ADPU-da elmi-praktik konfrans


Fevralın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqoji kadr hazırlığına sinergetik yanaşma” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil İnstitutunun və ali təhsil müəssisələrinin alim-mütəxəssisləri iştirak ediblər.

Respublika konfransını giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda ölkə Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən təhsil islahatlarının əsas məqsədi təhsil sistemimizin dünyanın inkişaf etmiş ölkələrinin təhsil səviyyəsinə uyğunlaşdırılmasıdır. Ölkəmizdə pedaqoji kadr hazırlığına böyük diqqət yetirilir. Hazırda tədqiqat universitetinə çevrilmək istiqamətində işlər həyata keçirilir. Biz ADPU-nun tədqiqat universiteti kimi formalaşması üçün bütün imkanlarımızdan istifadə etməliyik. Bu konfransın keçirilməsi elmi-tədqiqatların həm də sinergetika istiqamətinə yönəldilməsinə xidmət edir. Professor Asəf Zamanov konfransın mahiyyətini və əhəmiyyətini vurğulayaraq sinergetikanın bir elm sahəsi kimi tarixindən söz açdı: canlı və cansız sistemlərin özünütəşkili haqqında elm olaraq sinergetika XX yüzilliyin 70-ci illərindən formalaşmağa başlayıb. Sinergetikanın meydana çıxması fizika və biologiyanın həll etməyə çalışdığı problem ilə əlaqədar idi. Həmin dövrdə fizika iddia edirdi ki, təbiətdə təkamül nizamdan xaosa doğru gedir. Biologiya isə təkamülün xaosdan nizama doğru getdiyini iddia edirdi. Lakin bu iki fikir ayrılığını, aradakı paradoksu sinergetika həll etməyi bacardı. Asəf müəllim sinergetika üzrə formalaşmış alman alimi German Hakenin əsasını qoyduğu Ştutqart məktəbi və kimya üzrə Nobel mükafatçısı Ulya Priqojenin əsasını qoyduğu Brüssel məktəbi, həmçinin rus alimlərindən akademik Aleksandr  Samarskinin riyazi modellər və hesablama eksperimenti əsasında yaradılmış özünütəşkil nəzəriyyəsi, akademik Vladimir Arnoldun katastroflar nəzəriyyəsi barədə məlumat verdi.

Professor Asəf Zamanov bir sıra tədqiqatçıların elmi nəticələrini əsas götürərək tədris prosesinə sinergetikanın üç istiqamət üzrə daxil edilməsinin məqsədəuyğunluğu (sinergetika təhsil üçün, sinergetika təhsildə və təhsilin sinergetikası), son zamanlar bütün elm sahələrində, o cümlədən sosiologiyada, pedaqogikada sinergetikanın önəmli yer tutması, məhz buna görə də pedaqogikada sinergetika, sinergetik yanaşma anlayışlarından tez-tez istifadə olunmasını diqqətə çəkdi. İnteqrativ təlimə xüsusi pedaqoji texnologiyalardan biri olaraq yanaşıldığı kimi artıq sinergetik təlimə də xüsusi pedaqoji texnologiyalardan biri kimi yanaşılmalıdır.

Konfransın plenar iclasında sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxış edərək pedaqoji kadr hazırlığına sinergetik yanaşmanı yeni bir yanaşma və metodologiya kimi qiymətləndirərək, onun sağlam təhsil mühitinin formalaşmasına müsbət təsir göstərdiyini vurğulayıblar. Çıxış edənlər bu mövzuda konfransın keçirilməsini yüksək qiymətləndiriblər.

Konfransın plenar iclasında dosent Amaliya Həsənovanın “Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili” və Günay Nəzərlinin “Pedaqoji sinergetikanın elmi-nəzəri istiqamətləri” mövzusunda məruzələri dinlənilib.

Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın 3 bölmədə keçirilən iclaslarında ümumilikdə 66 məruzə dinlənilərək müzakirə edilib.

Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərar qəbul edilib.