindən, elmi nəzəriyyələrinin tətbiqindən və inkişafından danışıb.

Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rövşən Həsənov “Qeyri-səlis çoxluq və qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda çıxış edib.  Çıxışda alimin elmi tədqiqatlarından, əldə etdiyi uğurlu nəticələrdən ətraflı danışılıb. Rövşən Həsənov qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti haqqında məlumat verərək qeyd edib ki, ömrünün son illərinə qədər elmi fəaliyyətlə məşğul olan böyük alimin daha  5 böyük nəzəriyyəsi də var. Görkəmli alimin zəngin elmi fəaliyyətindən bəhs edən natiq vurğulayıb ki, gördüyü işlər sayəsində Lütfi Zadə Azərbaycanın adını yüksəklərə qaldırıb və xalqımız onunla fəxr edir. 

Tədbirdə alimin həyat və yaradıcılığından bəhs edən videoçarx, eləcə də universitet tələbələrinin alimlə bağlı hazırladığı sorğu təqdim olunub.

Tədbir çərçivəsində təşkil olunmuş viktorinada fizika-riyaziyyat fakültəsinin I, II və III kurs tələbələri iştirak edib. Bir turdan ibarət bilik yarışında tələbələrə riyaziyyat, fizika və informatika fənlərindən üç mövzu və hər mövzuya  aid 5 sual təqdim olunub. Viktorinanın nəticələrinə əsasən “Riyaziyyat  və informatika müəllimliyi” ixtisasının III kurs tələbələri I, “Riyaziyyat müəllimliyi” ixtisasının II kurs tələbələri II, həmin ixtisas üzrə III kurs tələbələri isə III yerlərə layiq görülüblər.