Böyüməkdə  olan nəslin mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqlı şəxsiyyət kimi formalaşdırılması bu gün cəmiyyətimiz qarşısında duran çox mühüm vəzifədir.

                                                                                                                                                                                    Heydər ƏLİYEV,

                                                                                                                                                                                   Ümummilli lider

 

 

 

Həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar.

 

                                                                                                                                                                                      İlham ƏLİYEV,

                                                                                                                                                Azərbaycan Respublikasının Prezidenti

 

 

Hər bir dövlətin dövlətlər arasında, beynəlxalq aləmdə nüfuzu və siyasi imici sosial-iqtisadi qüdrəti ilə yanaşı, eyni zamanda onun ideoloji əsaslarının mütərəqqi və humanist xarakteri ilə dəyərləndirilir. Vətəndaşlarının mənəvi zənginliyi, vətənpərvərliyi və tolerantlığı, əslində, həmin ölkənin dövlətçilik ideologiyasının milli və bəşəri dəyərlər üzərində qurulmasının, bilavasitə insanların mənafeyinə yönəldilməsinin real göstəricisidir.

 

Böyük türk mütəfəkkiri Ziya Göyalpın məşhur fikridir ki, Məfkurəsiz dövlətlər hər an qopacaq bir qiyaməti gözləyirlər. Dirildən və yaradan bir məfkurəyə malik olan hər dövlət ölməzdir”.

 

Bu mənada böyük iftixar hissi ilə demək lazımdır ki, ideya müəllifi və yaradıcısı ümummilli liderimiz Heydər Əliyev olan azərbaycançılıq məfkurəsi milli həmrəyliyi, ölkəmizdə yaşayan bütün millət və xalqların birliyini təcəssüm etdirməklə müstəqil Azərbaycanın rəsmi dövlət ideologiyasına çevrilmişdir. Bu ideologiya ulu öndərin irəli sürdüyü “Xalq dövlət üçün yox , dövlət xalq üçün olmalıdır” müddəasının parlaq təzahürüdür.

 

Bizim üçün tarixi bir amal var - azərbaycançılıq” deyən ümummilli liderimizin yığcam və hamı üçün əlçatan sadə dildə ifadə olunmuş fikrinə görə, “Azərbaycançılıq - öz milli mənsubiyyətinin, milli-mənəvi dəyərlərin saxlanması, eyni zamanda onların ümumbəşəri dəyərlərin sintezi, inteqrasiyası ilə zənginləşməsi, hər bir insanın inkişafının təmin edilməsi deməkdir”.

 

Göründüyü kimi, azərbaycançılıq ideologiyasının mahiyyəti, məna tutumu çox dərindir və fəlsəfi baxımdan yanaşsaq, hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının həyat yolunu, bugünümüzə və gələcəyə baxışlarını müəyyən edir.

 

Heç də təsadüfi deyil ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda azərbaycançılıq ideyalarına sadiq vətəndaşın yetişdirilməsi təhsilin əsas məqsəd və vəzifələrindən biri hesab edilmişdir. Bu mənada, heç şübhəsiz, azərbaycançılıq məfkurəsinin əsas qayəsinin və ideyasının gənc nəslə aşılanması, onların Vətənə, dövlətçiliyə, dövlət rəmzlərinə, ilk növbədə, Azərbaycanın Himninə və Bayrağına, milli-mənəvi dəyərlərə hörmət və sadiqlik, ekstremist və düşmən qüvvələrə isə barışmazlıq ruhunda tərbiyəsi, xüsusilə də torpaqlarımızın bir hissəsinin işğal altında qaldığı bir vaxtda orduda xidmətin, vətənin müdafiəsinin şərəf və ləyaqət nümunəsi olması ideyasının təbliği və təşviqi ümumtəhsil məktəblərində aparılan ideoloji işlərin vacib tərkib hissəsi kimi qəbul olunur.

 

Müasir dünyamızda inteqrasiya meyillərinin və mobilliyin güclənməsi, əxlaqi dəyərlərə və mədəniyyətlərə müxtəlif yanaşma və baxışların yaranması ilə müşayiət olunan qloballaşma təzahürlərinin getdikcə daha geniş vüsət aldığı indiki şəraitdə bu, taleyüklü vacib problem kimi meydana çıxır. Yəqin belə bir fikir də ciddi mübahisə doğurmaz ki, bütün dövrlərdə əqidəli, sədaqətli, vətənpərvər, millətinin səadəti yolunda hər cür çətinliyə və cəfalara sinə gərən mübariz insanlara cəmiyyətdə daha çox hörmət və ehtiram göstərilmiş, minnətdarlıqla yad edilmişlər.

