Sənəddə tələbələrə iş imkanlarının yaradılması da nəzərdə tutulub


Bakı Ali Neft Məktəbində (BANM) Kompleks Qazma İşləri Trestinin (KQİT) müdiri ilə Ali Məktəbin 4-cü və 5-ci kurs tələbələri arasında görüş keçirilıb.

 

Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə BANM arasında yaranmış əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, bundan hər iki müəssisə yararlanacaq.  

 

Həyatının böyük hissəsini qazma işlərinə sərf edən Trestin müdiri İskəndər Şirəli öncə tələbələrə öz həyat təcrübəsindən danışıb. Sonra O, Trestin strukturu, orada fəaliyyət göstərən şöbələrin iş prinsipi, gələcək planları, qazılmaqda olan və qazılması planlaşdırılan yataqlar və buradakı dünya standartlarına cavab verən maddi-texniki baza və avadanlıqlar haqqında məlumat verib. Hazırda Trestin geoloq, qazmaçı, mexanik kimi mütəxəssislərə böyük ehtiyacı olduğunu bildirən Trest rəhbəri həmin vakant yerlərdə BANM-ın bu il məzun olacaq tələbələrini görmək istədiyini vurğulayıb.   

     

Daha sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın şərtlərinə əsasən  BANM KQİT-ni müxtəlif vəsaitlərlə (ingilis dilli ədəbiyyat, audio və video materiallar, kitabxanaya giriş, BANM-ın müəllimləri tərəfindən təlimlər və sair) təmin edəcək. Razılaşmada, həmçinin, KQİT-nin bəzi mütəxəssislərinin müəllim kimi tədris proqramına cəlb edilməsi, eyni zamanda BANM-ın tələbələrinin KQİT-nin iş sahələrində istehsalat təcrübəsi keçmələri və onlar üçün iş imkanlarının yaradılması, yay təcrübə proqramlarının təşkil olunması məsələləri yer alıb.

               

Tədbir zamanı Ali Məktəbin rektoru Elmar Qasımov KQİT-nin müdiri İskəndər Şirəlini “BANM-ın Fəxri Qonağı”  diplomu ilə təltif edib.

                   

Görüşdə İskəndər Şirəli tələbələri maraqlandıran sualları cavablandırıb.

                   

Görüşdən dərhal sonra KQİT-nin məsul əməkdaşları Trestdə istehsalat təcrübə proqramına qoşulmaq istəyən 4-cü kurs tələbələri və həmçinin, burada çalışmaq istəyən 5-ci kurs tələbələrinin qeydiyyatını apararaq növbəti mərhələ üçün  hazırlıq işlərini görüblər.

           

Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz əraziləri üzrə SOCAR-a məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə axtarış-kəşfiyyat və istismar-qazma işlərini aparır.