Sentyabrın 11-12-də Bakıda baş tutacaq “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub


Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) sentyabrın 11-i və 12-də Bakıda baş tutacaq “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın təşkilat komitəsinin ikinci iclası keçirilib.

 

İclası giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı iştirakçılara konfransın  qarşısında duran məqsədlərdən danışıb, həmçinin müzakirə olunacaq mövzuların əhəmiyyəti, dəvət olunacaq qonaqlar, çıxışlar və digər görüləcək işlər haqqında məlumat verib.  Daha sonra konfransın gündəliyində duran məsələlər müzakirə olunub.  Konfransın yekun nəticəsindən asılı olaraq onun davamlı olaraq keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

 

Konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışan millət vəkili Məlahət İbrahimqızı konfransın beynəlxalq miqyasda tanıdılmasının önəmini vurğulayıb və tədbirə xarici ölkələrdən nüfuzlu mütəxəssislərin cəlb olunmasının energetikanın qlobal problemlərinə öz töhvəsini verəcəyinə inandığını bildirib.

 

İclasın gedişində elmi, təşkilati, maliyyə və digər məsələlər ətrafında müzakirələr aparılıb. Konfransın proqram layihəsi ilə əlaqədar  fikirlər dinlənilib.