 

Eyni zamanda, bu da inkarolunmaz faktdır ki, hazırda elmi nailiyyətlərin durmadan artması, texniki tərəqqinin sürətli inkişafı, informasiya məkanının anbaan genişlənməsi, bütün fəaliyyət sahələrində rəqabətin güclənməsi cəmiyyətdə “bilikli insan” amilinə böyük tələbat yaratmışdır. İnkişafın lokomotivi sayılan biliklərə yiyələnmənin, qazanılan bilikləri bacarığa və şəxsi dəyərə çevirə bilən insanın formalaşdırılmasının əsası, bünövrəsi isə ümumtəhsil məktəblərində qoyulur.

 

Bununla belə, məlum məsələdir ki, ümumi təhsilə cəlb edilmiş uşaqlar potensial imkanları və intellektləri, istedadları, təhsilalma bacarıqları və təlim göstəriciləri baxımından heç də eyni səviyyəli olmurlar. Məktəbin məzunları arasından gələcəyin alimi, mütəxəssisi, sənətkarı da yetişir, sadə peşə sahibləri də azlıq təşkil etmir. Lakin həyatda  tutduğu mövqeyindən, təhsil səviyyəsindən, peşəsindən asılı olmayaraq, hamı öz ölkəsinin sadiq vətəndaşı olmalıdır. Vətən təəssübünün, vətəndaşlıq və dövlətçilik mövqeyinin üstün tutulması baxımından cəmiyyətdə hamıya eyni tələb mövcuddur. Doğrudur, hər bir ölkəyə inkişaf üçün yüksək bilikli, elmli insanlar çox lazımdır, lakin onların qəlbində Vətən, millət, xalq sevgisi, mənsub olduğu dövlətə sədaqət olmazsa, belələrinin elmi də, istedadı da heç nəyə yaramaz.

 

Bu mənada qətiyyətlə deyə bilərik ki, heç bir uşağı nəzərdən qaçırmamaqla və hər bir uşağa “sən dövlət, cəmiyyət üçün gərəkli şəxssən” fikrini aşılamaqla onların hər birinin həyatda layiq olduqları yeri tuta bilmələri yönümündə dəstəkləyici pedaqoji tədbirlər görmək, savad, bilik əldə etmələri üçün etibarlı zəmin yaratmaq məktəbin bir vəzifəsidirsə, əsl insan, əqidəli vətəndaş tərbiyə etmək onun ikiqat vəzifəsidir. Ulu öndər Heydər Əliyevin hamıya örnək olan ibrətamiz fikridir ki, “Milli qürur hissi hər birimizdə bütün duyğulardan üstün olmalıdır. Hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır”. Heç şübhəsiz, məşhurların bu fikirləri ilə də həmrəy olarıq ki, Bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır” (Con Lokk - ingilis pedaqoqu), “Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və millilik üzərində dayanılmalıdır ki, vətəni cənnətə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin” (Əbdülfəttah Şahin- türk alimi və mütəfəkkiri).

 

Ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrlə ideoloji sahədə aparılan işlərin arzuolunan müsbət nəticə verməsini istəyiriksə, şüarçılıqdan, ən başlıcası isə kampaniyaçılıqdan kənar olmalıyıq. Şagirdə “vətənpərvər olmaq lazımdır” deməklə vətənpərvərlik hissini aşılamaq mümkün deyil. Bu işlər sistemli, inandırıcı xarakter daşımalı, həyata keçirilən təbliğat-təşviqat tədbirlərinin səmərəliliyi əvvəlcədən ciddi nəzərə alınmalıdır. İlk növbədə, şagird ona yüksək dəyər və keyfiyyətlər təbliğ edən müəllimə, rəhbər işçiyə inanmalı, onu nümunə kimi qəbul etməlidir. Çünki həyati təcrübə də göstərir ki, tələb edən tələb etdiyinə özü riayət etməzsə, onun təbliğatının qarşı tərəfə effektli təsiri olmur.  

