Ənənəyə çevrilən “Ən yaxşı təqdimat” müsabiqəsi


Heydər Əliyev Mərkəzində o gün də böyük qələbəlik vardı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə təşkil olunan və artıq ənənəyə çevrilən tədbirlərdən biri gerçəkləşirdi. “Ən yaxşı təqdimat” müsabiqəsi qalibləri mükafatlandırılacaqdı. Mərasimə ev sahibliyini bu dəfə Heydər Əliyev Mərkəzi öz üzərinə götürüb. Xatırladaq ki, indiyədək bu tədbir “Gülüstan” sarayında keçirilirdi.

 

Ən yaxşı təqdimat belə olmalıdır

 

Artıq 3-cü ildir ki, IX-XI sinif şagirdləri ulu öndərlə bağlı düşüncələrini, arzularını məhz bu müsabiqədə ifadə edirlər. Düz 3 ildir ki, iqtisadi cəhətdən inkişaf etmiş mərkəzi şəhərlərdə yerləşən ən nüfuzlu məktəblərdən tutmuş ucqar kəndlərdəki kiçik məktəblərə qədər hər yerdən məktəblilər dahi şəxsiyyətlə bağlı ürək sözlərini ədəbi-bədii dillə ifadə,  hər biri öz tərzində təqdim edirlər. Onlar üçün qəlblərində bəslədikləri sevgidən danışmaq heç də çətin deyil. Ancaq üzərində düşünməli olduqları bir məqam var: hər kəsin sevdiyi lider barədə nə desinlər ki, fərqlənsinlər. Necə desinlər ki, daxillərində bəslədiyi böyük hissi düzgün ifadə edə bilsinlər?

 

Bunun üçün müsabiqənin şərtləri onlara əlavə imkanlar verib. Həmin şərtlərə görə, şagird 10 dəqiqə vaxt ərzində Heydər Əliyevin zəngin fəaliyyəti haqqında dolğun və əhatəli informasiyaya malik olduğunu göstərməlidir. Özü də bunu maraqlı formada etməlidir. Təbii ki, təqdimatçının sərbəstliyi, nitqinin səlistliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi çox önəmlidir. İrəli sürdüyü fikirləri faktlarla əsaslandırmalı, söylədiklərinin təsir gücünü artırmaq üçün ədəbi-bədii nümunələrdən də istifadə etməli, ümummilli liderin fikirlərinə istinad etməli, ondan sitatlar gətirməlidir. Bunu bacarsa, həmin məktəbli ən yaxşı təqdimatın müəllifinə çevrilir. Öncə seçilir, sonra Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılır. Sözsüz ki, bu dəfə də belə olacaq.

 

Heydər Əliyevin zəngin irsini öyrədən ən yaxşı yol

 

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin Dövlət himninin ifası ilə başladı.

 

Təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərindən danışdı.Təhsil sahəsində səmərəli proqram və layihələrin ulu öndərdən sonrakı mərhələdə də həyata keçirildiyini vurğuladı. C.Bayramov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılan tədbirləri xüsusi qeyd etdi. Nazir çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğısına toxundu. Təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırlatdı.

 

Nazir ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, genişmiqyaslı fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin gənc nəsil tərəfindən öyrənilməsi baxımından böyük əhəmiyyətini vurğulayaraq, müsabiqə qaliblərini qazandıqları uğur münasibəti ilə təbrik etdi.

 

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək artıq ənənə halını almış müsabiqənin gənclərin siyasi təfəkkürünün formalaşmasında, onların vətənpərvər ruhda böyümələrində müstəsna rol oynadığını bildirdi.  Ə.Əhmədov son illərdə Azərbaycanda təhsil sahəsində çox böyük irəliləyişlər əldə edildiyini diqqətə çatdıraraq, aparılan islahatların gələcəkdə ölkəmizin inkişafı üçün daha etibarlı əsasların qurulması baxımından geniş meydan açacağına əminliyini ifadə etdi.

 

Daha sonra çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov müsabiqənin əhəmiyyətini vurğuladı. Təşkilatçılardan olan Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən danışan A.Ələkbərov bildirdi ki, Fond ölkəmizin tərəqqisi və xalqımızın rifahına xidmət edən genişmiqyaslı layihələr həyata keçirərək ümummilli lider Heydər Əliyevin ideyalarını davam etdirir. Bugünkü müsabiqə Azərbaycan gəncliyinin ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərini, onun müəllifi olduğu dövlət quruculuğu konsepsiyasını dərindən öyrənməyə böyük maraq göstərdiyinin bariz nümunəsidir.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ulu öndərin ölkəmizə rəhbərlik etdiyi vaxtda Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində mühüm addımlar atıldığını vurğuladı. Azərbaycan təhsilinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən nazir ölkəmizdə innovasiya sahələrinin inkişafı üçün bir çox startap layihəsinə qrantlar ayrıldığını, onların da xeyli hissəsini gənclərin təşəbbüslərinin təşkil etdiyini dedi.

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev ölkəmizdə gənclərin inkişafı, intellektual səviyyələri, kadrların yetişdirilməsi, istedadlı uşaq və gənclərin aşkarlanması, onların potensialının inkişaf etdirilməsinin hər zaman diqqət mərkəzində olduğunu bildirdi. Eyni zamanda ölkəmizin təhsil sisteminin qabaqcıl ölkələrin təhsil mühitinə inteqrasiya olunması üçün geniş imkanlar açıldığını, istedadlı gənclərə diqqət və qayğının artırıldığını qeyd etdi.

 

Seçilib mükafatlandırılanlar

 

Hər təqdimat Heydər Əliyevlə bağlı kiçik ürəklərdə bəslənən böyük sevgidən xəbər verir. Odur ki, onların hər biri qiymətlidir. Ancaq ölkə üzrə cəmi 65 müəllifin təqdimatı mükafata layiq görüldü. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olundu. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim edildi.

 

Hədiyyələr sadəcə dövlət qurumları və ictimai-siyasi təşkilatlardan deyildi. Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdləri də öz ifaları ilə qalibləri və onların sevincinə şərik olan qonaqlarını sevindirdilər.

 

Bir müsabiqə də arxada qaldı

 

Beləliklə, Heydər Əliyev Mərkəzində baş tutan sayca üçüncü “Ən yaxşı təqdimat” müsabiqəsinin də qalibləri bəlli oldu. Ulu öndərə olan sevgisi qəlbindən süzülüb dilinə gələn 65 məktəbli  unudulmaz bir gün yaşadı. Təkcə birinci yerə layiq görülən 8 nəfərdən 5-nin kənd məktəblərindən, hətta rayon mərkəzindən 30 kilometrədək uzaqlıqda yerləşən təhsil müəssisələrindən seçildiyini nəzərə alsaq, müsabiqənin miqyasını və əhəmiyyətini, şəffaflığını və ədalətliliyini təsəvvür etmək daha asan olar.

 

Ruhiyyə DAŞSALAHLI