Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib.

 

Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbirlərdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki,ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.

 

Tədbirlərdə çıxış edənlər ulu öndərin irsinin dərindən və hərtərəfli öyrənilməsinin əhəmiyyətindan danışıb, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müstəqil Azərbaycan xalqının qurucusu Heydər Əliyevin daim qəlblərdə yaşayacağını vurğulayıblar.

 

“Sən elə bir zirvəsən”, “Heydər Əliyev və müasir Azərbaycan tarixi”, “Dahi rəhbər”, “Mən azərbaycanlıyam!”, “Qəlblərdə yaşayan lider”, “Mənalı ömrün izi ilə”, “Dahilər heç vaxt unudulmur”, “Azərbaycan xalqının ən böyük sərvəti”, “Şəxsiyyətin zirvəsi” adlı tədbirlərdə şagirdlər müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Tədbirlərdə şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub. Həmçinin, fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər də nümayiş olunub.        

 

Bir sıra paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri də təşkil olunub.