 

Diqqətdə belə bir məsələni də saxlamaq lazımdır ki, uşaqlara təlqin olunan mənəvi dəyərlərlə həyatda baş verən hadisələr arasında bəzi uyğunsuzluqların müşahidə edilməsi onlarda inamsızlıq yarada, dünyagörüşlərinə mənfi izlər sala bilər. Məsələn, bəzi telekanallarda heç bir sosial-ictimai, tərbiyəvi əhəmiyyət kəsb etməyən bayağı şouların nümayişi, zərərli dini ideyalar yayan insanların və kitabların mövcudluğu, bir sıra şəxslərin qazanclarına rəğmən təmtəraqlı həyat tərzi keçirməsi, proteksiya yolu ilə orduda xidmətdən yayınma cəhdləri, yaxud bugünümüzün reallıqları ilə uzlaşmayan məlumatların sosial şəbəkələrdə özünə yer tapması və sair bu kimi faktlar uşaqlara heç də təsirsiz ötüşmür. Həm də əgər nəzərə alsaq ki, uşaqlar savad, intellekt, dünyagörüş, həyata baxış cəhətdən fərqli ailələrdə yaşayır və müxtəlif mikromühitlərdə böyüyürlər, bu zaman məsələnin ciddiliyi daha aydın görünür. Belə olan halda, məktəbin qabaqlayıcı, tənzimləyici, korreksiyaedici funksiyası, pedaqoji kollektivin peşəkarlığı vacib amil kimi meydana çıxır. Bu məqamlarda, əlbəttə, istifadə edilən pedaqoji üsul və yanaşmaların düzgün seçilməsi mühüm əhəmiyyət daşıyır və həyatda hələ bərkdən-boşdan çıxmamış uşaqlara əsl həqiqət, yəni bu kimi halların müvəqqəti xarakterdə olması, dövlətimizin həmin yabançı faktlara qarşı ciddi mübarizə aparması, mənəvi zənginliyin hər şeydən üstün tutulması inandırıcı dəlillərlə izah edilməlidir.

 

Hesab edirik ki, problemin vacibliyini nəzərə alaraq, məktəblərimizdə ideoloji xarakterli tədbirlərin  nəticə  etibarı ilə keyfiyyətinin təmin olunması məqsədilə səmərəli iş sisteminin  qurulması və bu tədbirlərin ayrıca bölmə kimi müəssisənin  fəaliyyət planına daxil edilməsi məqsədəmüvafiq olardı.

 

Ümumiyyətlə isə, azərbaycançılıq məfkurəsinin ulu öndər tərəfindən  müəyyənləşdirilmiş ideya istiqamətlərini rəhbər tutaraq, məktəblərdə yaş səviyyələri nəzərə alınmaqla uşaq  və yeniyetmələrin ideoloji tərbiyəsi yönümündə həyata keçirilməsi zəruri sayılan işləri, əsasən, aşağıdakı kimi təsnif etmək olar:

 

* Uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi, sosial hadisələrə, əldə olunan nailiyyətlərə obyektiv münasibətin yaradılması.

 

Burada uşaqların diqqəti davamlı olaraq ölkədə cənab Prezidentin rəhbərliyi ilə aparılan quruculuq işlərinə, xüsusilə, ordu quruculuğuna, iqtisadi inkişafa və onun real nəticələrinə, vətəndaşların rifah halının yüksəlməsinə, o cümlədən məcburi köçkün soydaşlarımızın sosial müdafiəsi ilə bağlı görülən tədbirlərə, dövlət başçımızın məqsədyönlü daxili və xarici siyasətinin uğurlarına, işğal olunmuş torpaqlarımızın azad edilməsi sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərə, Azərbaycanın regionda lider dövlətə çevrilməsinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının parlaq təzahürü kimi, Azərbaycanın 2011-ci ildə 155 dövlətin səsini toplayaraq 2 il müddətinə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə, ölkəmizin beynəlxalq səviyyəli idman yarışlarına, müsabiqələrə, siyasi tədbirlərə ev sahibliyi etməsinə, eləcə də digər nailiyyətlərə  yönəldilməlidir ki, onlar bütün bu məsələlər haqqında zəruri məlumatlar əldə etməklə maariflənə bilsinlər. Çünki məlumatsızlıq uşaqlarda biganəlik və laqeydlik halları yarada bilər ki, bu da onların vətəndaşlıq tərbiyəsində boşluqların əmələ gəlməsi ilə nəticələnər.

