Sumqayıtda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib


Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin  95 illik yubileyinə həsr olunan "Azərbaycanda gənclər və elm siyasəti: ənənəviliyin və müasirliyin harmoniyası" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbiri açan Sumqayıt Şəhər İcra Hakimyyəti başçısının müavini Teymur Səmədov dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbirin Sumqayıtda keçirilməsinin əlamətdar olduğunu söyləyib. Onun sözlərinə görə, ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə sürətlə və uğurla inkişaf edən şəhərlərdən biri də Sumqayıt olub. "Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir".

 

Sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov qeyd edib ki, AMEA-nın fəaliyyətinin çox hissəsi, daha doğrusu Akademiyanın çiçəklənmə dövrü ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlə üst-üstə düşür. Natiq vurğulayıb ki, ölkəmizdə hüquqi dövlətin şanlı tarixini yaradan Heydər Əliyev 70-ci illərdən başlayaraq Akademiyaya xüsusi diqqət göstərib, Azərbaycan elminə  dünya şöhrəti qazandırıb.

 

Sonra Sumqayıt Dövlət Universitetinin müəllimi, tarix üzrə fələsəfə doktoru Günay Şükürova "Heydər Əliyev və Azərbaycanda təhsilin milliləşdirmə strategiyası", Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və Konstitutsiya hüququ” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru Nəsib Şükürov "Heydər Əliyev və hüquqi islahatlar", AMEA Qafqazşünaslıq İnstitutunun doktorantı Yeganə Baxşıyeva "Heydər Əliyev və Qafqazda sülh prosesi" və AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsən "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzularında məruzələr ediblər.

 

Çıxışlardan sonra geniş müzakirələr aparılıb.