Tələbələrin yaradıcılıq nümunələri Naxçıvan Dövlət Universitetinin instaqram səhifəsində yerləşdirilib


Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev yolu Azərbaycanın əbədi müstəqillik yoludur” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub.

 

Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş müsabiqəni yüksək qiymətləndirərək qeyd edib ki, ulu öndər Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Vurğulanıb ki, milli dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələri Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə yazılıb. Diqqətə çatdırılıb ki, keçirilən müsabiqələrin əsas məqsədi tələbə-gəncləri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək, həmçinin ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq  qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. 

 

Qeyd edək ki, tələbələrin  yaradıcılıq nümunələri Naxçıvan Dövlət Universitetinin instaqram səhifəsində yerləşdirilmək üçün müsabiqəyə təqdim olunub. Ümumilikdə, müsabiqəyə 13 yaradıcı iş buraxılıb.  Peşəkar münsiflərin rəyinə əsasən instrumental ifaçılıq üzrə II kurs magistr Aysel Eminli müsabiqənin qalibi olub.  “Tarix müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Günel Həsənova II, “Riyaziyyat-informatika müəllimliyi”  ixtisası üzrə IV kurs tələbəsi Qızıllı Mehdiyeva isə III olub. Qeyd edək ki, yerdə qalan 10 yaradıcılıq nümunəsi də mükafatlandırılıb.

 

Qaliblərə Naxçıvan Dövlət Universitetinin diplomu və pul mükafatı təqdim olunub. Sonda müsabiqənin qalibi olmuş nümunə səsləndirilib.