 

* Milli özünüdərk və milli iftixar hissinin, milli düşüncə və milli təfəkkürün  formalaşdırılması.

 

Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti,  ədəbiyyatı və incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, Azərbaycanın dövlət rəmzləri bu məsələnin uşaqlara aşılanmasında müstəsna əhəmiyyət kəsb edir. Elmi-tarixi, ədəbi-bədii materialların  zənginliyi fonunda müəllimlərin pedaqoji ustalığı ondan ibarət olmalıdır ki, onlar şagirdlərin  şüuruna, dünyagörüşünə, hissiyyatlarına təsir edə biləcək nümunələr əsasında müvafiq  izahat işi aparsınlar,  elə sistemli tədbirlər həyata keçirsinlər ki, bunlar onların qəlbində ən ülvi duyğular oyatsın. Əlbəttə, ictimai-humanitar fənlərin tədrisi həmin işlərdə mühüm rol oynayır, lakin proqram materialları ilə  kifayətlənmək düzgün olmazdı. Azərbaycanın zəngin ana dili, flora-faunası, mədəniyyət abidələri, görkəmli tarixi və ədəbi şəxsiyyətləri, milli-mənəvi dəyərləri, xalqımızın mentaliteti uşaqlarda milli iftixar hissinin, milli təfəkkürün inkişaf etdirilməsi üçün əvəzsiz mənbədir. Yəqin, elə bir azərbaycanlı, Azərbaycan vətəndaşı tapılmaz ki, bir əsr bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olması ilə, eləcə də bugünkü müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısında ölçüyəgəlməz misilsiz xidmətləri ilə, həmçinin Ermənistanın məkrli işğalçı qüvvələrinə qarşı döyüş bölgələrində müstəsna qəhrəmanlıq göstərən və bu yolda şəhid, qazi olmuş əsgərlərimizlə, rəşadətli ordumuzun Lələtəpə vuruşlarında möhtəşəm tarixi qələbəsi ilə, dövlətimizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli göstərişinə əsasən, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası və bununla da doğma torpaqlarımıza “böyük qayıdış”ın başlanması ilə fəxr etməsin. Elə bir soydaşımız olmaz ki, cənab Prezidentin Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır sözləri onun qəlbində hədsiz sevinc, yüksək qürur hissi və dövlətimizin qüdrətinə böyük inam oyatmasın. Yaxşı olardı ki, bu hissləri, vətənpərvərlik duyğularını daha da qüvvətləndirmək üçün yaşadıqları məntəqənin tarix və coğrafiyasının, flora-faunasının, tarixi abidələrinin, özünəməxsus adət-ənənələrinin, tanınmış və nüfuzlu insanlarının həyat yolunun, folklor nümunələrinin şagirdlər tərəfindən öyrənilməsi təşkil edilsin. Çünki bəzən bir ağac, bir çiçək, yaxud bir abidə, bir şəxsiyyət də insanda milli qürur yaranmasına  yetərli olur. 

 

* Milli-mənəvi dəyərlərin, o cümlədən islam dəyərlərinin, sağlam həyat tərzinin  üstün tutulması, ümumbəşəri və multikultural dəyərlərə hörmət aşılanması.

 

