Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı ulu öndərin yaşadığı şərəfli ömür yolu, müxtəlif dövrlərdəki fəaliyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin 1939-1941-ci illərdə Azİİ-də (ADNSU) təhsil aldığını qeyd edən rektor Mustafa Babanlı onun gənclik illərindən başlayaraq yüksək vəzifələrdə çalışdığını vurğulayıb. Rektor Mustafa Babanlı ulu öndər Heydər Əliyevin SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə ölkəmizin böyük inkişaf yolu keçdiyini qeyd edib. Heydər Əliyevin elmə, təhsilə hər zaman böyük diqqət ayırdığını deyən rektor, professor M.Babanlı onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə minlərlə gəncin xaricdə təhsil alaraq yüksək ixtisaslı mütəxəssis kimi vətənə qayıtdığını bildirib.

 

Millət vəkili Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdanda  Azərbaycanın vətəndaş müharibəsi ərəfəsində olduğunu bildirən millət vəkili Məlahət İbrahimqızı ulu öndərin uzaqgörən siyasəti sayəsində ölkəmizin parçalanmaq təhlükəsindən xilas olduğunu qeyd edib. Ulu öndərin bütün dünyada böyük nüfuza malik siyasi xadim kimi tanındığını deyən  Məlahət İbrahimqızı onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

 

Sonda ADNSU-nun Yeni Azərbaycan Partiyasına üzv olan bir qrup tələbə və əməkdaşına partiya biletləri təqdim olunub.