Belə bir məşhur ifadə var ki, keçmişini unutsan gələcək səni topa tutar”. Xalqımızın uzun əsrlərdən bəri yaradıb formalaşdırdığı  və nəsillərə ərməğan etdiyi milli-mənəvi  dəyərlər - ailə namusu və etikası, soykökünə və torpağa bağlılıq, Vətən sevgisi imandandır” ideyasına sadiqlik, böyük-kiçiyə hörmət və ehtiram, sözübütövlük, mərdlik, ədalətlilik və sair bu kimi keyfiyyətlər, sözün əsl mənasında, mənəvi sərvətdir. Həmin sərvəti  qorumaq, mühafizə etmək və hər kəsin həyat idealına çevirmək vətəndaşlıq borcudur və bu iş məhz uşağın erkən yaş dövründən, məktəbə qədəm basdığı andan başlanmalıdır. Bu məsələnin reallaşdırılması üçün istənilən qədər həyati hadisələr, şəxsi nümunələr  vardır. Bu keyfiyyətlərin təbliğində bədii əsərlər, ədəbi qəhrəmanlar, eləcə də görkəmli şəxsiyyətlərin ibrətamiz ömür yolu müstəsna rola malikdir. Nəzərə alsaq ki, bu gün ayrı-ayrı kütləvi  informasiya vasitələrində, müxtəlif sayt və kanallarda mentalitetimizə yad elementlərin yer alması uşaqlarda çaşqınlıq və onları düzgün yoldan sapdırma ehtimalı yarada bilər, o zaman məsələnin nə qədər ciddi mahiyyət daşıması  göz önündədir. Təbii ki, bu  istiqamətdə  nəzərdə  tutulan işlər ailələrlə sıx əməkdaşlıq şəraitində aparılmalıdır. Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun məşhur “Əsrə bərabər gün”  romanında gözəl bir fikir vardır:  İnsanın başqaları üçün görə biləcəyi ən yaxşı iş öz ailəsində ləyaqətli övladlar tərbiyə etməkdir”. Heç şübhəsiz, bu fikri geniş mənada məktəbin fəaliyyətinə də şamil etmək mümkündür.

 

Uşaqların sağlam həyat tərzinə istiqamətləndirilməsi də bugünümüzün aktual problemlərindən biridir. Həmişə deyirlər ki, “Sağlam bədəndə sağlam ruh olar”.  Bu, həqiqətdir. Həm də bu deyim fiziki sağlamlıqdan çox mənəvi sağlamlığa aiddir. Əgər milli mentalitetə malik, milli ruhlu vətəndaşdan danışırıqsa, sağlam həyat tərzini həyati normaya çevirə bilməyən, zərərli dini təbliğata, xurafata uyan kəs bütöv şəxsiyyət ola bilməz. Cəmiyyətimizdə, nə qədər mübarizə aparılsa da,  çox təəssüf ki, alkoqollu içkilərə, narkotik vasitələrə meyilli insanlar, bu yabançı vərdişlərə aludə olanlar, həmçinin din pərdəsi altında adamların şüurunu korlayan və zəiflədənlər hələ də vardır. Belə şəxsləri uşaqlar da görür və iradəcə zəiflər onların təsiri altına da düşə bilər. Ona görə də uşaqlara sağlam həyat tərzinin təbliği, bu istiqamətdə aidiyyəti təşkilatlarla birgə  müntəzəm tədbirlərin və layihələrin keçirilməsi məktəblərdə aparılan tərbiyə işlərinin mühüm tərkib hissəsinə çevrilməlidir.

 

İdeoloji işin təşkili, uşaqların tərbiyəsi ilə bağlı məsələlərdə bir məqam da önəmli xarakter daşıyır. Bu, onların milli dəyərlərlə yanaşı, ümumbəşəri, multikultural dəyərlərə hörmət ruhunda tərbiyə olunmasıdır.

 

Məlumdur ki, cənab Prezidentin sərəncamı ilə Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilmişdi. Bunların məna və mahiyyətini şagirdlər dərindən dərk etməlidirlər. Fərqli dinlərə, mədəniyyətlərə, dünyagörüşlərə dözümlü, tolerant münasibətin ümumbəşəri dəyər olduğunun, İslam dininin sülh və humanizm, bərabərlik və həmrəylik dini olmasının şagirdlərə konkret faktlar əsasında aşılanması onların şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bunun başqa bir müsbət  cəhəti də vardır. Belə ruhda tərbiyə almayan uşaq hətta fərqli düşünən, fərqli təfəkkür tərzinə və həyat şəraitinə malik öz soydaşına, yoldaşına, həmkarına da dözümlü münasibət bəsləməyə bilər.

 

* Cəmiyyətdə öz mövqeyinin və məsuliyyətinin dərk edilməsi.

 

Ulu öndər Heydər Əliyev gənclərə müraciətində deyirdi ki, “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərdənsiniz”.

 

Ümummilli liderimizin uşaq və gənclərimizə yüksək inam və məhəbbət ifadə edən konseptual istiqamətli bu fikri ilə ümumtəhsil məktəblərində təhsil alan hər bir şagirdin gələcək həyat yolunun obyektiv müəyyənləşdirilməsi baxımından təhsil işçiləri qarşısında  vacib vəzifə qoyulur. Məktəblərimizdə bir sıra hallarda bu mühüm məsələyə etinasızlıq göstərilməsi real faktdır. Ümumi təhsilini bitirdikdən sonra hər bir uşağın cəmiyyətdə öz yerini tapa bilməsi, həyatda, necə deyərlər, “artıq adama” çevrilməməsi hamını düşündürməlidir. Uşağın öz gələcək taleyinə məsuliyyət hissi ilə yanaşmasını təmin etmək, uşaqlarda hələ  erkən yaşdan başlayaraq məsuliyyət mədəniyyəti formalaşdırmaq məktəb təhsilində prioritet siyasət kimi qəbul olunmalıdır.

 

Bəzən, müəyyən uşaqların təhsil almağa marağının olmaması, yaxud zəif oxumaları əsas gətirilərək onlara diqqət yetirilmir, belə uşaqlara, yumşaq desək, hörmətlə yanaşmırlar. Bu, pedaqoji nöqteyi-nəzərdən tamamilə yanlış münasibətdir. Hər bir uşaqda istedad, qabiliyyət rüşeymi mövcuddur, sadəcə olaraq həmin cəhətləri görə bilmək, görüb qiymətləndirmək, inkişaf etdirmək, onlarda öz potensial imkanlarına inam yaratmağı  bacarmaq lazımdır.

 

* İntellektual səviyyənin yüksəldilməsi.

 

Uşaqların intellektlərinin inkişafını, heç şübhəsiz,  onlara yalnız fənlər üzrə proqram  materialları çərçivəsində müəyyən biliklərin verilməsi ilə məhdudlaşdırmaq məsələyə birtərəfli yanaşmaq deməkdir. Uşaqların əldə etdikləri bilikləri tətbiq, sosial-ictimai hadisələri təhlil etməyə, bunlar arasında müqayisələr, paralellər aparmaqla müstəqil nəticə çıxarmağa, tədqiqat xarakterli yaradıcı işlərə, layihələrdə iştiraka cəlb olunması onların dünyagörüşünün genişlənməsinə, səviyyə artımına etibarlı zəmin yaradan amillərdəndir. İntellektin inkişafına mütaliə, incəsənət əsərləri ilə tanışlıq, teatr tamaşaları, tanınmış şəxsiyyətlərlə görüşlər, ekskursiyalar da əsaslı şəkildə müsbət təsir göstərir. Xüsusilə, uşaqların bədii, elmi-kütləvi əsərlərin mütaliəsinə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ciddi əhəmiyyət kəsb edir. Son dövrlərdə uşaqların kitaba, mütaliəyə marağının azalması reallıqdır və bu, narahatlıq doğurmaya bilməz. Çox oxuyan yox, çox gəzən çox bilər” məsəli, hesab edirik ki, müasir tələbatla o qədər də uzlaşmır. Məşhur filosof Sokratın fikridir ki, “Mütaliə bir cəmiyyətin vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar”.

 

 

Konkret faktlar məlumdur ki, az savadlı, dünyagörüşü məhdud, onu əhatə edən hadisələrin mahiyyətindən baş çıxarmayan insanları destruktiv xislətli qüvvələr daha tez təsir altına alır və onlardan öz məqsədləri üçün istifadə edirlər.

 

Əlbəttə, bir yazıda uşaq və yeniyetmələrlə görülməsi zəruri olan ideoloji işin bütün aspektlərini əhatə etmək imkan xaricindədir. Məqalədə qeyd olunan məsələlərə yaradıcı yanaşmaq, onların ətrafında müzakirələr aparmaq və yeni təkliflər irəli sürmək məqsədəmüvafiq olardı. Bütün bunlarla əlaqədar ideoloji sahədə ümumi məqsədimizi,  vəzifələrimizi və fəaliyyətimizin konsepsiyasını müəyyən edən ulu öndərimizin biz təhsil işçilərinə ünvanladığı bu müdrik fikirləri daim yaddaşımızda səslənməlidir: “Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü Vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək”.  

 

Aydın ƏHMƏDOV,

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri, Əməkdar müəllim